Şadlıq sarayları üçün "əcəl zəngi" çalınır. Toy
mərasimlərində israfçılığa qarşı rəsmən mübarizə tədbirlərinə start
verilməsi restoran sahiblərini təşvişə salıb. Artıq israfçılıq edən
şadlıq evlərinə cərimə tətbiq olunacağı haqda Axar.az-ın yazdıqları
təsdiqlənməkdədir.
İlk olaraq şadlıq saraylarına 3-4 min manat civarında cəza
kəsiləcəyini yazmışdıq. Oktyabrın 20-də Qafqaz Müsəlmanlar
İdarəsinin, ardınca İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı
məlumatlar da yazdıqlarımızın rəsmi təsdiqi hesab oluna bilər.
Deməli, yaxın günlərdə toy mərasimləri islahatlarına
başlanacaq.
Əldə etdiyimiz məlumata görə, toy israfçılığına son qoyulması ən
yüksək eşalonda qəbul olunmuş qərardır. Hökumət rəsmiləri yaranmış
vəziyyətin getdikcə pisləşdiyini proqnozlaşdırıb, bu addımı
atıblar.
Belə ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna
uyğun olaraq, istehlakçıların malları və xidmətləri sərbəst seçmək,
keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi
mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək və
sair hüquqları var.
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatda
deyilir. Qanuna əsasən, istehlakçını keyfiyyətsiz və ya ona lazım
olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək
qadağandır. İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər
mal və xidmətin alınması ilə şərtləndirilə bilməz. İstehlakçı
satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq
hüququna malikdir.
Şənlik məclisi təşkil etmək istəyənlərə hüquqlarının qorunması üçün
aşağıda qeyd olunanlara diqqət yetirmələri tövsiyə olunur:
- Məclislərin keçirilməsi üçün şadlıq evinə sifariş verilməzdən
əvvəl obyektin vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş və
göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər
şərtləri əks olunmuş qiymət cədvəllərinin (menyunun) təqdim
olunmasına;
- Qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və
sərinləşdirici içkilərin, desertlərin və s. siyahısına yalnız
müəyyən etdiyiniz malların daxil edilməsinə;
- Məclisdə səsləndirmək istədiyiniz musiqi, əyləncəli
proqramlar, rəqs nömrələri, kəbin kəsilməsi və s. xidmətlərin
siyahısının yalnız müəyyən etdiyiniz xidmətlərdən ibarət
olmasına;
- Məclisdə qonaqlara təqdim etmək istədiyiniz yeməklərin,
alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və göstəriləcək
xidmətlərin və s. konkret adı, miqdarı, qiyməti və s. əks olunmuş
müqavilə bağlanılmasına;
- Göstərilmiş xidmət müqabilində ödədiyiniz məbləği təsdiq edən
ödəniş sənədlərinin (kassa çeki, qəbz) ödəniş edildikdən dərhal
sonra təqdim olunmasına.
Bu tələblərə əməl olunarsa, təşkil etdiyiniz məclis əsl şənlik
əhval-ruhiyyəsi yaradacaq, uzun müddət xoş təəssüratla
xatırlanacaq.
Məclislərin təşkili zamanı hüquqlarınızı pozan, o cümlədən sizi
əlavə çeşiddə mal və ya xidmət almağa məcbur etməyə cəhd edən
şadlıq evləri barədə 498-15-01 və ya 498-15-04 saylı telefonlarla
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya 195-2
telefon nömrəsi ilə Nazirliyin Telefon Məlumat Mərkəzinə müraciət
etməyiniz xahiş olunur.