"Garant" Media Holding "National Geographic" jurnalının
Azərbaycanda yerli dildə dərc edilməsi üçün Milli Coğrafiya
Cəmiyyəti ilə partnyorluq əlaqəsi yaradıb.
Trend-in məlumatına görə, "National Geographic Azərbaycan"
jurnalının dərc edilməsinə 2014-cü ilin sentyabr buraxılışı ilə
start veriləcək və bu buraxılışın ən mühüm materialı "Azərbaycanın
rəngləri" haqqındadır. Jurnal aylıq dərc olunaraq qəzet köşklərində
və abunə yolu ilə satılacaq.
Yeni "National Geographic Azərbaycan" jurnalı bu gün Bakıda
təqdim olunub. Tədbirdə "National Geographic" jurnalının fotoqrafı
Rza Diqqəti, "National Geographic" jurnalının və xəbərlərinin baş
redaktoru Syuzan Qoldberq "National Geografic" Cəmiyyətinin baş
hüquqşünası Terens B.Adamson iştirak ediblər.
Yeni buraxılışda ingilisdilli buraxılışdakı və azərbaycanlı
oxucuların maraq dairəsinə uyğun materiallar əhatə olunacaq.
Jurnalın qiyməti 4 AZN (5 ABŞ dolları) təşkil edəcək.
"National Geographic" jurnalı Qafqazda ilk dəfə 2012-ci ildə
Gürcüstanda dərc edilməyə başlanıb və artıq jurnalımızın yerli
dillərdə dərc olunan 40-cı versiyası - "National Geographic
Azərbaycan" sayəsində regionda daha çox təmsil olunacağımız üçün
çox həyəcanlıyıq, - deyə T.B.Adamson bildirib. - "National
Geographic" jurnalı planetimiz üçün həyati əhəmiyyət kəsb edən
kritik məsələlərə zamanında toxunduğu üçün mükafatlar əldə etməyə
davam edir və biz bu mühüm məsələlərlə əlaqədar materialları yerli
dildə Azərbaycana bəxş etmək məqsədilə "Garant" Media Holding ilə
əməkdaşlıq etdiyimiz üçün çox həyəcanlanırıq".
1888-ci ildən dərc olunan ingilisdilli "National Geographic"
jurnalı hərtərəfli və aktual məqalələr, əfsanəvi
fotoillüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm
və texnologiya sahələrini dərindən əhatə edir. Jurnal hər ay
dünyanın 60 milyon oxucusu tərəfindən oxunur. Artıq jurnal ingilis
dilindən əlavə, 40 yerli dildə dərc olunur. Azərbaycan
versiyasından əvvəl 2013-cü ilin mart ayında jurnalın Ukrayna
versiyası ilk dəfə işıq üzü görüb, həmin ilin iyul ayında isə
Tayvan versiyasına Honkonq versiyası əlavə olunub.
İnsanları planetimizin qayğısına qalmağa təşviq etmək
missiyasına sahib olan 126 yaşlı Milli Coğrafiya Cəmiyyəti dünyanın
ən böyük qeyri-kommersiya elm və təhsil təşkilatlarından biridir.
Üzvləri tərəfindən dəstəklənən, təşviq etmək, maarifləndirmək və
öyrətmək üçün fəaliyyət göstərən cəmiyyət hər ay KİV platformaları,
məhsul və tədbirləri vasitəsilə dünyada 600-dən artıq insana
müraciət edir. Milli Coğrafiya Cəmiyyəti 11 mindən artıq tədqiqat,
mühafizə və araşdırma layihəsini maliyyələşdirib və onun təhsil
proqramları vasitəsilə coğrafi biliklər genişləndirilir.