"Azərbaycanda
korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir.
Bunu əhali də görür, təqdirlə qarşılayır".
Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin
birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib. Dövlət başçısı
bəyan edib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində
köklü dəyişiklərə nail olunub: ""ASAN xidmət"in fəaliyyəti xüsusi
əhəmiyyətə malik olan fəaliyyətdir. İl yarım ərzində 2 milyondan
artıq müraciət olmuşdur. Bu, nəyi göstərir? Onu göstərir ki,
insanlar bu quruma inanırlar, görürlər ki, orada onlardan rüşvət
tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır, gənclər xidmət
göstərirlər, yüzlərlə könüllü bu işlərə cəlb olunub. Görün
insanların rahatlığı, gənc nəslin yetişdirilməsi, hazırlanması,
vətənpərvərliyin möhkəmləndirilməsi, gücləndirilməsi üçün bunun nə
qədər böyük faydası vardır. Ümumiyyətlə, bu sistem cəmiyyətə yeni
bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi. Biz indi
səyyar avtobusları bölgələrə göndəririk. Mənə yerlərdən məlumat
gəlir ki, orada insanlar bu avtobusları bir bölgədən başqa bölgəyə
getməyə qoymurlar. Nə üçün? Çünki orada onlardan rüşvət tələb
edilir".
Prezident deyib ki, aidiyyatı qurumlar, prokurorluq və digər
qurumlar, icra nümayəndələri ayrı-ayrı yerlərdə vətəndaşlardan
rüşvət tələb edilməsi məsələsinə çox ciddi diqqət verməlidir.
Dövlət başçısı tapşırıq verib ki, "ASAN xidmət"in avtobuslarının
sayı 2-dən 10-a çatdırılsın. Maliyyə Nazirliyi bu məsələyə baxmalı
və təklif verməlidir.
Musavat.com