ABŞ-ın Avropa ölkələrini Rusiyaya qarşı nüvə müharibəsinə hazırlaması tamamilə uydurmadır.
Bu sözləri Axar.az-a son zamanlar ABŞ-ın Avropa ölkələrini Rusiyaya qarşı nüvə müharibəsinə hazırlaması ilə bağlı səsləndirilən iddiaları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, ABŞ müttəfiqlərini Rusiya hücumlarından qorumaq üçün müəyyən tədbirlər görür:
“Əvvəla, ABŞ Baltik dənizindən Adriatik dənizinə qədər xüsusi təyinatlı qoşunlarını, tank diviziyalarını və artilleriya qüvvələrini yerləşdirir. Almaniya, Polşa və bəzi digər ölkələrdə isə nüvə silahları çoxdan var idi. Sadəcə, ABŞ həmin ərazilərə çox az miqdarda taktiki nüvə silahları yerləşdirilir. Bütün bu tədbirlər qarşısında hay-küy qoparan və dünya ictimai rəyini öz xeyrinə formalaşdırmağa çalışan Rusiyadır. Dünya üçün bir nömrəli təhdidə çevrilən Rusiya ABŞ-ın ona qarşı gördüyü tədbirləri nüvə müharibəsinə hazırlıq kimi təqdim etməyə çalışır. Putin dünənki çıxışı ilə istənilən vaxt dünyanın istənilən ölkəsini vura biləcəklərinə dair mesaj verdi. O bildirdi ki, yeni tip raketlər nüvə yanacağı ilə işləyir və uzun müddət havada qala bilər, ona görə də onları radarlar və ya başqa raketlərlə vurmaq mümkün deyil. Bu, açıq şəkildə dünyanı sürətlə silahlanmaya təhrik idi”.
Politoloq Qərb ölkələrinin müharibə istədiyi qənaətində deyil:
“Müharibəni istəyən Rusiyadır, məqsəd isə postsovet məkanını, Varşava blokuna daxil olan köhnə sosialist ölkələrini öz təsiri altına almaq və bütünlüklə Avropa Birliyini dağıtmaqdır. ABŞ buna qarşı bir balaca əks tədbirlər görən kimi Rusiya bunu hay-küylə qarşılayır və dünyada Amerikanın ekspansiyası kimi göstərməyə çalışır. Çox təəssüflər olsun, Çin də son zamanlar Rusiya ilə bu sahədə əməkdaşlıq edərək dünya nizamını pozmağa çalışır”.
Qeyd edək ki, Vladimir Putin 1 martda Rusiyanın ən yeni və analoqu olmayan silahlarını təqdim edib.