Ukraynada hadisələr gərgin olaraq qalmaqda davam edir.
Ölkənin şərqinə mərkəzi hökumət nəzarət etməyə çalışır. Mərkəzin
özündə siyasi savaşlar hələ də davam edir. Ölkədə Rusiya təsirini
tam yığışdırmaq mümkün olmayıb. Bizim region üçün də önəmli olan
ölkəni daha dəqiq öyrənmək üçün "Espresso TV"nin məşhur jurnalisti
Ənvər Derkaça müraciət etdik.
- Yeni Ukraynadan bir az bəhs edə
bilərsinizmi?
- Ukrayna hazırda icraedici, qanunverici və məhkəmə hakimiyyəti
balanslaşdırılmamış vəziyyətindədir. Ölkədə Yanukoviç dövründə
vəzifədə olan kadrların əvəz olunması prosesi gedir. Sistem
müqavimət göstərir. Yanukoviçin qvardiyasında olan köhnə kadrlar
yeni rəhbərliyə çıxış axtararaq, danışıqlar aparmağa cəhd edirlər.
Maydanın tələblərindən biri olan məhkəmələrin təmizlənməsi həmin
qurumlarda olan zümrənin açıq sabotajları ucbatından hələ də
reallaşdırıla bilməyib. Həmçinin buna Radanın məntiqsiz fəaliyyəti
də şərait yaradıb. Yanukoviçin qaçmasından sonra məhkəmə sistemində
etibarlılığın bərpası haqqında qanunun qəbulu gözlənilən nəticələri
vermədi. Qanuna əsasən, ölkədəki bütün məhkəmə hakimləri
vəzifələrindən qovulmalı və yerlərinə yenilərini seçmək şansları
yaranmışdı. Əksər məhkəmələr öz iclaslarında keçmiş siyasi rejimin
qalıqları olan şəxsləri yenidən sədrliyə qaytardılar.
Xainlər Radada gizlənir
- Bəs Rada necə? Mən bildiyim qədərilə orada
xəyanətkarlar var.
- Rada yenidən formalaşır. Bir zamanlar Yanukoviçin
fraksiyasında olan deputatlar kütləvi şəkildə buranı tərk edirlər.
Onların arasında bəziləri öncələr açıq-aşkar, hazırda isə gizli
şəkildə, yeni oyun qaydalarınca Ukraynanın düşmənləridir. Məhz bu
şəxslər Rusiyanın ölkə üzərində nəzarətinin tərəfdarıdır. Məhz
onların sayəsində artilleriya və digər zirehli texnikaların
iştirakı ilə artıq bir neçə həftədir döyüşlərin getdiyi rayonlarda
hərbi vəziyyət elan olunması ilə bağlı qanun qəbul olunmur. Hərbi
vəziyyət isə Poroşenkoya müharibədən çıxmaq üçün bütün imkanları
vermiş olardı. Həmçinin separatçılara qarşı Silahlı Qüvvələrin tam
formada hərəkətə keçməsi üçün imkan yaradardı. Hələlik anti-terror
əməliyyatlarını bir zamanlar Maydana təzyiqlər edən DİN-in xüsusi
təyinatlıları və keçmiş maydançılardan təşkil olunmuş Milli
Qvardiya aparır.
- Bəs ukraynalılar Poroşenkonun Putinlə danışıqlarına
necə yanaşırlar?
- Poroşenko əla menecerdir. Lakin onun müharibə şəraitində
idarəçilik qabiliyyəti yoxdur. Bizim insanların əksəriyyəti hesab
edir ki, o, Putinə çox güvənir. O, hər dəfə Putinlə münaqişəni
sülhlə həll etməyə çalışması ilə bağlı danışanda sərhəddə ya bizim
əsgərlərə tərəf güllə atılır, ya da zirehli texnikalar sərhəddən
keçir. Bu situasiya ukraynalılar üçün başadüşülməzdir.
- Deyəsən, Ukrayna getdikcə süquta
uğrayır...
- Mən hər dəfə keçmiş hadisələri xatırlayarkən, cəbhədən geri
dönən könüllülərlə danışıram. Nədənsə hər dəfə azərbaycanlı
dostlarımın bir zamanlar mənə danışdıqları prezident Əbülfəz
Elçibəy hakimiyyətinin son ayları yadıma düşür. Bax, burada da
milli maraqlara qarşı hazırlanan bu formada genişmiqyaslı xəyanət
atmosferi var. Bu, Ukraynaya kiminsə kürəyindən zərbə vuracaq
hissidir. Cəbhədən qayıdan şəxslər açıq və ya gizli şəkildə DİN və
ordunun yüksək rütbəli zabitlərinin əməliyyatları pis
planlaşdırmasından danışırlar. Doğrudur, qeyri-peşəkarlığı
xəyanətdən fərqləndirmək çox çətindir. Amma yeni Ukrayna dövləti o
qədər də xoş olmayan müharibə aqressiyasının ortasında dünyaya
gəlir.