Yuxarı

Elnarə Tofiqqızının ölüm yolçuluğundakı son sözü: “Qorxuram“ - reportaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı öz rəngində görmək istəyirsənsə, bir qadının gözlərinə bax. Baxacaq cəsarətin varsa, görəcək cəsarətin də olacaq. Bir qadın bütöv bir dünyanı yaşadır gözlərində.

O da gözlərində bu dünyanı yaşadanlardan biri idi. Dünyanın sevincini də, kədərini də, həsrətini də gözlərində yaşatmağı bacaran qadınlardan biri...

Onsuzluğa açılan qapı...

Bu otağa dəfələrlə gəlmişdim, hər dəfəsində də onunla görüşdən sonra illərdir ki, dəyişməyən baxışlarında dünyanı görmüşdüm. Dünya dəyişmişdi, amma onun baxışları dəyişməmişdi. O dünyanın bütün pisliklərini baxışlarında təmizləyib dünyanı bizlərə gözəl göstərmək istəyirdi. Əslində dünyanı gözəlləşdirmək istəyirdi... Baxışları kimi... Qapısı həmişə açıq olardı, bu qapıdan neçə dəfə girmişdim, neçə dəfə nələrisə xatırlayıb kövrəlmişdik, nələrəsə gülmüşdük, gələcək üçün plan qurmuşduq. Günlərin birində bu qapıdan onsuz olan dünyanı yazmaq üçün girəcəyim ağlıma belə gəlməzdi. Bura onun balaca dünyası idi. Zaman-zaman qonaq adı ilə gəlib şərik çıxdığımız dünyası. Bu dünyada sevgi vardı, gələcəyə ümid vardı, sevinc vardı, amma zaman-zaman nəyinsə yarımçıq kəsiləcəyi kimi bir nigaranlıq da vardi. Bu nigaranlığın həqiqətə çevrildiyi o lənətəgəlmiş gündən sonra ilk dəfə bu qapını açdım. Elnarəsiz dünyaya qapını bu dəfə başqa biri açdı mənim üçün. İlk dəfə yoxluğunu onda hiss etdim. Həmişə açıq olan qapısını başqasını açması onun yoxluğunun ilk siqnalı idi. Sonra yeniləri, yeniləri...

Elnarənin son qeydi...

Bura Elnarə Tofiqqızının Bakı Slavyan Universitetindəki iş otağıdır. Hər şey günlər əvvəl qoyub getdiyi kimidir, qayıdacağı ümidi ilə qoyub getdiyi kimi. Dəyişən bircə pəncərəsinin qarşısında sahibinə sədaqətini solmasıyla göstərən gül, masanın üstündəki solmuş qızılgüllər, kompüterinin üzərindəki şəkli. Bunlar onun yoxluğuna işarədir. Həqiqətləri sillə kimi insanın üzünə çırpan işarələr. Kitabları toplanıb, masasının üstündə qeyd dəftəri, son qeydi yaradıcılıq fakültəsinin tələbələri ilə görüşə dəvət ediləcək şair və yazıçıların siyahısı. Getməmişdən əvvəl sonrası üçün iş planı qurub, amma axı qayıtmamaq kimi bir narahatlığı da olub. Bəlkə iki həyat arasındakı gediş-gəlişdə yaşayıb son günlərini? Kim bilir...

"Qorxuram..."

Elnarəni burda hamı gülərüzlü, xoşxasiyyət, dekandan daha çox tələbələrin dostu kimi xatırlayır. "Xatırlayır" demək nə qədər acı olsa da. Elnarə barədə danışmaq onlar üçün çox çətindir. Təkcə bir otağı yox, həm də gələcək iş planlarını, qayğılarını bölüşdüyü müavini Manaf Kərimov deyir ki, əməliyyata getdiyi gün səhər saat 10-da son dəfə danışıblar. Bəzən deyirlər ki, insan başına gələcəkləri əvvəlcədən duyur, hiss edir, bəzən sətiraltı da olsa, kiməsə çatdırır. Elnarə də həmin gün əməliyyata getmək üçün "ayağını sürüyüb", bunu da gülə-gülə də olsa, iş yoldaşına çatdırıb: "Həmin gün səhər saat 10-da danışdıq. Əslində, əvvəl həyat yoldaşı Anar bəylə danışdım. Elə bildim Elnarə xanım artıq əməliyyata girib, ona görə özünə zəng etmədim. Anar bəy dedi ki, hələ əməliyyat başlamayıb. Elnarə xanımla danışanda dedi ki, qorxuram, ona görə də əməliyyata gec gedəcəyəm".

Beləcə həqiqətən qorxduğu üçünmü, ya başqa səbəbdənmi ölümünə doğru addımı gec atıb. Amma bu da onu xilas edə bilməyib.


"Əməliyyat otağında onu hamı gördü"

Əməkdaşlar acı xəbəri saytlardan öyrəniblər. Dərhal da klinikaya gediblər. Gördüklərindən dəhşətə gəliblər: "Əməliyyat otağının qapısı açıq idi. Elnarə xanımı gördüm. Üzərinə mələfə çəkmişdilər. Klinikada demək olar ki, həkim yox idi. Hamısı qaçıb gizlənmişdi. Bir-iki nəfər tibb bacısı vardı, onlar da kənarda dayanıb söhbət edirdilər. Gələn hər kəs rahatlıqla əməliyyat otağına girə bilirdi, hamı bir daha oyanmayacaq Elnarə xanımı görürdü. Baş həkimin otağının qapısı açıq idi, amma özü yoxdu. Biz təəccübləndik ki, belə də klinika olar, ölüm baş verib, əməliyyat otağının qapısı açıq, həkim yox. Hadisəni eşidib gələnlərin 70 faizi Elnarə xanımı o otaqda elə gördü" - bunu Manaf bəy deyir. O da hadisə baş verən gün klinika baş verənlərin şahidi olanlardandır. Dediyinə görə belə vəziyyəti heç filmlərdə də görməyib: "Heç olmasa həkimlər gəlib bir başsağlığı verəydi, təsəlli edəydi. Heç kəs yox idi. Bu həmin klinikadakı vəziyyəti təsəvvür etməyə yetərlidir".


Elnarəsiz günlərin xatirəsi

Elnarə Tofiqqızının vəfatı yaradıcılıq fakültəsinin fəaliyyətinə ciddi təsir edib. Günlər keçib, amma onlar hələ yoxluğuna alışa bilmir. Əslində alışmaq nədir? Həqiqəti qəbul etməkmi? Həqiqəti dəyişməməyin mümkünlüyünü anlamaqmı? Yoxsa həyatın hər anında hər şeyə hazır olmaq bacarığımı? Hər kəs bir adla çağıra bilər, amma alışmağın bir adı da var- unutmamaq. Unutmayıb alışmaq ən çətinidir, ən güclülərin bacardığıdır, sevgilərin ən böyüyü unutmadan onsuzluğa alışanların qismətinə düşür. Elnarə bu sevgiyə layiq idi, layiq olduğu sevgi ilə də köçdü bu dünyadan.

Ölüm qoxusu dəyən güllər...

Yaradıcılıq fakültəsinin 2-ci kurs tələbəsi Taleh Eminoğlu Elnarə Tofiqqızının son iş gününü belə xatırlayır: "Onu ən çox gülüşü, danışığı ilə xatırlayırıq. Problemləri qətiyyən bildirməzdi. Otağındakı bütün gülləri zövqünə görə seçib. Güllərinə biz qulluq edirik, amma nə qədər qulluq etsək də, biri soldu. Sonuncu gün otaqda hər şeyə əl gəzdirdi, dedi ki, qayıdana hazır olsun. Amma qayıtmadı..."

Yaradıcılıq fakültəsi Elnarə Tofiqqızının xatirə gecəsinə hazırlaşır, onunla bağlı çap edilən yazılardan ibarət kitab çapı nəzərdə tutulur. Az da olsa təsəlli... İndi yaradıcılıq fakültəsi Elnarəsiz günlərini yaşayır. Günlər keçəcək, onlar öz dekanlarını həmişə sevgi ilə, xoş təbəssümü ilə xatırlayacaqlar. "Bəlkə"lər həmişə olacaq. Cavabsız sualları da arxada buraxacaq "bəlkə"lər. Amma bəlkə...

Tarix
2013.10.17 / 11:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla