"Ermənistanın siyasəti nəticəsində bu status-kvo hələ də
davam edir".
Axar.az xəbər verir ki, bu sözləri bu gün Bakıda işə başlayan
ATƏT PA sessiyasının rəsmi açılış mərasimində Prezident İlham
Əliyev söylədi. Tədbirdə çıxış edən ölkə başçısı Azərbaycanın ən
ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə toxundu. Avropalı
qonaqlara Ermənistanın işğalçı niyyətini bir daha xatırladan ölkə
başçısı torpaqlarımızın 20 ildən artıq müddətdə işğal olunmasından
danışdı:
"BMT-nin qətnamələri var və bu qətnamələrdə tələb edilir ki,
Ermənistan Azərbaycanın ərazisini qyed-şərtsiz azad etməlidir.
Həmçinin ATƏT-in qərarları da var. Lissabon sammitinin qərarı da
bunu təsdiq edir. Fransa, ABŞ və Rusiya prezidentləri dəfələrlə
status-kvo sisteminin qəbuledilməz olduğunu deyiblər. Amma
Ermənistanın siyasəti nəticəsində bu status-kvo hələ də davam
edir".
Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv
seçilməsinə münasibət bildirən ölkə başçısı bunun bir uğur olduğunu
dilə gətirdi:
"Bizim ilk uğurlarımızdan biri 2 il yarım öncə oldu. Ölkəmiz BMT
üzvü olan ölkələrin əksəriyyətinin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü oldu. Hazırda biz indi Avropa Şurası
Nazirlər Komitəsinə sədrliyə başlamışıq. Hər zaman olduğu kimi indi
də biz ədalətli siyasətimizi davam etdirəcəyik".
Sessiya davam edir.