Milli Məclisin plenar iclasında nikahın pozulması halında ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 18 yaşdan 23 yaşa qədər uzadılması təklif olunub. Yeni təklif ictimai maraq doğurub.
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Axar.az-a bildirib ki, yeni təklif lüzumsuzdur.
“Azərbaycanda Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlar üçün nəzərdə tutulan aliment uşaqların saxlanması, yaşaması üçün valideyn tərəfindən ödənilən vəsaitdir. Yəni bu da uşaq yetkinlik yaşına - 18 yaşa çatana qədər nəzərdə tutulub. 18 yaşdan sonra uşaq yetkinlik yaşına çatır və o, əmək bazarına daxil olur.
Ayrı məsələdir ki, əgər uşağın əlilliyi varsa, valideynlər tərəfindən ödəniş olur, amma orta statistik sağlam uşaq üçün aliment yetkinlik yaşına çatana qədərdir.
Hesab edirəm ki, aliment müddətinin 18 yaşdan 23 yaşa qaldırılmasına ehtiyac yoxdur. Bu sui-istifadə hallarına səbəb ola bilər”, - deyə ekspert qeyd edib.
Ekspert Naib Niftəliyev isə qeyd edib ki, aliment yaşı ilə bağlı bu qədər müzakirə aparmaq prinsip etibarı ilə vəziyyəti dəyişmir:
“Yaşı 23-ə qədər artırmaq valideynin öhdəliyini dəyişmir. Valideynin əgər imkanı varsa, ömrünün axrına qədər övladına kömək etməyə çalışır. Azərbaycanda statusundan, boşanıb-boşanmamasından asılı olmayaraq, valideyn övladına daha yaxşı şərait təmin etməyə çalışır. Fikrimcə, valideyn 18 yaşa qədər aliment ödəməlidir. Bu, başadüşüləndir. Ancaq valideyni inzibati qaydada nəyəsə vadar etmək təbii hüquqlarını qısnamaq, psixoloji təzyiq altında saxlamaq deməkdir. Bu, insan hüquqlarına zidd olan yanaşmadır.
Bütün məsuliyyəti valideynin üzərinə yükləmək doğru deyil. 18 yaşını tamamlayan vətəndaş artıq yetkinlik həddinə çatıb. Bu halda əgər valideynin imkanı varsa, kömək edə bilər. Yoxdursa, şəxs özü çalışmalıdır.
Qeyd edim ki, boşanmaların çoxu imkansızlıqdan olur. Biz də bu problemləri həll etmək əvəzinə, inzibati qaydada yaşı artırmaqla onların yükünü artırırıq. Bu baxımdan düşünürəm ki, biz vətəndaşın üzərinə çox gedirik. Aliment yaşını artırmaqla heç nə dəyişməyəcək”.
Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.
