Rusiyanın Dağıstan
Respublikasında ən böyük milli azlıqlarından olan azərbaycanlılarla
yerli hökumət arasında qarşıdurma səngimək bilmir.
Axar.az-ın Dərbəndə ezam olunan əməkdaşının verdiyi məlumata
görə, burada əsas problem azərbaycanlıların iyulun 30-da icra
hakimiyyətinin binası qarşısına toplaşması ilə başlayıb.
Bütün vəzifələri qeyri-azərbaycanlılar
tutub
Hələ iyul etirazları zamanı şəhər sakinləri azərbaycanlıların
hüquqlarını müdafiə edən Dərbənd rayonunun Bələdiyyə Şurasının
(icra hakimi) rəhbəri Qurban Qurbanovun işindən azad edilməsinə
etiraz edirdi. Lakin hadisələrin məntiqi nəticəsi olaraq Q.Qurbanov
hazırda işindən uzaqlaşdıraraq ev dustağı edilib.
Bununla da faktiki olaraq Dərbənd azərbaycanlılarına ciddi zərbə
vurulub.
Söhbətləşdiyimiz şəhər sakinlərinin dediyinə görə, Dərbənddə
problemlər süni surətdə yaradılır. Soydaşlarım bildirir ki,
azərbaycanlılara qarşı sanki "soyuq müharibə" aparılır:
"Ziyalılar, ali təhsilli hüquqşünaslarımız alverlə məşğul olmağa
məcburdurlar. Ancaq bizimlə birgə təhsil alan digər azsaylı
xalqların nümayəndələri var ki, hazırda vəzifələrdə çalışır. Niyə?
Çünki biz azərbaycanlıyam. Azərbaycanlıları heç bir vəzifəyə yaxın
buraxmırlar. Azərbaycanlılar burada ancaq alver etməli, qara
işlərlə məşğul olmalıdır. Şəhərin infrastrukturu bərbad haldadır.
İnsanlar hələ də evlərinə su daşıyır. Yollar, məktəblər, parklar,
teatr sonuncu dəfə sovet dövründə təmir olunub".
90 deputatdan yalnız 3-ü azərbaycanlıdır
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dərbənd şəhər sakini
Qurban Əliyev isə təşkilatlanmanın zəif olduğunu dilə gətirdi:
"Burada 32 xalq yaşayır. Azərbaycanlılardan başqa hamı bir-biri
ilə güclü münasibət qurur. Amma əgər iki azərbaycanlı varsa, orada
3 fikir var. Təşkilatlanma, lobbi fəaliyyəti yox səviyyəsindədir.
Problemlər istənilən instansiyada qaldırılıb, müzakirə olunub,
çıxış yolları axtarılıb. Amma ortada nəticə, işə yarayan fikir,
həmrəylik yoxdur. Bizə son zamanlar açıq şəkildə təzyiqlər olunur,
sıxışdırılırıq. Heç bir vəzifəyə buraxılmırıq, heç bir dairədə
təmsil olunmuruq. Parlamentdə 90 deputatdan yalnız 3-ü
azərbaycanlıdır. Bizdən sayca qat-qat aşağı olan azsaylı xalqların
2-25 deputatı parlamentdə təmsil olunur. Belə olan halda onların
problemi də olmaz, dərdi də".
Bir teatrımız var, onu da əlimizdən
alacaqlar
Noyabrın 6-da Bakıda Gənc Tamaşaçılar Teatrında çıxış etmək üçün
yer tapmadıqlarını deyən Dərbənd şəhərində fəaliyyət göstərən
Azərbaycan Dövlət Dram Teatrının rəhbəri Şahlar Xalikov əyani sübut
kimi bizə teatrın binasını göstərdi:
"Bu bina 1923-cü ildə tikilib istifadəyə verilib. 1949-cu ildə
bağlansa da, 1994-cü ildən fəaliyyətini davam etdirir. Amma necə?
Biz bu dağılmış binada məşq edirik, hazırlaşırıq. Tamaşa isə ləzgi
teatrında təqdim olunur. Aktyorlar özgə məkana alışa bilmir. Niyə
bizim teatrımız bu gündə olmalıdır? Mən 1994-cü ildən bu teatra
rəhbərlik edirəm. Vəziyyət dəyişməyib. Dəfələrlə müraciət etmişik.
Amma faydası olmayıb. Ötən il Azərbaycanın Mədəniyyət və Turizm
naziri Əbülfəs Qarayev bu teatra gəldi. Görüşdük, dərdimizi dedik.
Bizim belə bir şəraitdə işləməyimizi "qəhrəmanlıq" adlandırdı.
Nazir dedi ki, sizə mütləq kömək ediləcək. Bizdən binanın
şəkillərini istədi. Biz də çəkib göndərdik. Bu görüşdən çox keçmədi
ki, məni işdən qovdular. 5 ay işsiz qaldım. Yerli dairələr buna
imkan vermədi ki, Ə.Qarayev bizə kömək etsin..."
Təhqir olunmuş Nizami, dağılmış kurqanlar
Dərbəndin 2000-ci yubileyi ərəfəsində Azərbaycan bu rayonda
futbol stadionundan, üzgüçülük hovuzundan, tennis kortlarından və
otellərdən ibarət olimpiya kompleksini tikib təhvil verməyi
planlaşdırır. Lakin işin gedişi ilə (daha doğrusu iş
dayandırılmışdı) tanış olanda məlum oldu ki, kompleks təyin olunmuş
vaxtda təhvil verilməyəcək.
Mirbala Ağamirabbas oğlunun bildirdiyinə görə, kompleks
ətrafında aparılan söküntüyə Nizaminin heykəli də aiddir:
"Burada idman kompleksi tikiləcək. Bu işlərin vaxtında
tamamlanması bir yana qalsın, Nizaminin heykəlinin burada qalması
belə sual altındadır. Çox güman ki, bu heykəli də buradan
götürəcəklər. Kompleksin təməli qoyulanda məlum oldu ki, burada ən
azı 2500-3000 il yaşı olan kurqan-qəbirlər var. Hazırda bu qəbirlər
dağıdılır".
Sakinin sözlərinə görə, Dərbənd qalasının şimal qapılarına yaxın
yerləşən bu ərazi və qala divarlarının "Qiyamət körpüsü" adlı
ərazisi təhlükə altındadır:
"İnşaat işləri kortəbii aparılır. Başa düşmürlər ki, bura tarixi
şəhərdir. Buranın min illərlə yaşı var. İstədikləri yeri sökə
bilməzlər. Burada mütəxəssis çalışmalı, rəy verməli və ondan sonra
işin icrasına başlanılmalıdır".
Məlumat üçün bildirək ki, azərbaycanlılar Dağıstanın rəsmən
tanınmış 14 etnik qrupu arasında 6-cı yerdədirlər və respublika
əhalisinin 4.5 faizini təşkil edirlər. Lakin 2010-cu ildə
keçirilmiş ümumrusiya əhalinin siyahıya alınmasına görə,
azərbaycanlılar Dərbənd rayonunda ən böyük etnik qrup olmaqla
əhalinin 58 faizini təşkil edirlər. Bu rayonda ikinci böyük etnik
qrup ləzgilərdir (18 faiz).
Bakı-Dərbənd-Bakı