Böyük Britaniyanın “Telegraf” nəşri Azərbaycan-Rusiya və Ermənistan-Rusiya münasibətləri ilə bağlı diqqətçəkici məqalə paylaşıb.
Axar.az bəzi fakt və məqamlar təhrif edilsə də, ümumi yanaşmanı nəzərə alaraq, məqalədən əsas hissələri təqdim edir:
“Rusiya ilə Azərbaycan arasında münasibətlər kəskin şəkildə pisləşib. Bir müddət əvvəl Yekaterinburqda 25 il əvvəl törədilmiş cinayətlərin istintaqı çərçivəsində azərbaycanlılar həbs edilib. İki şübhəli istintaq təcridxanasında ölüb (Səfərov qardaşlarının biri evdə, hücum zamanı, digəri isə xüsusi təyinatlıların maşınında döyülərək öldürülüb – red.), qalanları vəhşicəsinə döyülüb. Azərbaycan buna sərt cavab verib: Rusiya mədəniyyətinə həsr olunmuş tədbirlər ləğv edilib, “Sputnik” agentliyinin ofisində axtarışlar aparılıb və rus proqramçılar həbs edilib (Həbs edilənlər rus proqramçılar deyil, FSB-nin agentləridir – red.). Rusiya dövlət televiziyasında “Bakını üç günə ələ keçirək” kimi təhdidlər səslənib. Ölkələr arasında genişmiqyaslı müharibə ehtimalı az olsa da, 30 ildir Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan Putini Cənubi Qafqazdan sıxışdırmaq üçün indi çoxdankı düşməni ilə birləşə bilər, bu da Moskva üçün təhlükə yaradır.
İyulun 10-da Əliyev və Paşinyan Ermənistan ərazisindən keçən Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizini müzakirə etmək üçün görüşüb. Bu dəhliz Orta dəhlizin – Çin və Avropa arasında ticarət yolunun bir hissəsi olacaq. Ermənistan və Azərbaycan arasında 2020-ci il atəşkəs razılaşmasına əsasən, marşrut Rusiya FTX-nin nəzarəti altında olmalıdır. Lakin Əliyev Moskvanı prosesdən kənarlaşdırmağa və dəhliz üzərində tam Azərbaycan nəzarəti bərqərar etməyə çalışdığı üçün bu razılaşma təhlükə altındadır (Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmaması barədə mövqe Ermənistanındır – red.).
Böyük Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun beynəlxalq təhlükəsizlik proqramının direktoru Neil Melvin bildirib ki, bu, Rusiyanın regionda sonuncu böyük “kozırıdır”:
“Bu, həm Ermənistan, həm də Azərbaycanla ticarət yollarına nəzarət etməyə və əlaqələr qurmağa imkan verir. Bu “kozırı” itirmək ciddi zərbə olardı”.
Paşinyan və Ərdoğan bu yaxınlarda İstanbulda görüşüb və bu, Ermənistan-Türkiyə arasında diplomatik əlaqələrin olmamasını nəzərə alsaq, əlamətdar hadisədir. Rusiyanın təsirinə gəlincə, bu təsir 2023-cü ildə, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağdakı hərbi əməliyyatına müdaxilə etmədiyi vaxtda zəifləməyə başlayıb. Həmin vaxt Qarabağın demək olar ki, bütün erməni əhalisi bölgəni tərk etmək məcburiyyətində qaldı (ermənilər Qarabağı könüllü şəkildə tərk ediblər və bu barəıdə video-sübutlar da mövcuddur – red.) və Azərbaycan etnik təmizləmədə ittiham olundu. Bundan sonra Paşinyan Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyini davam etdirəcəyi təqdirdə onun uzunmüddətli gələcəyinin risk altında olacağına inanaraq Qərbə üz tutmağa və Bakı ilə barışmaq yollarını axtarmağa başladı. Bunun fonunda bir vaxtlar sovet oxları olan Ermənistan və Azərbaycan Rusiyasız yeni yol seçir”.