Azərbaycan Prezidenti İlham Əliyev, dövlət rəsmiləri,
idman xadimləri məşhur futbolçu Ələkbər Məmmədovun vəfatı ilə
əlaqədar başsağlığı veriblər.
Bununla bağlı imzalanan nekroloqda deyilir: "Azərbaycanın idman
ictimaiyyətinə ağır itki üz verib. Görkəmli idman xadimi, məşhur
futbolçu, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi,
dörd dəfə SSRİ çempionu, Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra
müdiri, professor Ələkbər Əmir oğlu Məmmədov ömrünün 85-ci ilində
vəfat edib.
Ələkbər Məmmədov 1930-cu il may ayının 9-da Bakı şəhərində
anadan olub. O, 1952-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi
İnstitutunu və 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin
jurnalistika fakültəsini bitirib.
Ələkbər Məmmədov 1948-1953-cü illərdə Bakının "Neftçi",
1954-1959-cu illərdə Moskvanın "Dinamo" və 1960-1962-ci illərdə
yenidən Bakının "Neftçi" komandalarının tərkibində parlaq oyunları
ilə məşhur futbolçu kimi tanınıb. O, 1958-ci ildə futbol üzrə ilk
Avropa kuboku uğrunda seçmə yarışlarda SSRİ yığma komandasının
heyətində çıxış edib, dünyanın iyirmidən artıq ölkəsinin
stadionlarında əfsanəvi oyun nümayiş etdirərək futbolumuzun
şərəfini yüksəklərə qaldırmış və Azərbaycan futbol məktəbini
layiqincə təmsil edib.
Ələkbər Məmmədov 1963-1965 və 1971-1972-ci illərdə "Neftçi"
komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş
məşqçisi olaraq təqdirəlayiq fəaliyyət göstərib, respublikamızda
gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların
yetişdirilməsində müstəsna rol oynayıb. O, Azərbaycan Futbol
Federasiyaları Assosiasiyasının və Milli Olimpiya Komitəsinin
icraiyyə komitələrinin üzvü idi.
İdman sahəsindəki səmərəli fəaliyyətini pedaqoji işlə uğurlu
şəkildə əlaqələndirən Ələkbər Məmmədov uzun illər ərzində
respublikanın müxtəlif ali məktəblərində çalışmış, sağlam ruhlu
yeni nəslin yetişdirilməsinə töhfələr verib.
Azərbaycan futbol tarixinə silinməz səhifələr yazmış Ələkbər
Məmmədovun adı ölkəmizin idman salnaməsinə həmişəlik həkk olunub.
Mənəvi-əxlaqi keyfiyyətləri və doğma xalqına dərin bağlılığına görə
idman ictimaiyyəti onun şəxsiyyətinə hörmət və ehtiramla yanaşıb.
Mahir futbolçunun nailiyyətləri həmvətənlərinin qəlbini daim qürur
hissi ilə doldurub.
Ələkbər Məmmədov dünya futbolunun parlaq simalarından biri kimi
Azərbaycanda futbolun inkişafı və təbliğində böyük xidmətlər
göstərib. Bütün həyatını futbola həsr etmiş mahir idmançı ömrünün
sonunadək ona sadiq qalmış, öz fədakarlığı və peşəkarlığı sayəsində
idman həvəskarlarının dərin rəğbətini qazanıb.
Ələkbər Məmmədovun Azərbaycanda idmanın, xüsusilə futbolun
inkişafında və gənc nəslin təlim-tərbiyəsində xidmətləri yüksək
qiymətləndirilib. O, bir çox mükafatlar, orden və medallar almış,
müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan
"Şöhrət" ordeninə layiq görülüb.
Görkəmli idman xadimi, əfsanəvi futbolçu, mahir pedaqoq və
səmimi insan Ələkbər Əmir oğlu Məmmədovun əziz xatirəsi onu
tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!"
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Mehriban Əliyeva
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Azad Rəhimov
Mikayıl Cabbarov
Rövnəq Abdullayev
Ağacan Abiyev
Siyavuş Qarayev
Çingiz Hüseynzadə
Xəzər İsayev
Rauf Əliyev
Elşad Nəsirov
Yuri Kuznetsov
Kazbek Tuayev
Valeri Hacıyev
Mübariz Zeynalov
Yaşar Babayev
İqor Ponomaryov
İsgəndər Cavadov
Mərhumla vida mərasimi 2014-cü il avqust ayının 4-də saat
13:00-dan 15:00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının akt zalında (Fətəli xan Xoyski prospekti, 98)
keçiriləcək.
AzərTac