Türkiyənin yeni prezidenti
Rəcəb Tayyib Ərdoğan artıq Azərbaycandadır. Onun dövlət başçısı
seçilməsi, ilk xarici səfərini Azərbaycana etməsi,
regiondakı vəziyyət və Ankarının qonşu
ölkələrlə əlqələrinə Yaxın Şərq üzrə ekspert, tarixçi Aydın
Musayevlə aydınlıq gətiririk...
- Aydın müəllim, müsahibəyə Ərdoğanın prezident
seçilməsi ilə başlamaq istərdik. Onun qalib gələcəyi
proqnozlaşdırılırdı, amma elə birinci turda belə üstünlük əldə
edəcəyini əksər təhlilçilər proqnozlaşdırmamışdı. Qardaş Türkiyənin
yeni dövlət başçısının zəfərinin təməlində hansı amillər
durur?
- Bu suala cavab verməzdən öncə Türkiyədə baş vermiş digər
seçkilərə də nəzər salmaq lazımdır. Son vaxtlar Türkiyə
iqtisadiyyatında sezilən yüksəliş, Beynəlxalq Valyuta Fonduna
(BVF)olan borcun qaytarılması, xüsusən Türkiyənin böyük
şəhərlərində və bölgələrindəki inkişaf seçkilərə birbaşa təsir edən
əsas amillər oldu. Ancaq onu da yaddan çıxarmaq olmaz ki, 51,7 faiz
elə də böyük rəqəm deyil. Əslində, prezident seçkilərinə ayrılan
bir aylıq hazırlıq müddəti də öz sözünü dedi.
Xatırlayırsınızsa,Ərdoğanın rəqibləri deyirdi ki, prezident
seçkiləri üçün müəyyənləşdirilmiş vaxt bir qədər çox olsaydı,
hazırkı prezident birinci turdan qalib ayrıla bilməzdi. Lakin fakt
faktlığında qalır, prezident Ərdoğandır. Onun Bakı səfəri də
göstərir ki, Türkiyənin xarici siyasətində Azərbaycan önəmli rol
oynayır.
- Müxalifətin Ekmələddin İhsanoğlu ətrafında vahid
namizədlə seçkilərə getməsi nə qədər düzgün seçim idi? Hətta onun
beynəlxalq arenada tanınmasını nəzərə alsaq belə...
- Bilirsiniz ki, Türkiyə müxalifəti deyəndə burada əsasən iki
partiya – MHP və CHP nəzərdə tutulur. Etiraf etməliyik ki, bu
partiyalar arasında da kifayət qədər ziddiyyətlər var. Hətta vahid
namizədin irəli sürülməsi müxalifət üçün müsbət addım kimi
qiymətləndirildi. Düzdür, İhsanoğlu İslam Əməkdaşlıq Təşkilatına
uzun müddət sədrlik edib, kifayət qədər siyasi təcrübəsi var və
yaşı da 70-i keçib, amma o heç vaxt Türkiyədə hakimiyyətdə təmsil
olunmayıb. Uzun müddət Türkiyədən kənarda fəaliyyət göstərib. Bu
səbəblərdən də müxalifətin vahid namizədinin qalib gəlmə ehtimalı o
qədər də yüksəkqiymətləndirilmirdi. O, təmiz adamdır. Siyasətdə
təmizliyi və səmimiliyi qoruyub saxlamaq böyük işdir. Ərəb
dünyasına da yaxın adamdır. Ancaq yaddan çıxarmayaq ki, AKP neçə
illərdir iqtidardadır və kifayət qədər nailiyyət əldə edib. Bir
sıra problemlərin həllində Ərdoğanın rolu danılmazdır. Ona görə
dətəkcə İhsanoğlunun timsalında yox, ümumiyyətlə, müxalifətin
uduzacağı gözlənilən idi.
- Maraqlıdır ki, Ərdoğan Türkiyənin Azərbaycan
səfirliyində, başqa sözlə desək, Azərbaycanda İhsanoğluna məğlub
oldu...
- Bildiyiniz kimi, AKP islamçı partiyadır. Bütün uğurlara
baxmayaraq, bu o demək deyil ki, hamı Ərdoğandan razıdır. Rəqəmlər
onu göstərir ki, Türkiyə cəmiyyətinin yarısı Ərdoğanın siyasətindən
razı deyil. Ona görə də müxalifət namizədinin, xüsusən də böyük
şəhərlərdə üstünlüyə malik olması təbiidir. Ərdoğana səs verənlərin
əksəriyyəti bölgələr oldu. Böyük şəhərlərdə aşağı nəticələr onu
göstərir ki, hazırkı prezident zaman-zaman Mustafa Kamal
Atatürkprinsiplərindən kənara çıxır. Şəhər əhalisi Ərdoğanın islamı
dəyərlərə meyllənməsindən, onun dünyəvi dövlət prinsiplərindən geri
çəkilməsindən narazıdır. Düşünürəm ki, elə Azərbaycanda yaşayan
türklərin də - həmin şəxslərin regionlardan gəldiyini nəzərə alın -
etirazını başa düşmək olar. Bunu rəqəmlər də göstərir. Faktlar
göstərir ki, bəli, Bakıda yaşayan türklər, türk iş adamları,
tələbələr Ərdoğanın daxili siyasətindən narazıdırlar.
- Ərdoğan prezident seçildikdən sonra bir çox dövlət və
ölkə başçıları onu təbrik etdi. Başda ABŞ olmaqla, bəzi Qərb
dövlətləri Ərdoğanı təbrik etməyə tələsmədi. Bunun səbəbini necə
izah edərdiniz?
- Bu gün Rusiya ilə Qərb arasında sanksiyalar müharibəsi gedir.
Amma bu sanksiyalarda Türkiyənin adı çəkilmir. Türkiyə çalışır ki,
Rusiyanın yaşadığı çətinliklərdən faydalansın. Bu baxımdan Ankara
olduqca ehtiyatlı davranır. Əlbəttə ki, bu da Vaşinqtonun xoşuna
gəlmir. Ümumiyyətlə, ABŞ-da belə bir qayda var və hesab edirlər ki,
müttəfiq ölkələrdən istədiklərini ala bilərlər. Amma Türkiyə ilə
bunu etmək mümkün deyil.
- Deməli, Türkiyə əvvəlki illərlə müqayisədə daha
güclüdür və müstəqil siyasət yürüdür?
- Yaxın Şərq dünyamızın bir nömrəli gərginlik ocağıdır. Bu
dəqiqə İraqda, Suriyada sözün əsl mənasinda müharibə gedir. ABŞda
İŞİD-ə qarşı hava zərbələri endirməkdədir. İraqın Kürdüstan
bölgəsində vəziyyət ürəkaçan deyil. Yaddan çıxarmayaq ki, baş verən
hadisələrin hamısı Türkiyə sərhədinə yaxın yerdədir. Belə olan
təqdirdə Ərdoğanın ABŞ-ın çaldığı havaya oynamamasını tamamilə
məntiqli sayıram.
- Türkiyə-Rusiya yaxınlaşması səmimiyyət üzərində
qurulub, yoxsa imitasiya xarakteri daşıyır?
- Türkiyə ilə Rusiya münasibətləri heç vaxt səmimiyyət üzərində
qurulmayıb. Bunu tarix də göstərir. Dəfələrlə müharibə ediblər.
İstər I Dünya Müharibəsində, istərsə də növbəti cahan müharibəsində
bu ölkələr müttəfiq olmayıblar. Söhbət iqtisadi maraqlardan gedə
bilər. İndi Rusiya çətin duruma düşüb, sanksiyaların
məngənəsindədir, belə olan təqdirdə Türkiyə niyə də qazanmasın? Mən
bunu tamamilə praqmatik sayıram.
- Ermənistan mediası Azərbaycan-Türkiyə
münasibətlərində, Ərdoğanın prezident, Davudoğlunun isə Baş nazir
seçilməsində müəyyən manipulyasiyalara yol verdi. Necə
düşünürsünüz,Ərdoğanın prezidentliyi dönəmində Azərbaycan-Türkiyə
və Türkiyə-Ermənistan münasibətləri hansı məcrada inkişaf
edəcək?
- Ərdoğanın andiçmə mərasiminə Ermənistanın dəvət olunması
Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmadı. Amma hesab
edirəm ki, şahmatda olduğu kimi, bu, Ərdoğanın bir gedişi idi. Yəni
Türkiyə rəhbərliyi nümayiş etdirmək istəyirdi ki, yeni prezident
gələcəkdə Ermənistanla əlaqələr qurmağa hazırdır. Lakin nə qədər
ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyəcək,
əlaqələrdən söhbət belə gedə bilməz. Bu artıq Ərdoğandan,
Davudoğlundan və digər şəxslərdən asılı olan məsələ deyil.
Türkiyə-Azərbaycan elə yaxın münasibətdədir ki, bu birliyi pozmaq
mümkün deyil.
- Ərdoğanın prezidentliyidönəmində Dağlıq Qarabağ
münaqişəsinin həllində hər hansı irəliləyiş
gözlənilirmi?
- Böyük dövlətlər Dağlıq Qarabağ məsələsini o qədər quyunun
dibinə salıb ki, münaqişənin həlli Türkiyənin güc daxilində deyil.
Amma o da həqiqətdir ki, qardaş və müttəfiq ölkələrik.
Ərdoğanınsəfəri zamanı da bir daha şahid olacağıq ki, Türkiyə
həmişə Azərbaycanın yanındadır.
- Ərdoğan Azərbaycana ictimaiyyətdə nurçular kimi
tanınan şəxslərin adlarından ibarət növbəti siyahı ilə gələ
bilərmi?
- Bilirsiniz, bu hadisə oldu və bitdi. Hər şeyin öz vaxtı var.
Bundan əvvəlki səfəri zamanı fikrimcə, bu məsələ müzakirə olundu.
Səfərdən sonra da hamı şahidi oldu ki, ölkədə nurçularla bağlı bir
sıra addımlar atıldı. Fikrimcə, bunlar artıq keçmişdə qaldı.
- Bütün müdafiə və bəyanatlarına baxmayaraq, rəsmi
Ankara Krım tatarlarını müdafiə edə bilmədi. Mustafa Krımoğlu,
RefatÇubarov və digər fəallar ikinci sürgün həyatı yaşayırlar.
Onların yarımadaya, doğma evlərinə gəlməsi rəsmən qadağandır.Bu
məsələdə Ankaranın Moskva qarşısında geri çəkilməsinin səbəbini
nədə görürsünüz?
- Əvvəla, bilirsiniz ki, təkcə Ankara yox, bütün Avropa bu gün
Rusiyanın qarşısından çəkilmək məcburiyyətindədir. Sanksiyalar
tətbiq olunur, bunun də təsirini Moskva mütləq görəcək. Amma Krım
məsələsində Türkiyə heç vaxt Rusiya ilə üz-üzə gələ bilməz.
Tarixdən də bəllidir ki, Krım vaxtı ilə Türkiyə ərazisi olub. Krım
tatarları da bu gün yarımada əhalisinin heç 20 faizini təşkil
etmir. Gələcəkdə Krım ilə Türkiyə arasında xüsusi münasibətlərin
qurulmasını istisna etmirəm. Lakin bu məsələ ilə bağlı Türkiyə ilə
Rusiyanın üz-üzə gəlməsi inandırıcı deyil.