Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda dəbdəbəli
toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı növbəti müraciət
yayıb.
QMİ-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə,
müraciətdə Qazılar Şurası və Elmi-Dini Şurasının 13.07.2011-ci il
tarixində dəbdəbəli toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı
qəbul etdiyi bəyanat xatırlanıb, ictimaiyyəti növbəti dəfə xəbərdar
edilir: "Son zamanlar cəmiyyətdə milli və dini dəyərlərə qayıdış
prosesinin güclənməsi Azərbaycan xalqının tarixən formalaşmış həyat
fəlsəfəsinə, ictimai fikrinə və adət-ənənələrinə bu müraciəti
zəruri edir. Bu isə təbii haldır, çünki müstəqillik dönəmində
tarixi köklərimizə, İslama, mənəvi dəyərlərə, əxlaq normalarına
maraq artıb, milli adətlərin yeni, müasir tələblər səviyyəsində
inkişafı üçün münasib şərait yaranıb. Bu gün milli və dini
ənənələrin bərpası zamanı müsbət keyfiyyətlərin aşılanması ilə
yanaşı, bir sıra problemlərin yaranması, bəzən ifrata və dinə
aidiyyəti olmayan bidət hərəkətlərə yol verilməsi haqlı olaraq
ictimaiyyəti narahat edir. Söhbət son zamanlar kütləvi informasiya
vasitələrində geniş ictimai müzakirəyə çıxarılan və dövlət
dairələrində debatlara səbəb olan toy və yas mərasimlərinin təşkili
və keçirilməsi qaydalarından, vəqf olunmuş qəbiristanlıq
ərazilərində məzar yerlərinin satılmasından, dəbdəbəli qəbirüstü
abidələrin ucaldılmasından və günümüzün reallığına aid olan bir
sıra problemlərdən gedir. QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şura
ictimaiyyət nümayəndələri ilə birlikdə bu məsələ ilə əlaqədar
əvvəlki illərdə bir neçə dəfə öz mövqeyini bildirsə də, çox zaman
təklif və tövsiyələrimiz cəmiyyətdə tam tətbiqini tapa bilməyib.
Əksər hallarda guya bu mərasimlərin milli adət və dini ənənələrə
müvafiq olduğunu iddia edənlər öz şəxsi mənafeləri naminə dinimizin
qayda və qanunlarını təhrif edirlər. İslam dininin təməl
özəlliklərinə, Peyğəmbərimiz Məhəmməd Salavatullahın aləmlərə örnək
olan şəxsi nümunəsinə və hədisi-şəriflərə istinad edən hər bir şəxs
bu məsələnin islami qanunlarla məntiqi uyğunsuzluğunu yaxşı bilir.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, müsəlmanların övladına toy
etməsi və ya mərhumları üçün ehsan verməsi dini baxımdan bəyənilən
və təqdir olunan əməldir".
QMİ Qazılar Şurası hesab edir ki, qəbirüstü abidələrin
hazırlanmasında ifrat dəbdəbə və təkəbbür nümayişi yas və toy
mərasimlərindən geri qalmır: "İslam qənaət, sadəlik və mötədillik
dinidir, zahiri təmtərağı sevmir, bahalı məzar daşlarının,
qəbirüstü abidələrin düzəldilməsi İslam normalarına ziddir. Qafqaz
Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura
cəmiyyətimizin bütün təbəqələrini illərlə formalaşmış islami
qaydaların, milli adət-ənənələrin qorunmasına riayət etməyə, KİV-i
bu istiqamətdə fəal yardımçımız olmağa dəvət edir".