Bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasında
yerləşən "N" saylı hərbi hissənin əsgəri Seyran Eynulla oğlu
Hənifəyev kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən vəfat
etdi.
Axar.az xəbər verir ki, xidmət başında vəfat edən əsgəri Ağsu
Rayon İcra Hakimiyyəti doğulduğu Ağsu rayonunda Şəhidlər
xiyabanında dəfn etmək istəyib. Lakin Müdafiə Nazirliyindən əsgərin
ürək tutmasından vəfat etdiyi üçün şəhid statusu almadığını
bildiriblər.
Rayon sakinlərinin və ailənin müraciətini nəzərə alan İcra
Hakimiyyəti əsgər S.Hənəfiyevə şəhid statusu verilməsi və onun
Şəhidlər xiyabanında dəfn edilməsi üçün MN-nə müraciət edib.
Bundan sonra nazirlik ürək tutmasından vəfat edən S.Hənəfiyevin
Ağsu Şəhidlər xiyabanında dəfn edilməsinə icazə verib.
Qeyd etdiyimiz məsələ olduqca aktual bir sual doğurur.
Maraqlıdır, hərbi xidmət zamanı vəfat edən hansı əsgərlərə Şəhid
statusu verilir?
"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən
güzəştlərin tətbiqi qaydaları"na əsasən, Şəhid və şəhid ailəsi
statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət
orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır.
Hərbi ekspert Üzeyir Cəfərov Axar.az-a açıqlamasında qeyd edir
ki, bununla bağlı konkret qayda mövcuddur:
"Qəti qayda var və şəhidlik statusunun verilməsi buna əsasən
tənzimlənməlidir. Nazirlər Kabinetinin "Şəhid adının
əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi
qaydalarının" təsdiq olunması haqqında 15.01.1994-cü il tarixli 10
nömrəli qərarının 1.2.6-cı bəndinə əsasən, həmçinin bəzi
dəyişikliklərin edilməsi barədə 15 iyul 2009-cu il tarixli 107
nömrəli Qərarı var. Qərarın tələblərinə uyğun olaraq Azərbaycan
Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə
əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş
şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli
təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı
ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin
icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına
əsasən ölmüş hesab edilən şəxslər Şəhid hesab edilirlər".
Ekspert qeyd edir ki, həmin Qərarın 4.1-ci bəndinə əsasən şəxsin
şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi,
hərbi hissənin və qeydiyyatda olduqları hərbi komissarlıqların
verdiyi arayışlarla təsdiq olunur:
"Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə
Nazirliyinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara isə hərbi
qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin müvafiq yerli idarə, şöbə və bölmələrinin verdiyi
arayışlarla təsdiq olunur. Həmçinin 4.2-ci bəndində göstərilən
arayışlara əsasən, yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə
mərkəzləri tərəfindən verilir. Yuxarıda göstərilənlərə əsasən,
döyüş növbəsi tapşırığını yerinə yetirərkən həlak olan hər bir
əsgər və ya zabit, yaxud MAXE Şəhid statusu almalıdır. Bizə çatan
bəzi məlumatlara görə, bir çox hallarda bəzi məmur və rəhbər
şəxslər ya bunu bilərəkdən etmirlər, ya da bu hüququ olmayan
şəxslərə saxta yollarla Şəhid adının verilməsinə cəhd edirlər. Biz
bəzi konkret faktlara malikik və yəqin ki, araşdırmalarımızı davam
etdirərək bu məsələnin də ictimailəşdirilməsinə çalışacağıq".
Ancaq onu da qeyd edək ki, sərəncamda konkret olaraq əsgərin
minaya düşərkən və ya komandirin səhlənkarlığı nəticəsində həlak
olduğu zaman onun şəhid statusu alıb-almayacağı göstərilməyib.
Türkiyə qanunlarına görə isə, hərbi xidmətə çağırıldığı ilk
gündən düşmən gülləsindən və ya ehtiyatsızlıqdan, hətta arı
sancmasından, xəstəlikdən və ya hansısa bədbəxt hadisə nəticəsində
vəfat edən əsgər Şəhid statusu alır.