Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu
Həsən Zeynalov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə
səfərinin nəticələri ilə bağlı AzərTAc-a müsahibə
verib.
Müsahibəni təqdim edirik.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana
səfirinin nəticələri barədə nə deyə bilərsiniz?
-Azərbaycan-Türkiyə münasibətlərindən söhbət gedirsə ümummilli
lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını
xatırlamamaq mümkün deyil. Səfərin siyasi əhəmiyyəti və ümumi
nəticələri təkcə qardaş ölkələrimiz üçün yox, regionda sülh və
sabitliyin bərqərar olunması, inkişaf və tərəqqinin daha müasir
modellərdə vüsət alması baxımından əhəmiyyət daşıyır. Ümumiyyətlə,
Azərbaycan–Türkiyə münasibətləri qarşılıqlı etimada əsaslanan
inkişaf modeli kimi bütün dünyaya nümunədir. Prezident Rəcəb Tayyib
Ərdoğanın "Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyi təqdirdə
Türkiyə ilə Ermənistan arasındakı vəziyyət indiki kimi davam
edəcək" fikri Türkiyə ilə Ermənistan arasında sərhəd qapısının
açılması mövzusunda möhtəkirlik edənlərə birdəfəlik cavab oldu. Ən
əsası odur ki, prezidentlərimiz bir daha bütün dünyaya bəyan
etdilər ki, Azərbaycan və Türkiyə üçün heç bir məsələdə fikir
ayrılığı yoxdur. Bu tarixi fikrin ilkin nəticəsi səfərin ardınca
NATO-nun Uelsdə keçirilmiş sammitində özünü göstərdi. Prezident
Rəcəb Tayyib Ərdoğanın sammitdəki çıxışında Alyansın Azərbaycana
verdiyi vədlərin yerinə yetirilməsinin vacib olduğunu və Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll edilməsinin böyük önəm daşıdığını vurğulaması bir daha bütün
dünyaya nümayiş etdirdi ki, biz sevincimizi və kədərimizi bərabər
bölüşən qardaş xalqlar və ölkələrik. Sammitin bəyannaməsinin 30-cu
maddəsində Alyansın tərəfdaşlıq etdiyi ölkələrin, o cümlədən
Azərbaycanın kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim,
sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam
edəcəyi bildirilir. Bu, Azərbaycanın xarici siyasətinin uğuru,
Azərbaycan-Türkiyə müttəfiqliyinin nəticəsidir. Bu ilin aprelində
isə Azərbaycan Prezidenti İlham Əliyev Praqada Avropa İttifaqının
"Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki
çıxışında Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab
verib. Dövlətimizin başçısının Türkiyə və Azərbaycanda böyük coşqu
ilə qarşılanan "Türkiyə yoxdursa, mən burada varam" ifadəsi
dünyanın siyasi tarixində özünə əbədi yer tapıb.
-Qardaş ölkələrimiz arasında gələcək fəaliyyət
strategiyasının qurulması barədə nə deyə bilərsiniz?
-Bəhs etdiyimiz səfərdə enerji sahəsində əməkdaşlığın yeni
istiqamətləri barədə səslənən fikirlər xüsusi önəm daşıyır.
Prezident İlham Əliyev bildirdi ki, yaxın 5-6 ildə Azərbaycan
tərəfi Türkiyəyə təxminən 17-20 milyard ABŞ dolları məbləğində
sərmayə yatıracaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanın
məqsədyönlü siyasəti nəticəsində qardaş ölkənin "Şahdəniz"dəki və
TANAP layihəsindəki payı kifayət qədər artırılıb. Yaxın günlərdə
TANAP-ın təməlinin qoyulması Azərbaycan və Türkiyənin Avropanın
enerji təhlükəsizliyindəki rolunu daha da artıracaq. Bəyanatlarda
səsləndirildiyi kimi, Türkiyədən Avropaya keçəcək bu enerji xətti
çox böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. Bundan başqa,
İzmirdə "Star" neftayırma zavodunun tikilməsi Azərbaycan və Türkiyə
arasında həyata keçirilən ən böyük iqtisadi layihələrdəndir. Ümumi
dəyəri 5 milyard ABŞ dollarından çox olan bu layihə əsasında
yaradılan müəssisə Şərqi Avropada ən böyük neft və kimya kompleksi
olacaq. "Star" həm yatırılan sərmayənin həcminə, müvəqqəti və daimi
iş yerlərinin sayının çoxluğuna, həm də zəruri neft və kimya
məhsullarının istehsalına görə nadir müəssisədir. Azərbaycanın
təşəbbüsü ilə yaradılan və Avropanı Asiya ilə birləşdirəcək
Bakı-Tbilisi-Qars dəmir yolu şəbəkəsi daşımalar sistemində yeni
mərhələnin başlanğıcı olacaq.
Azərbaycan ilə Türkiyə arasında 180-ə yaxın, o cümlədən iqtisadi
sahədə sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat
vergitutma, gömrük sahələrində sazişlər daxil olmaqla 40 ikitərəfli
sənəd imzalanıb. 2013-cü ildə ticarət dövriyyəsi 1,99 milyard ABŞ
dolları məbləğində olub. Türkiyənin Azərbaycanda əsas kapitala
yatırdığı sərmayə 2,6 milyard dollar təşkil edib. Bu, ölkəmizdəki
xarici sərmayənin 6,5 faizini təşkil etməklə beşinci yerə sahib
olmaqdır. Xarici sərmayədar tərəf kimi qeyri-neft sektorunda 25,5
faiz payla Türkiyə birinci yerdədir və investisiya məbləği 1,9
milyard dollar civarındadır. Azərbaycanın Türkiyədəki sərmayəsi 5
milyard dollara yaxınlaşıb.
- Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfiri
ərəfəsində ciddi bir informasiya təxribatı ilə üzləşdik. Bu
təxribatın haradan qaynaqlandığını müəyyənləşdirə
bildinizmi?
- Dostluq və qardaşlıq nə qədər möhkəm olursa ona qarşı qüvvələr
də fəallaşır. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri
ərəfəsində hər iki ölkənin aidiyyəti üzrə rəsmi şəxsləri bu
dezinformasiyanın yaratdığı qeyri-sağlam mənzərəni aradan
qaldırmaqla məşğul oldular. Araşdırmalar göstərir ki, qeyd
etdiyimiz dezinformasiya heç bir fəaliyyəti olmayan, daim su
bulandırmaqla özlərini gündəmdə saxlayan qüvvələr tərəfindən ortaya
atılmışdı. Belə təxribatlar yenə də ola bilər. Sirr deyil ki,
təcavüzkar Ermənistan, dünya erməniləri və Türkiyəni gözü
götürməyən xarici qüvvələr uydurma "erməni soyqırımı"nın yüz illiyi
ilə bağlı ciddi təxribatlar hazırlayırlar. Əminəm ki, qardaş
Türkiyə ilə Azərbaycan bu təxribatların da qarşısını birgə səylərlə
alacaqlar.