"Bütün hallarda işğal məsələsinin həlli istiqamətində
Minsk Qrupu ölkələrinin fərqli mövqe göstərməsi Azərbaycanın
xeyrinə ola bilər".
Bunu Axar.az-a millət vəkili Fazil Mustafa
Riçard Morninqstarın yeni sülh danışıqlarının ümidləri artıracağı
ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, yeni sülh danışıqları
prosesində Azərbaycan birbaşa Ermənistanla da məsələni həll etmək
imkanı əldə edə bilər:
"Ermənistan hansısa qərar qəbul edəndə, bu, hətta sərhədlərin
açılması məsələsinə də şamil oluna bilər ki, Rusiya tərəfindən heç
vaxt obyektiv yanaşma olmayıb. Bu, bilinən bir məsələdir. Adətən
belə məsələlərdə Rusiyanın Ermənistan üzərində təzyiqi nə qədər
azalarsa, bu ölkənin də müstəqil qərar vermək imkanı bir o qədər
inkişaf edə bilər. Onda isə Azərbaycanla bağlı siyasətdə dönüş
yaranar. Bu isə hər iki halda nəinki Rusiyaya, eyni zamanda
Ermənistana da sərf etməyən bir yanaşmadır. Ermənistanın hazırki
sosial-iqtisadi vəziyyəti və maddi resurslarının kasadlığı sübut
edir ki, bu dönəmdə Ermənistan tərəfi bu məsələnin gedişatı və
həlli yolunda hələ çox problemlərlə üzləşəcək".
Qeyd edək ki, səlahiyyət müddəti bitən ABŞ-ın Azərbaycandakı
səfiri Riçard Morninqstar yeni sülh danışıqları ilə bağlı verdiyi
açıqlamasında bildirmişdi ki, əslində, Rusiyanın Qarabağ
probleminin həllində Ermənistana hədsiz basqısı elə qarşı tərəfin
özünə də sərf edir.
Millət vəkili hesab edir ki, ATƏT-in Minsk Qrupunun iki
iştirakçı dövləti olan ABŞ və Fransa yeni sülh danışıqlarının həlli
dönəmində Ermənistana maliyyə və təhlükəsizlik təminatı vəd edərsə,
bu, təəccüblü olmayacaq:
"Bu iki ölkədə nə qədər erməni icmasının yaşadığı hər kəsə
bəllidir. Bu proses yenə də Ermənistanın Rusiyadan asılılığında heç
bir dəyişiklik etməyəcək. Ancaq bütövlükdə Rusiyanın özünün
zəifləməsi ölkədə yeni bir situasiyanın yaranmasına gətirib çıxara
bilər. Əslində, ABŞ və Fransa da heç bir məsələdə Azərbaycanın
yanında deyillər. Müəyyən məqamlarda onların konfliktdə olan bir
tərəfə dəstək vermələri təəccüblü deyil. Bütün hallarda yeganə
dəyişən məqam işğal məsələsində fərqli mövqelərin gözlənilməsinin
mümkünlüyüdür. Problemin gedişatında bu məsələdə fərqli yanaşmalar
hər halda Rusiyadan daha çox bizim faydamıza çevrilə bilər".
F.Mustafa bu yaxınlarda Azərbaycan və Ermənistan
prezidentlərinin reallaşacaq görüşlərində indiyədək baş tutmayan
sülh danışıqlarının yenilənəcəyini və daha konkret detallar üzrə
realizəsinin ön planda olacağını vurğulayıb.
"Ancaq yenə də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında
bu görüşün nə dərəcədə rol oynayacağını indidən demək çətindir", -
deyə millət vəkili bildirib.