Azərbaycanın Milli Məclisi Avropa Parlamentinin 2014-cü
il 18 sentyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat qəbul
edib.
Trend-in məlumatına görə, bəyanatda deyilir: "Avropa Parlamenti
2014-cü il sentyabrın 18-də "Azərbaycanda insan hüquqları
müdafiəçilərinin istintaqı üzrə" qətnamə qəbul edib. Artıq neçənci
dəfədir ki, ölkəmizə qarşı işləyən qüvvələrin məqsədyönlü
fəaliyyəti nəticəsində Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq
təşkilatın qəbul etdiyi sənəddə Azərbaycanda baş verən hadisələrə,
demokratik quruculuq sahəsində həyata keçirilən işlərə kölgə
salınmasına cəhd göstərilməsi təəssüf və narahatlıq doğurur".
Qeyd olunur ki, Azərbaycan Respublikasında insan hüquqlarının və
azadlıqlarının qorunması, o cümlədən birləşmək hüququnun, sərbəst
toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi
sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv
şəkildə qiymətləndirilməsi yolverilməzdir. Konkret cinayət
əməllərinə görə cinayət qanunvericiliyinin müvafiq maddələri ilə
məhkum edilmiş və ya istintaq altında olan şəxslərin siyasi məhbus
adlandırılmasının və onları təcili və qeyd-şərtsiz azadlığa
buraxmağın tələb edilməsinin hansı məntiqdən irəli gəldiyi aydın
deyil. Həbsdə və ya istintaq altında olan şəxslərin qeyri-məhkəmə
üsulları ilə azad olunmasının tələb edilməsi qanunun aliliyinə
hörmət prinsipi ilə bir araya sığmır. İnsanların siyasi
fəaliyyətinin onlara məhkəmə təqibindən immunitet hüququ verdiyini
iddia etməyə heç bir şəxsin və ya təşkilatın ixtiyarı yoxdur.
Bəyanatda deyilir ki, Azərbaycan Respublikasında söz, mətbuat və
informasiya azadlıqlarının hər hansı şəkildə pozulmasından söhbət
gedə bilməz. Yüzlərlə gündəlik, həftəlik və aylıq qəzet nəşr
olunur, müstəqil televiziya kanalları fəaliyyət göstərir. Ölkədə
heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan internet
şəbəkəsi mövcuddur. Əhalinin 70 faizindən çoxu internet
istifadəçisidir. Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
yaradılıb və fəaliyyət göstərir. Mətbu nəşrlərə dövlət tərəfindən
vaxtaşırı maliyyə yardımı ayrılır: "Ölkədə sərbəst toplaşmaq
azadlığı qanunvericiliyin tələblərinə müvafiq surətdə təmin edilib.
Vətəndaş cəmiyyətinin mühüm elementi olan qeyri-hökumət
təşkilatlarının sayı artaraq 4 minə yaxınlaşıb. Azərbaycanda insan
hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində vəziyyət
tamamilə şəffaf olduğuna görə sadalanan bütün bu faktların müəyyən
edilməsi çətin deyil. Təəssüf ki, Avropa Parlamentində təmsil
olunan məlum siyasi qruplar tərəfindən Azərbaycanın hakimiyyət
orqanlarını ittiham etməyə yönələn qətnamə layihəsinin hazırlanması
zamanı yoxlanılıb dəqiqləşdirilmiş məlumatlara istinad
edilməyib".
Qeyd edilir ki, ərazisinin 20 faizinin Ermənistan tərəfindən
işğal edilməsinə, 1 milyondan çox vətəndaşının qaçqın və köçkün
düşməsinə baxmayaraq, Azərbaycan Respublikası iqtisadi inkişaf,
hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan
hüquqlarının və azadlıqlarının qorunması və möhkəmləndirilməsi
sahəsində böyük uğurlar əldə edib. Ölkədə demokratik institutların
qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin
əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan
dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və
iradəsini nümayiş etdirir. Azərbaycanda insan hüquqlarının və
azadlıqlarının qorunmasının səmərəli mexanizmi var və bu mexanizm
Avropa qurumları, o cümlədən Avropa Parlamenti ilə əməkdaşlıq
şəraitində yaradılıb. Ölkədə insan hüquqları və azadlıqları həm
qanunvericilik, həm də qanunların icrası səviyyəsində etibarlı
müdafiə olunur: "Əlbəttə, inkişaf edən hər bir dövlətdə və
cəmiyyətdə olduğu kimi, Azərbaycanda da hər şey tam qaydasında
deyil. İnsan hüquqlarının və azadlıqlarının pozulması faktları da
mövcuddur, lakin bunlar heç bir halda sistemli xarakter daşımır.
Avropa Parlamentinin adı çəkilən qətnaməsində isə heç bu cür
faktlardan da söhbət getmir. Məhz buna görə də Azərbaycanın insan
hüquqlarına və azadlıqlarına hörmət bəsləməyən və bunları mütəmadi
surətdə pozan bir dövlət kimi Avropa Parlamentində müzakirə
edilməsi qeyri-obyektiv və qərəzli yanaşmadan başqa bir şey
deyil".
Yuxarıda göstərilən əsaslara görə Azərbaycan Respublikasının
Milli Məclisi Avropa Parlamentinin "Azərbaycanda insan hüquqları
müdafiəçilərinin istintaqı üzrə" 2014-cü il 18 sentyabr tarixli
qətnaməsini Azərbaycan ilə Avropa İttifaqı və Avropa Parlamenti
arasında konstruktiv əməkdaşlığın ruhuna zidd olan, Azərbaycanda bu
sahədə hüquq qaydasını şübhə altına alan və dövlətin beynəlxalq
imicinə xələl gətirmək niyyəti güdən qərəzli aksiya kimi
dəyərləndirir.
Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, Avropa
Parlamenti Azərbaycana bu cür münasibət göstərməkdə davam etsə,
Avropa Parlamenti və Avronest Parlament Assambleyası ilə gələcək
əməkdaşlığın zəruriliyi məsələsini bir daha nəzərdən keçirmək
məcburiyyətində qalacaq. Azərbaycan Respublikası demokratiyanın
şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və
azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət
quruculuğu yolundan heç vaxt çəkilməyəcək, bu sahədə beynəlxalq
təşkilatlar ilə əməkdaşlığı hüquq bərabərliyi əsasında və
konstruktiv məcrada inkişaf etdirmək əzmindədir.
Bəyanat Azərbaycan Milli Məclisinin 2014-cü il 30 sentyabr
tarixli iclasında qəbul edilib.