Avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev Ağdam
və Bərdə rayonlarına səfər edib. Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı "N"
saylı hərbi hissəyə gəlib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Müdafiə naziri,
general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevə raport verib.
Məlumat verildi ki, təmas xəttində yerləşən bu hərbi hissədə
əsgərlərin və zabitlərin xidməti üçün hərtərəfli şərait
yaradılıb.
Ali Baş Komandan İlham Əliyev komanda müşahidə məntəqəsindən
düşmənin mövqelərini izləyib.
Sonra Prezident döyüş tapşırığını yerinə yetirərkən xüsusilə
fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi.
Dövlət başçısı hərbçilərlə görüşdü və döyüşdə fərqlənmiş hərbi
qulluqçular qarşısında çıxış edib.
Bu gün təmas xəttində vəziyyətlə tanış olduğunu deyən dövlət
başçısı bildirib ki, Müdafiə Nazirliyi müntəzəm olaraq operativ
məlumat verir: "Vəziyyət tam nəzarət altındadır. Bizim mövqelərimiz
möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan ordusu tam
üstünlüyü əldə edib".
Prezident qeyd edib ki, Azərbaycan ordusunun peşəkarlığı, döyüş
qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə
ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər: "Bizim bütün
hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə
ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri
çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş
potensialımızı artıracağıq. Hazırda Azərbaycan ordusunun
maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə
etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən
vəzifəni biz icra edə bilərik".
Dövlət başçısı bildirib ki, son vaxtlar həm Azərbaycanda müasir
silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən
aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara
cavab verir: "Hava hücumuna qarşı ən müasir qurğular əldə
edilibdir. Ordumuzda ən güclü artilleriya qurğuları vardır. Böyük
dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket
sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri,
zirehli texnika, tanklar - bütün bunlar bu gün Azərbaycan ordusunun
potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan ordusu
Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər. Bunu biz də
bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq
Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki,
təmin edilibdir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün öz
imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu
ordu istənilən vaxtda, istənilən vəzifəni icra edə bilər.
Bu gün təmas xəttində olarkən son günlər ərzində baş vermiş
hadisələri də yada salırıq. Düşmən, erməni işğalçı qüvvələri bir
həftə bundan əvvəl qorxaqcasına, namərdcəsinə gecə vaxtı bizim
bölgələrimizə hücum etmişlər. Biz itki vermişik, əsgərlərimiz şəhid
olmuşlar. Allah bütün şəhidlərə rəhmət eləsin, onların ailələrinə,
yaxınlarına səbir versin. Ancaq, eyni zamanda, düşmən layiqli cavab
aldı. Həmişə olduğu kimi, erməni tərəfi öz itkilərini gizlədir.
Ancaq biz bilirik ki, onlarla işğalçı məhv edilmişdir və bu
əməliyyatlarda xüsusi rəşadət, cəsarət, peşəkarlıq göstərən əsgər,
gizir və zabitlər bu gün bu masa arxasında əyləşmişlər. Mən onları
təltif etmişəm. Göstərdiyiniz cəsarətə görə, peşəkarlığa görə sizə
Azərbaycan xalqı adından öz minnətdarlığımı bildirmək istəyirəm və
əminəm ki, bundan sonra da bütün döyüş tapşırıqlarını ləyaqətlə
icra edəcəksiniz".
İlham Əliyevin sözlərinə görə, bu gün düşmən panikadadır,
isterikadadır: "Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız
var ki, qarşı tərəfdə nələr baş verdiyini bilək. Biz tam şəkildə
hərbi və mənəvi üstünlüyü əldə etmişik. Biz öz torpağımızdayıq. Bir
həftə bundan əvvəl həlak olmuş şəhidlərimiz öz torpağında şəhid
olmuşlar. Sual olunur: erməni əsgərinin - işğalçı qüvvələrin
əsgərinin Ağdam ərazisində nə işi var? Bu gün Ermənistanın faşist
rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim
torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal
ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını
qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir.
Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə,
erməni dövlətinin mövcudluğu sual altına düşə bilər.
Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi
Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur,
Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o
torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü
bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmişə
belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq,
1990-cı illərin əvvəllərində baş vermiş hadisələr nəticəsində
müvəqqəti olaraq torpaqlarımız işğal altına düşmüşdür. Ancaq biz öz
suverenliyimizi bərpa edəcəyik. Bütün işğal edilmiş torpaqlarda, o
cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaqdır. Bu,
bizim məqsədimizdir. Bu məqsədə doğru gedirik və biz bu məqsədə
çatmaq üçün daha da güclü ordu yaratmalıyıq".
Prezident qeyd edib ki, bu gün ölkəmizin iqtisadi, siyasi
potensialı Ermənistandan qat-qat artıqdır, üstündür: "Son illər
ordu quruculuğu sahəsində görülən işlər nəticəsində biz hərbi
üstünlüyü də əldə etmişik və öz potensialımızı getdikcə daha da
artıracağıq. Münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü
çərçivəsində mümkündür. Dağlıq Qarabağ Azərbaycan ərazisidir.
Tarixi, əzəli Azərbaycan torpağıdır. Beynəlxalq hüquq normaları
bizim mövqeyimizi dəstəkləyir. Bütün dünya Dağlıq Qarabağı
Azərbaycan ərazisi kimi tanıyır. Biz heç vaxt Azərbaycan torpağında
ikinci qondarma "erməni dövləti"nin yaradılmasına imkan
verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu
ilə, ya hərbi yolla. Biz hər iki varianta hazırıq. Son həftə
ərzində və ondan əvvəlki dövrdə təmas xəttində müşahidə olunan
mənzərə onu deməyə əsas verir ki, biz istənilən varianta hazırıq.
Necə ki, siyasi və iqtisadi meydanda ermənilərə qalib gəlmişik,
döyüş meydanında da onlara qalib gəlməyə qadirik. Biz güclü hərbi
potensiala malikik. Artıq bu, müxtəlif vaxtlarda nümayiş etdirilib.
Hərbi təlimlərdə və paradlarda bizim texnikamız nümayiş etdirilir.
Amma bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti,
vətənpərvərliyidir".
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanda elə gözəl gənc
nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini
gözləyir: "Son hadisələr də bunu göstərir. Hətta hərb işindən
kənarda olan insanlar da öz fikirlərini, istəklərini bildirirlər,
könüllü olaraq cəbhə bölgəsinə getmək istəyirlər. Bu, məni çox
sevindirir və onu göstərir ki, Azərbaycanda vətənpərvərlik ruhu
yüksəkdir. Mənəvi üstünlük bizim tərəfimizdədir. Ermənistandan isə
son hadisələrdən sonra əhali kütləvi köçə başlamışdır. Onsuz da son
illər ərzində Ermənistanı orta hesabla ildə 70-80 min vətəndaş
həmişəlik tərk edirdi. Ancaq son günlər ərzində bu köç daha da
güclü olmuşdur. Yəni onlar bizdən qorxurlar, panikadadırlar. Özləri
etiraf edirlər ki, xarici yardım olmadan Ermənistanın
müstəqilliyini saxlaya bilməzlər. Açıq şəkildə etiraf edirlər ki,
xarici qüvvələrə güvənirlər. Biz isə öz xalqımıza, öz gücümüzə
güvənirik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və etməliyik.
Azərbaycan xalqı öz ordusunu sevir, ona inanır, güvənir. Siz
ordumuzun inkişafında böyük xidmətlər göstərmisiniz. Bizim,
əlbəttə, bütün hərbi hissələrimizdə xidmət edən əsgər, gizir və
zabitlər çox böyük qiymətə layiqdirlər. Ancaq sizin
əməliyyatlarınızın, xüsusi təyinatlı bölmələrdə xidmət edən əsgər
və zabitlərimizin xüsusi xidməti vardır. Siz hər an öz həyatınızı
risk altına salırsınız, böyük qəhrəmanlıq göstərirsiniz. Mən bunu
yüksək qiymətləndirirəm və istəyirəm Azərbaycan xalqı da bilsin ki,
bizim necə gözəl döyüşçülərimiz, qəhrəmanlarımız var.
Sizin gələcək fəaliyyətiniz uğurlu olacaqdır. Bizim işimiz haqq
işidir. Biz öz torpağımızda yaşayırıq. Bura Azərbaycan torpağıdır.
Buradan bir neçə kilometr məsafədə yerləşən Ağdam şəhəri də
Azərbaycan torpağıdır, Xankəndi də, Şuşa da, bütün digər işğal
edilmiş torpaqlar da. Ağdam şəhərini erməni quldurları, vəhşiləri
yerlə-yeksan edirlər. Buradan Ağdam şəhərinin qalıqları açıq-aydın
görünür. İki binadan başqa bütün binalar dağıdılıb. Biz Ağdam
şəhərini bərpa edəcəyik. İşğal edilmiş, dağılmış bütün şəhərləri
bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq, biz bu fikirlə
yaşayırıq və yaşayacağıq. Münaqişə öz həllini tapmayana qədər daim
öz prinsipial mövqeyimizi nümayiş etdirəcəyik və təmas xəttində
üstünlük daim bizdə olacaqdır.
Göstərdiyiniz qəhrəmanlığa görə sizi bir daha təbrik edirəm,
sizə öz minnətdarlığımı bildirmək istəyirəm.
Mən hərbi hissələrdə tez-tez oluram. Təmas xəttində də, bu bölgədə
də, digər mövqelərdə də olmuşam. Bir daha demək istəyirəm ki, mənə
operativ məlumat verilir. Ancaq bu gün gəlmişəm ki, sizinlə
birlikdə bu səngərlərdə olum, sizə öz sözümü deyim və Azərbaycan
xalqını buradan əmin edim ki, Azərbaycan Ordusu Azərbaycan
dövlətini qoruyur və öz məqsədinə çatacaq. Biz ərazi bütövlüyümüzü
bərpa edəcəyik.
Sizi şərəfli xidmətinizdə bir daha salamlayıram və sizə bu şərəfli
işdə yeni uğurlar arzulayıram".
Mayor İmanov çıxış edərək təşəkkürünü bildirdi: "Cənab Ali Baş
Komandan, silahdaşlarım adından orduya göstərdiyiniz qayğıya görə
Sizə təşəkkür edirik. Hər an verdiyiniz hər bir əmri yerinə
yetirməyə hazırıq".
Prezident İlham Əliyev: "Sağ olun". Mayor İmanov: "Sağ olun.
Azərbaycan Respublikasına xidmət edirəm!"
Əsgər və zabitlər Ali Baş Komandan ilə xatirə şəkli çəkdirdilər.
Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
operativ müşavirə keçirdi. Dövlət başçısına cəbhə xəttində ümumi
vəziyyətlə bağlı məruzə edildi. Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.