Oktyabr 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşü
olub.
AzərTac xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevaya "Həştərxan vilayəti qarşısındakı xidmətlərinə
görə" ordeni təqdim olunub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qubernator
Aleksandr Jilkini Heydər Əliyev Fondunda salamlayaraq, Fond ilə
Həştərxan vilayətini səmərəli əməkdaşlıq əlaqələrini
birləşdirdiyini dedi. Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun Həştərxanda bir sıra iri layihələr reallaşdırdığını
qeyd etdi. Fondun təşəbbüsü və dəstəyi ilə Həştərxanda ümummilli
lider Heydər Əliyevin adını daşıyan 11 saylı məktəb, uşaq bağçası,
"Dostluq" körpüsü, uşaq əyləncə şəhərciyi, knyaz Vladimir abidəsi
açılıb. Heydər Əliyev Fondunun prezidenti əməkdaşlığın davam
edəcəyinə əminliyini ifadə edərək, Azərbaycan və Rusiyanı möhkəm
dostluq əlaqələrinin birləşdirdiyini söylədi. Qeyd edildi ki,
siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət və təhsil sahəsində
də münasibətlərin genişləndirilməsinə böyük diqqət yetirilir.
Birinci xanım Mehriban Əliyeva Fondun layihələrinin Həştərxan
vilayətinin qubernatorunun rəhbərliyi ilə həyata keçirildiyini
bildirərək, Aleksandr Jilkinə təşəkkür etdi.
Heydər Əliyev Fondunda təşkil edilən görüşə görə minnətdarlığını
bildirən Aleksandr Jilkin Fondun Həştərxanda reallaşdırdığı
layihələrin istiqamətinin düzgün seçildiyini vurğuladı. Qubernator
qeyd etdi ki, bu layihələrin hamısı Həştərxan sakinləri tərəfindən
böyük rəğbətlə qarşılanır.
Həştərxan vilayətinin qubernatoru Azərbaycan diasporunun
fəaliyyətindən danışdı, bunun ölkələrimiz arasında mövcud dostluq
əlaqələrini bir daha təsdiq etdiyini söylədi.
Görüşdə Azərbaycan ilə Həştərxan arasında birbaşa aviareysin
açılmasının vacibliyinə toxunuldu, Həştərxan sakinlərinin
Azərbaycanı turist kimi ziyarət etmək arzuları qeyd edildi, Şahdağ,
Naftalan kimi kurortların böyük maraq doğurduğu vurğulandı.
Görüşdə Avropa Oyunlarına hazırlıq məsələləri də müzakirə
edildi, Oyunların yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə
olundu. Oyunları izləmək üçün Həştərxandan ölkəmizə çoxlu sayda
insanların gələcəyi bildirildi. Heydər Əliyev Fondunun xətti ilə
Həştərxanda mədəni tədbirlərin keçirilməsinin mümkünlüyü qeyd
edildi. Eyni zamanda, Azərbaycan ilə Həştərxan arasında balıqçılıq
sahəsində əməkdaşlıq məsələsi diqqət mərkəzində oldu, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA
İctimai Birliyi ilə birgə nərə balıqları ilə bağlı layihənin həyata
keçirilməsi müzakirə edildi.
Aleksandr Jilkin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
"Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə" ordenini və
xatirə hədiyyəsini təqdim etdi.