Respublikaçı Alternativ Hərəkatının (REAL) idarə heyətinin üzvü
Natiq Cəfərlinin geyzbuk səhifəsində yazdığı status böyük rezonansa
səbəb olub. Xatırladaq ki, Natiq Cəfərli yazdığı statusda Milli
Şuranın 22 sentyabr mitinqini tənqid etmişdi.
Natiq Cəfərlinin statusuna münasibət bildirən tanınmış jurnalist
Xədicə İsmayıl isə REAL-ı prezidentliyə namizədlərin imzatoplanma
mərasimində Ümid partiyasından 3000 imza almaqda suçlayıb və bunu
siyasi etikaya zidd adlandırıb.
Məsələ ilə bağlı REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli ilə
əlaqə yaratdıq. Natiq Cəfərli "Axar.az"a açıqlamasında Xədicə
İsmayılın ittihamlarını əsassız adlandırdı:
"Mən daha öncə də Xədicə İsmayılın bu iddasına cavab vermişdim.
Çox təəssüf edirəm ki, Xədicə xanım bir də bu mövzuya qayıtdı. Onu
da bildirim ki, imzatoplama vaxtı həm Aynur xanım, həm də Ruslan
İzzətli bizə öz köməklərini təklif etdilər. Onların hər ikisinin
İlqar Məmmədova böyük rəğbəti var və hər ikisi də İlqar Məmmədovun
rəhbərlik etdiyi "Siyasi biliklər" məktəbinin məzunlarıdır. REAL-a
da İlqar Məmmədovun namizədliyinin qeydə alınması və tez bir
zamanda həbsdən azad olunması üçün yardım ediblər. Bizə
göstərdikləri dəstəyə görə bir daha Ruslan bəyə və Aynur xanıma
təşəkkürümü bildirirəm. Xədicə İsmayılın ittihamı isə
anlaşılmazdır, çünki onlar bizə partiya funksioneri kimi yox, adi
fərd şəkilində yardım göstəriblər. Bu məsələ "Ümid"lə REAL arasında
əməkdaşlıq adlandırıla bilməz".
Məsələyə münasibət bildirən Ümid partiyasının sədr müavini Aynur
İmranova açıqlamasında Natiq Cəfərlinin fikirlərini təkzib etdi və
REAL-a köməyin İqbal Ağazadənin təklifi ilə baş tutduğunu
bildirdi:
"Biz REAL-a nə qədər və necə kömək etdiyimizi açıqlamaycağıq.
Sadəcə, bildirmək istəyirəm ki, burda fərdi Aynur İmranovanın
köməyinin qabardılmasının əleyhinəyəm. Siyasi təşkilatın rəhbəri
İqbal Ağazadədir. Və kömək təklifini o edib. Biz də partiyanın
siyasi qərarına uyğun olaraq fəaliyyət aparmışıq".
"Siyasi arenada rəqiblərimizin səviyyəli, etibarlı, demokrat
düşüncəli olmasını istədiyimiz üçün, REAL-ın imzatoplamaya gec
buraxıldığını onlara qarşı haqsızlıq kimi qiymətləndirdiyimiz üçün,
REAL-ın gələcəyinə inandığımız üçün, REAL sədrinin həbsdə olmasını
nəzərə alaraq digər namizədlərlə qeyri-bərabər vəziyyətə
salındığını, hakimiyyət tərəfindən repressiyalarla üzləşdiyini əsas
gətirərək onlara əlimizdən gələn qədər kömək etmək istəmişik. Başqa
siyasi təşkilatlardan fərqli olaraq, heç bir təmənnamız və pis
niyyətimiz olmayıb. Ayrıca kömək təklif edən digər siyasi
təşkilatların arasında yalnızca bizim köməyimizi qəbul etdikləri
üçün biz də təşəkkür edirik. Hesab edirik ki, çox gözəl və dəyərli
bir ənənənin başlanğıcını qoyduq. Müxalifətdəki siyasi təşkilatlar
həmişə bir-birinin ətini yeməli deyillər ki?! Bu niyə kimlərisə
narahat edir, anlamıram".