"Soçi
görüşü Moskvanın meydançasında keçirilsə belə, onlar Bakıdan asılı
vəziyyətdədirlər".
Bu sözləri Axar.az-a politoloq İlqar Vəliyev Azərbaycan və
Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edərkən deyib.
O, Soçi görüşünün İrəvanın istəyi ilə həyata keçirildiyini
bildirib:
"Soçi görüşü fövqəladə çağırılmış bir tədbirdir. Onun
keçirilməsini məhz İrəvan istəyib. Onlar Rusiyadan bu barədə xahiş
ediblər. Çünki onların itkiləri çoxdur və üstəlik vəziyyət də
gərgindir. Rusiya diplomatiyasının nümayəndələrindən öncə bu
görüşlə bağlı ilk açıqlamanı Ermənistanın Baş naziri verib.
Əlbəttə, bu haqda məlumat veriləndə Moskva Bakı ilə müəyyən
konsultasiyalar aparırdı. Deməli, bu görüşün əsas məqsədi
müharibəni dayandırmaqdan və atəşkəs rejimini yenidən bərpa
etməkdən ibarətdir. Buna təzyiq kimi baxmaq olmaz, çünki Rusiya ilə
Azərbaycanın münasibətləri elə səviyyədədir ki, Bakıya təzyiq etmək
olmaz. Əksinə, Ermənistan Moskvaya yalvarır ki, atəşkəs bərpa
olunsun. Burada üstün tərəf Azərbaycandır. Çünki bu görüşdə artıq
Əliyev diktə edə biləcək ki, hansı şərtlərlə atəşkəs rejimi bərpa
edilsin".
Politoloq məhz ermənilərin sayəsində Olland planının məhv
olduğunu deyib:
"Hazırda rus qoşunlarının buraya yeridilməsi mümkün deyil. Çünki
burada Amerika və digərlərinin də maraqları var. Bu proses sırf
ATƏT çərçivəsində gedən bir şeydir. Verilən açıqlamaların hər biri
də spekuliyativ xarakter daşıyır. Beləliklə, vəziyyəti qarışdırmaq
istəyirlər. Bundan öncə Azərbaycan və Ermənistan prezidentlərinin
müəyyən görüşləri nəzərdə tutulurdu. Bundan başqa isə Ollandın
planı da var idi. Amma atəşkəsin pozulması ilə həmin görüş planı da
tamamilə dağıdıldı. Ermənilərin sayəsində yenidən proses Rusiyanın
meydanına keçdi. Görüş Moskvanın meydançasında keçirilsə belə,
onlar Bakıdan asılı vəziyyətdədirlər".
İ.Vəliyev Moskvanın Bakı ilə təzyiq dilində danışmaq imkanının
artıq məhdudlaşdığını söyləyib:
"Rusiya Azərbaycandan tələb edəcək ki, bu müharibə dayansın.
Azərbaycan isə yalnız Ermənistanın öz mövqeyindən çəkilərək Madrid
prinsiplərinə uyğun olaraq yol xəritəsinin qəbul edilməsi halında
dayandıracağını bildirəcək. Yəni Ermənistan status-kvonun
saxlanılması məsələsindən əl çəksin. Ən azından yeddi rayon
qaytarılması məsələsi aktivləşəcək. Bu, əslində qeyri-real görsənə
bilər. Amma indiki şəraitdə belə deyil. Çünki biz onların cəbhə
xəttində hərbi infrastrukturunu məhv etmişik və ona görə də indi bu
tələblərlə çıxış edə bilərik. Hətta vəziyyət o həddə çatıb ki,
Azərbaycan qoşunları öz yürüşünü davam etdirə bilərlər. Bu da
mesajdır ki, bunu davam etdirmirik, amma o şərtlə ki, siz buna əməl
edin. Ermənistan Rusiya yalvarır ki, Bakıya təzyiq göstərsin.
Hazırda Moskva elə vəziyyətdədir, açıq təzyiqlərdən söhbət gedə
bilməz. İndiyə qədər məsələyə qarışmayıb. Amma qarışa da bilərdi.
Moskva indi Bakıyla, loru dildə desək, "pişim-pişim"lə danışmağa
çalışır".