Dövlət Bayrağı Günü ilə bağlı bazar günü Azərbaycanın ən
böyük bayrağı ictimaiyyətin iştirakı ilə havaya
qaldırılıb.
Trend-in məlumatına görə, Nazirlər Kabineti
yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı
ilə Dövlət Bayrağı Meydanında Azərbaycan bayrağı ucaldılıb.
Tədbir səhər saatlarında hərbi orkestrın musiqi sədaları və uşaq
xorunun dövlət himnini səsləndirilməsi ilə başlayıb. Mərasim
ictimaiyyətə açıq olub.
Nəhəng bayraq onlarla insanin çiynində meydana gətirilib və 162
m hündürlüyə qaldırılıb.
Qeyd edək ki, Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı
hissəsinin sahəsi 31 min kvadratmetrdir.
İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2,
bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi
çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi
sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət
himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən
hazırlanıb.
Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.