Rusiyanın Komi Respublikasının Dövlət Şurasının
deputatı, terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilərək həbs
olunan azərbaycanlı Akif Sayadov saxta ittihamlarla həbs
edilib.
Bu barədə açıqlamasında həbs olunan deputatın oğlu Fuad Sayadov
məlumat verib.
Onun sözlərinə görə, Akif Sayadov şəxsi mübahisənin qurbanı
olub: "Akif Sayadov son vaxtlar hüquq mühafizə orqanları tərəfindən
iki dəfə şərlənməyə məruz qalmışdı. Rusiya Federasiyası Komi Muxtar
Resrublikasının baş prokuroru Sergey Bajutov iki dəfə Akif Sayadova
qarşı saxta ittihamlarla cinayət işi başladı. Atamın baş direktoru
olduğu "Uxtaneftqazgeologiya" ASC-də yoxlamalar başlandı. Amma, heç
bir sübut tapa bilmədikləri üçün cinayət işinə xitam verildi. Amma,
prokuror yenə də onunla prinsipini davam etdirdi. Bu dəfə isə onu
daha gülünc bir ittihamla təqsirləndirmək istəyirlər".
Deputatın oğlu deyir ki, Akif Sayadova qarşı terrorçuluğu
maliyyələşdirmə maddəsilə cinayət işi başlanıb. Bu ittiham isə
həddindən artıq absurd sübutla əsaslandırılır: "İttihamda
göstərilir ki, guya Akif Sayadov müsəlman ölkələrinə tez-tez səfər
edir və bu müsəlman ölkəsi də Azərbaycandır. Atamın Azərbaycana
tez-tez gəlməsi isə ailəmizlə bağlıdır. Çünki ailəmiz Bakıda
yaşayır və atam da təbii ki, tez-tez ailəsinə baş çəkməyə gəlir.
Atamın Azərbaycandan başqa heç bir xarici ölkəyə tez-tez səfərləri
olmayıb və bunu istintaq da təsdiqləyir. Elə burdan da məlumdur ki,
atama qarşı irəli sürülən ittihamlar tam saxtadır. Atam baş
prokurorun sifarişi ilə həbs edilib və ona qarşı irəli sürülən
ittihamlar da əsassızdır".
Fuad Sayadov hazırda atasının səhhətindən də narahat olduğunu və
onun həyatına təhlükə yarana biləcəyindən narahatdır: "Atam ağır
xərçəng xəstəsidir və mütəmadi həkim nəzarətindədir. Son vaxtlar
isə onun xəstəliyi daha ciddiləşib. Həbs olunduğu günə qədər o, 6
seans kimyaterapiya alıb. Bunu baş prokuror da bilir. Növbəti
kimyaterapiya seansı isə noyabrın 2-də olmalı idi. Amma baş
prokurorun sifarişi ilə o, oktyabrın 27-də bilərəkdən həbs edilib
ki, o, müalicəsini yarımçıq qoysun. Əgər noyabrın 2-də atam
kimyaterapiya olunmasa, əvvəlki seansların da heç bir xeyiri
olmayacaq və atamın həyatı təhlükə altında olacaq. Atam oktyabrın
27-də qəfil ittihamlarla həbs edilib saxlanılıb və barəsində dərhal
da həbs qərarı çıxarılıb. Artıq Rusiyanın bütün əlaqədar
qurumlarına müraciət etmişik ki, heç olmasa istintaq dövründə atam
xəstəxana tipli müəssisədə saxlanılsın və müalicəsi davam
etdirilsin".
Xatırladaq ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin Komi
bölməsi də Akif Sayadova qarşı irəli sürülən ittihamları cəfəngiyat
adlandırıb.
Qeyd edək ki, 63 yaşlı A.Sayadov "Uxtaneftqazgeologiya" ASC-nin
baş direktorudur. O, Azərbaycanda - Naxçıvan MR-in Culfa rayonunda
anadan olub. 1974-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunu (indiki
Dövlət Neft Akademiyasını) kimyaçı-texnoloq ixtisası üzrə bitirib.
1990-cı ildə "Uxtaneftqazgeologiya" ASC-nin istehsalat-texniki
təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub.
2006-cı ilin martında "İntaneft" QSC-nin əvvəlcə baş, sonra isə
icraedici direktoru təyin edilib.
2008-ci ilin yanvar-may aylarında "Geotex Menecment" holdinqdə
biznesin inkişafı üzrə direktor işlədikdən sonra yenidən
"Uxtaneftqazgeologiya" ASC-yə qayıdıb. 2011-ci ilin martında Komi
Respublikasının Dövlət Şurasının deputatı seçilib. Hakim "Vahid
Rusiya" fraksiyasının üzvüdür.