Bu gün noyabrın 10-da "Yeni
Müsavat" qəzetinin nəşrə başlamasından 25 il ötür.
Bu münasibətlə Axar.az qəzetin təsisçisi və baş
redaktoru Rauf Arifoğlunu və "Yeni Müsavat"ın bütün əməkdaşlarını
təbrik edir, onlara fəaliyyətlərində uğurlar
arzulayır.
Xatırladaq ki, "Yeni Müsavat" qəzeti 1989-cu il noyabrın
7-də Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu
orqanı kimi yaradılıb. Qəzetin qurucusu indiki baş redaktor Rauf
Arifoğludur. Qəzetin ilk sayı 1989-cu il noyabrın 10-da dərc
olunub.
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun
müsahibəsini təqdim edirik:
- Rauf bəy, "Yeni Müsavat"
hekayəsi necə yarandı? Bu ideya necə gəldi sizin ağlınıza? Bir
Sovet gənci üçün bu, çox yekə bir ideya deyildi?
- 22 yaşında Milli Azadlıq Hərəkatına qoşulmuşdum. Prosesin
gedişində hərəkat partiyalaşma mərhələsinə qədəm qoydu. Azərbaycan
Mili Demokrat - Yeni Müsavat Partiyası yaratdıq. Partiyaya yayım
orqanı, yayım orqanına da baş redaktor lazım oldu. "Yeni Müsavat"la
bir-birimizə qoşulub, bir-birimizi yaratdıq. 89-cu ilin oktyabrında
Yeni Müsavat Partiyasının elan olunması baş verdi. Bir yayın
orqanının qurulması da həmin dövrə təsadüf etdi. Amma yığılıb çap
olunması, satışa çıxarılması bir xeyli vaxt aldı. Ona görə də 10
noyabr tarixli, "Azadlıq" meydanındakı mitinqə çatdıraq deyə
çalışdıq və çatdırdıq. Həmin mitinqdə 10 mindən çox "Yeni Müsavat"
qəzetinin ilk nömrəsi satıldı.
- Cəmiyyətin reaksiyası necə idi? Müsavat Partiyasının
mətbu orqanı, mitinq günü satışda...
- Heyrətamiz dərəcədə nikbin və gözəl idi ki, Müsavat qayıdır.
Müsavat adında partiyanı Azərbaycan siyasətinə qaytarmaq böyük bir
addım və cəsarət idi. Mən bu prosesə bir partiyaçı olaraq
girmişdim. Və ondan əvvəl də bir illik media təcrübəm var idi -
"Birlik" adında bir dərgi buraxırdım. Məndən başqa qəzeti çıxaracaq
adam olmadığı üçün – 5 nəfər idik heyətdə - bu işi mən öhdəmə
götürdüm və həyata keçirdim. İlk nömrəni çıxardıq və böyük bir səs
gətirdi. Ondan da əvvəl 27 oktyabr 1989-cu ildə biz partiyanın
özünü Gəncə şəhərində elan etmişdik, şəhərin mərkəzindəki mitinqdə.
O da Gəncədə böyük hay-küyə, həyəcana səbəb olmuşdu. Onu da ona
görə elədik ki, əsrin əvvəlində Müsavat Partiyası qurularkən, ona
böyük bir parça da Gəncədən qoşulmuş, Cümhuriyyətimizin ilk
paytaxtı Gəncə şəhəri olmuşdu. Ona görə də bunu Gəncədə etdik. O
zaman Xalq Cəbhəsi çox qüdrətli təşkilat idi. Onun içindən
partiyalaşmağa doğru təşəbbüs göstərmək cəsur addım idi. Biz bu
addımı atdıq, yayım orqanını yaratdıq. Həm Sovetlərə qarşı müharibə
apara-apara, ermənilərlə savaşın içində iştirak edə-edə, bir
əlimizdə də qələm tutaraq, bu işi görməyə çalışdıq. O zaman
bilməzdik ki, bu hekayənin 25 illik davamı var. İndi soruşursuz ki,
böyük addım deyildimi? O zaman üçün bizim addımlarımız böyük bir
prosesin gedişində fraqment sayılırdı. İndi üzərindən 25 il keçir.
Biz 25 illik fasiləsizliyi təmin etdik deyə bu faktın özü o
mahiyyəti böyüdür. Amma o zaman biz gənclər üçün bu, bir fraqment
idi və bilmirdik ki, nə qədər davam edəcək, növbəti nömrə çap
olunacaqmı? Amma başladıq, Allah kömək oldu, millətimiz də qəzeti
almaqla dayaq durdu, buralara qədər gətirə bildik.
- Amma "Yeni Müsavat"ın sizin üçün bir ayrıcalığı var
idi. Mən uzun müddətdir prosesləri izləyirəm. Sizin Cəbhədə
olduğunuz dönəmi də xatırlayıram, AXCP-nin mətbuat xidmətinə
rəhbərlik etdiyiniz dönəmi də xatırlayıram, siyasi proseslərdə daha
fəal olduğunuz dövrləri də həmçinin. Amma "Yeni Müsavat" sizin üçün
sanki həyatınızın projesidir.
- Şübhəsiz ki, elədir... 1989-91-ci illərdə qəzeti qeyri-formal,
gizli şəkildə çıxarırdıq. Bir müddət sonra redaksiyanı tamamən
Gəncəyə köçürmək məcburiyyətində qaldıq. Çünki biz orda -
Gəncəbasarda müharibə aparırdıq. (Ermənilərin yaşadığı Çaykənd
uğrunda aparılan döyüşlər nəzərdə tutulur. Həmin vaxt – 1990-cı
ilin yanvarının ilk on günlüyündə Yeni Müsavat Partiyası 4 şəhid
vermişdi – red.) Müharibəni də AMDP Yeni Müsavat aparırdı - savaşın
ideolojisi və siyasi komissarlığı bizim tərəfimizdən həyata
keçirilirdi. Təşkilatın müəyyən bir qismi ilə mən ora köçdüm,
redaksiyanı da ora köçürdüm. Bakıdakı 20 Yanvar faciəsindən sonra
Gəncəyə də ruslar gəlmişdilər... Günün birində məlum oldu ki, bizi
general Qromov axtarır. O, SSRİ-nin qüdrətli generallarından idi,
Əfqanıstan müharibəsi qəhrəmanıydı. Guya Gəncədə baş verən erməni
qətliamlarını və yerli fəalların ermənilərə qarşı silah götürüb,
savaşmalarını cinayət olaraq araşdıracaqdı. Ağır dövr idi. Bakı
ruslar tərəfindən təkrar işğal altına girmişdi, Gəncədə də Qromov
və SSRİ KQB-si bizə dinclik vermirdi. Amma arxamız da möhkəm idi -
yerli hökumət, polis, xalq bizimlə idi. Ona görə də mən 1990-cı
ilin fevralından sonra təməlli olaraq qəzeti və təşkilatın
mərkəzini Gəncəyə köçürdüm. Amma fəaliyyət təbii ki, leqal deyildi.
Qəzeti iki il ərzində ən müxtəlif yerlərdə - Tiflisdə, Tovuz
mətbəəsində gizli üsullarla çap elədik. Çap olunanları da gizli
Gəncəyə daşıyır, orada bölüşdürürdük və sonra ölkə ərazisindəki
etibarlı adamlarımızla satışa çıxarırdıq. Sonra proses böyüdü,
paralel olaraq da Xalq Hərəkatı davam eləyirdi. 91-ci ilin
oktyabrında Azərbaycan rəsmən müstəqillik qazandı, onda bizə də gün
üzünə çıxma şansı yarandı. 1991-ci ildə qəzeti rəsmi qeydiyyatdan
keçirdə bildik. Elçibəy bizim fəaliyyətimizi izləyirdi və onunla
xüsusi əlaqələrimiz vardı. Elçibəy şəhərin mərkəzdə - 26-lar Bağı
ərazisində yerləşən məşhur qərargahda redaksiyaya iki otaq ayırdı,
biz 1991-in dekabrında oraya daşındıq. AXC informasiya mərkəzi ilə
iç-içə fəaliyyət göstərdik. Lakin Bakıda heç bir mətbəə bizi çap
etmədi. Hələ də kommunistlər iş başındaydı və onlar "Yeni Müsavat"
adında qəzeti çap etməkdən imtina edirdilər. Sonradan "Azərbaycan"
nəşriyyatının rəhbəri olan Nazim İbrahimov bizə yardım etdi -
Sumqayıt mətbəəsini danışdı, çapı orada edəcəkdik. Lakin qəzeti
yığmağa orada imkan yox idi.
Xanlar rayon mətbəəsi ilə əlaqə yaratdıq - qəzeti orada
yığdırır, sonra qatarla Bakıya, oradan Sumqayıta gəlir, çap edib,
yenidən Bakıya daşıyır, satışa sunurduq. Ayda iki dəfə dərc
olunurduq. Bu, işgəncə idi bizim üçün. Amma sevə-sevə qatlanırdıq.
Həmin müddətdə Xalq Cəbhəsi ilə yaxınlaşma davam edirdi. Elə oldu
ki, Nəsib Nəsibzadə ilə birgə Elçibəylə, AXCP İdarə Heyəti ilə
danışdıq, belə qərar qəbul etdik ki, Yeni Müsavat Partiyası
Türkiyədəki Milli Mərkəzin də xeyir-duası ilə Bakıda rəsmən bərpa
edilsin... Bax, bu proseslər bir-birindən ayrılmaz şəkildə davam
edirdi... Həmin prosesdə də gördüm ki, mənim qəzetçilik
qabiliyyətim siyasi fəaliyyət, firqəçilikdən bir addım öndədir,
mənə də daha doğmadır... Sonra işin gedişində bir də baxdıq ki,
hakimiyyətə gəlmişik. O zaman Elçibəyin təklifi ilə mən Xalq
Cəbhəsinin İcraiyyə Komitəsinin üzvü oldum. Həm də Mətbuat və
informasiya şöbəsinə rəhbərlik edirdim. Müsavat Partiyasında
qala-qala. Mən heç zaman başqa bir partiyanın üzvü olmadım. Xalq
Cəbhəsinin də üzvü olmamışam. Ə.Elçibəy məhz mənim orada qalmam
üçün xüsusi bir qərar verdi və mən AXC üzvü olmadan bu hərəkatın 7
rəhbərindən biri kimi fəaliyyət göstərdim. Bir daha vurğulayıram
ki, o zaman artıq Xalq Cəbhəsi hakimiyyətdə idi, Elçibəy prezident,
İsa Qəmbər Ali Sovetin spikeri idi. Belə bir dövrdə mən bir neçə
mətbuat orqanı yaratdım. "Dünya" jurnalı, "Dünya" qəzeti, - həm
rus, həm Azərbaycan dillərində, "Yeni Turan", "Cümhuriyyət"
qəzetləri. Və təbii ki, bunların da başında "Yeni Müsavat" qəzeti
gəlirdi. Doğrudur, ayrıcalıq hər zaman "Yeni Müsavat" qəzetində
olub. Çox şeyi itirmişəm, qurban verməyə razı olmuşam. Bir şərtlə
ki, "Yeni Müsavat" qalsın.
- "Yeni Müsavat"la bu 25 illik səfərinizdə ən böyük
ayrılıqlarınız nə zaman olub?
- Qəzetdən məcburi ayrılığım iki dəfə olub. Biri 45 gün
müddətində MTN-də qaldığım dönəm idi. Məni təyyarə qaçırdana yardım
etməkdə və dövlət çevrilişinə cəhddə ittiham edirdilər. İkinci dəfə
17 ay ərzində ayrı qaldım. Doğrudur, yazılar yazırdım, köşələr
verirdim içəridən, reportajlar, fotolar da həmçinin. Lakin çox
çəkdi və qəzet o qədər ağır vəziyyətə düşdü ki, 2004-cü ilin sonu
2005-ci ilin əvvəllərində fəaliyyətini dayandırmaq, kollektivin bir
hissəsi redaksiyanı tərk etmək məcburiyyətində qaldı. Toparlandıq,
yenidən başladıq, 2005-ci ilin mart ayında türmədən çıxanda qəzet
öz fəaliyyətini davam edirdi, hətta ən çox satılan qəzet statusunda
idi.
- Bir müsahibənizdə oxumuşdum, özünüz də tez-tez
təkrarlayırsız ki, əlifbadakı bütün hərfləri tanıyan istənilən
şəxsi jurnalist edə bilərik...
- (gülür) Bir şərtlə ki, bir ildən sonra durğu işarələrini də
öyrənsin.
- Yəni, "Yeni Müsavat"da jurnalist kimi yetişmək
asandır?
- Yəni, elə mühit yaradırıq ki, onlar üçün "Yeni Müsavat"da
yetişmək asan olsun. Bu zaman əsas yük redaktor korpusunun üzərinə
düşür. Bizdə prinsip hər zaman belə olub: güclü redaktor korpusu,
zəif müxbir heyəti. Amma dinamik, ayaqları ilə hərəkət edən, xəbər
gətirən müxbir heyəti. Bu, bir müddət sonra kompensasiya olunur və
düzəlir. Onların içindən imzalar düzəlir və yetişir. İndi
bildiyiniz gənc imzalar var. Onlar harada yetişdi? Bu mühitdə. Elə
imzalar tanıyıram ki, 7-8 il qabaq yazı yaza, xəbəri normal şəkildə
təqdim edə bilmirdilər. İndi video da çəkirlər, sayta yazı da
qoyurlar, hətta özləri sayt da işlədirlər. Tam universal olublar.
Çox qəribə şeydir, "Yeni Müsavat"çılar haraya getsələr, orda baş
tacı olurlar. Çünki burda elə zəhmətə alışdırılır ki, insan kimi
yox, makina kimi işləmək prinsiplərini öyrənirlər. Ona görə də
hansı mətbuat orqanına getsələr, orda onları əlləri üstündə
saxlayırlar. Mən görməmişəm ki, "Yeni Müsavat"dan gedən hansısa
müxbir getdiyi yerdə autsayder ola.
- Son illərin müşahidəsi göstərir ki, hər nə qədər qəzet
sizə doğma olsa da, sanki Musavat.com saytı daha ağır gəlməyə
başlayıb, ona daha çox həssaslıq göstərirsiz. Bu, nə ilə bağlıdır?
Və seçim etməli olsanız, günün dinamikasına uyğun olaraq hansını
seçərdiniz?
- Mən ənənəvi qəzetçiliyi sevənlərdənəm. Kağız qoxusunu, qəzet
xışıltısını çox sevirəm. Amma zaman keçdikcə gördüm ki, yeni media
gələcəkdir, qəzetlərin kağız variantının xilası da onun ağılla,
paralel tətbiqindədir. Ona görə də bura diqqəti artırdım. Daha çox
gerçəklikdən doğan məcburiyyətdir; seçim lüksü deyil. Etiraf edim
ki, burda - "yeni media"da imkanlar həddən artıq genişdir.
Yararlanmağa, kağız versiyasında itirdiyimiz tirajı elektron
versiyada bərpa etməyə çalışırıq. Bu da gözləmədiyim halda, özünü
fantastik dərəcədə doğrultdu. Qəzetdə bizim ən yüksək tirajımız 30
min civarında olub. Bu gün 100 min civarında saytımıza giriş var.
Qəzetimizin real tirajının 3-4 misli qədər yazılarımız oxunur.
Bunları görür, ona görə də diqqət ayırıram. Hesab edirəm ki,
medianın gələcəyi "nyu media"dadır və ona diqqət ayırmaq lazımdır.
Burda həm də videolu, görüntülü müsahibələr etmək olur. Məsələn, bu
gün ilk dəfədir ki, 25 illik tariximiz boyunca videolu müsahibə
verirəm. Bu, bizim 25 ildə gəlib çıxdığımız nöqtədir. Bəzi
siyasətçilər demiş, "nereden nereye"... (gülür)
- Perspektivləri nə üzərində qurursuz, Rauf bəy? Yaxın
10 il üçün nə düşünürsüz?
- Yaxın 10 ili heç düşünmürəm. Yaxın 1 ili düşünür və 5 ili
planlaşdırıram. 2009-cu ildə İsa Qəmbər bizə təsisçiliyi təhvil
verəndə etdiyim çıxış yadımdadır: "Qarşımdakı vəzifə növbəti 5 ildə
qəzetin mövcudluğunu qoruyub saxlamaq və imkan olsa onu inkişaf
etdirməkdir", - demişdim... Hesab edirəm ki, bir qəzetçi, menecer
kimi İsa bəydən sonra bu vəzifənin öhdəsindən gəldik. O tarixdən
düz 5 il keçib və mən qəzeti qoruya bildim. Çoxları hiss eləmir.
Amma inkişaf da müqayisəyəgəlməz dərəcədə böyükdür. Musavat.com-un
yanında bir rus dilində Minval.az saytı açmışıq. Musavat.com özü də
rusca yayılır. Digər tərəfdən, 5 il bundan öncə 17 min unikal
İP-dən girişimiz var idi, indi bu say minimum 65 min İP-dir.
Hadisələrin pik nöqtəsi olanda 105-110-120 min İP-ə qədər artır bu
rəqəm. Mən unikal İP-dən danışıram. Məsələn, redaksiyada iki unikal
İP var, amma 30-ya yaxın kompüterimiz. Bakıda elə müəssisə var ki,
iki unikal İP ünvanı var, amma 2 minə yaxın kompüteri mövcuddur.
Bunları hesablayanda, yüz minlərlə tirajımız var. Anındaca sayta
qoyduğumuz xəbər dünyanın hər nöqtəsində açılır, oxunur. Daha oraya
qəzet göndərməyə ehtiyacımız yoxdur. Bu baxımdan da hesab edirəm
ki, bu beşillik ərzində qarşımıza qoyduğumuz məqsədə çatmışıq. Amma
indi çox çətin bir mərhələyə qədəm qoymuşuq. Azərbaycanda media,
qələm adamı üçün perspektiv çox dumanlı görünür. Cəmiyyət özü çox
aqressivdir sözə. Dostlar bir sözə, bir yazıya, kiçik tənqidə görə
bəzən bizdən üz döndərir. İqtidar isə ümumiyyətlə, aqressivdir.
İndiyə qədər görünmədiyi halda çərçivələrin hamısını kiçildib.
Heydər Əliyevin vaxtında o qədər böyük çərçivələr var idi ki...
İndi müqayisə edəndə görürük ki, çox demokratik mühit varmış. İndi
o mühit yoxdur. Ona görə də 2015-dən necə çıxacağıq deyə düşünürəm.
Kritik parlament seçkiləri ilidir. Bir də prezident seçkiləri ili
olan 2018-ci ildən öncəki 2017-ci il media üçün kritik dönəmdir.
Ondan necə aşacağıq, bunu düşünməkdəyəm.
- Bir az poetik desək, "Yeni Müsavat" gəmisinin
batmaması üçün hansı qurbanlar verirsiz, nə kimi güzəştlər edirsiz?
Bayaq iqtidarın aqressiyası, müxalifətin kaprizlərindən danışdız.
Bu şəraitdə nələr edirsiz ki, qəzet yarı yolda
qalmasın?
- Təsəvvür edin ki, böyük bir uçurumun üstündən bir ip atılıb və
bir kəndirbaz 25 ildir ki, orda hərəkət edir. Mən o vəziyyətdəyəm -
kəndirbazın uçurumun üstündəki vəziyyətində. "Yeni Müsavat"ın baş
redaktoru olmaq, bu deməkdir. Azacıq sağ-sola çıxmalar,
ehtiyatsızlıq, diqqətsizlik hər şeyin sonu ola bilər. Olduqca
çətin, məsuliyyətli missiyadır. Çoxlu qurban tələb edən, ilk
növbədə öz yaradıcılığına sui-qəsdi tələb edən bir işdir, bunu
deməliyəm.
- Yaradıcılıqdan söz düşmüşkən, niyə yazmırsız? Nə üçün
öz imzanızla, konkret hadisələrə öz baxışınızı, mövqeyinizi ifadə
edən müntəzəm köşə yazıları ilə çıxış etmirsiz?
- Əslində baş redaktorun, menecerin yazı yazması düzgün deyil.
Çünki yazdıqca özünün manevr imkanlarını yazısı ilə bağlayır.
İndiki situasiyada bunun yeganə səbəbi bu deyil... Digər tərəfdən
də, mən indi elə bir layihə üzərində işləyirəm ki, bu layihə məni
sayta, cari xəbərlərə diqqət ayırmağa vadar edir. Köşə yazısı
yazmaq üçünsə mən gərək zaman sərf edəm ona, saytdan diqqətimi
ayıram. Yazı yazsam, hər gün sayta ayırdığım qədər vaxtdan
oğurlamış olacam. Elə bir mərhələni keçirəm ki, bu ciddi, biznes
layihəsidir. Onu mütləq özüm aparmalıyam. Saytın sükanı arxasında
gecə-gündüz, bəzən 16-17 saat özüm oluram. Olmasam çox çətin
olacaq, o etapı ağrılı keçəcəyik. Əməkdaşlar öhdəsindən gəlirlər.
Saytda 20 saat ərzində yayım edirik. Amma öhdəsindən gəlmək tamam
ayrı şeydir, proses və missiya aparmaq, kağız versiyasındakı
liderliyi, xəbər istehsalı prosesini sayta transfer etmək tamam
başqa şeydir... Allah imkan versə, zamanım olsa, üç yarımçıq
kitabım var. Biri türmə qeydlərimdir, həcmi həddən artıq çoxdur,
gündəliklərim var... Qəzetin tarixi ilə bağlı ciddi yazılarım var,
onu bitirib tamamlamalıyam. Bir də bir romanım var. Bunlari
tamamlaya bilsək, nə xoş. Edə bilməsəm, 30-35 illikdə bu mövzuya
yenidən qayıdarıq, siz də məndən müsahibədə soruşarsız ki, o məsələ
noldu? (gülür)
- Rauf bəy, jurnalistikada mübahisəli məsələlərdən biri
jurnalistin vətəndaş mövqeyinin olması ilə bağlıdır. Azərbaycan
kifayət qədər ciddi dönəmdən keçir. Sizin qəzetçilik dönəminiz üç
siyasi quruluşa düşür: sovetlər dönəmi, müstəqilliyin bərpası və
indiki dövr. Sizinçün hansı daha ağır basir: vətəndaş mövqeyiniz,
ya jurnalist mövqeyiniz?
- Vətəni normal vəziyyətdə olan jurnalistlər üçün vətəndaş
olmağa heç gərək yoxdur, elə jurnalist olmaq yetərlidir. Çünki hər
şey yerində olur - dövlət strukturları işləyir, müharibə getmir,
erməni yoxdur, bələdiyyələr çalışır, seçkilər saxtalaşdırılmır...
Amma vətəninin vəziyyəti Azərbaycan kimi olan, gələcəyində də
müharibə gözlənilən bir ölkədə jurnalizmi vətəndaşlıqdan ayırmaq,
qarşı qoymaq cinayət olar, Azərbaycanı başqa yerlərə aparar. Bizim
kimi ölkələrdə vətəndaş özü dövlətin bir parçası olmağa, mövqeli
olmağa məcburdu. Yoxsa, durum daha da pis olar və geriyə dönməz hal
alar. Bütün demokratik təsisatlar məhv olar...
- Az öncə qəzetin tarixindən danışdız, xronoloji
ardıcıllıqla... Necə hesab edirsiz, "Yeni Müsavat"ın qızıl dönəmi
nə zamana təsadüf edir?
- Oxucunun nəzəri ilə götürsək, 1998-2003-cü illərə. Peşəkarlıq
nöqteyi-nəzərdən götürsək, həmin illər qətiyyən qızıl dövr deyil.
Biz partiyalardan öndə olaraq, siyasi savaşda tərəf idik. Qəzetimiz
bir döyüş makinası kimi savaşırdı. Mən özüm üçün bir mütəxəssis,
menecer kimi qızıl dövrü son illər hesab edirəm. Kimsəyə xüsusi
nümayiş etdirmədən, özümüzü tərifləmədən, gözə soxmadan "Yeni
Müsavat"ın bazasında milyonlarla vəsait qoyulmuş saytlardan,
agentliklərdən daha güclü, daha oxunaqlı və etibar olunan bir media
gücü yarada bilmişik. Bu, mənim aləmimdə Azərbaycan mətbuatına
verdiyimiz ikinci nəfəsdir. Musavat.com olmasaydı, internet
məkanında vəziyyət, balans, hadisələrə yanaşma, obyektivlik tamam
başqa cür olardı. Biz bu üstünlüyü hiss etdirmədən, qısqandırmadan,
qorxutmadan əldə edə bildik. Biz bunu ki, qura bildik, bu, özü
böyük uğur idi. İndiki çətin situasiyada yarış mühiti yaratdıq.
Ciddi xəbər istehsalçısına çevrilmişik. Ölkənin əksər saytları hər
səhər iş gününü bizim müsavat.com-a yüklədiyimiz 100 min işarə
həcmindəki yazılarımızı oxumaqla, onları nəzərə almaqla
başlayırlar.
- Mediada rəqibləriniz çox güclüdür?
- Mənim əsas rəqibim hal-hazırda məndə olmayan sərmayə
imkanlarıdır ki, mən daha böyük işlər görə bilərdim. O saytlara ki,
çoxlu pul qoyulur, onu mən edə bilmirəm. Mən onu peşəkarlığın
sayəsində kompensasiya edirəm. İqtidar mənim böyük pul qazanmağıma
imkan vermir. Bunu artıq dəqiq bilirəm. Bəlkə də düşünürlər ki,
pulum çox olsa, aparıb Müsavata verərəm... Məsələn, imkanımız var
ki, ayda 1 milyona yaxın pul qazanaq. Bu, ildə 10 milyona yaxın
vəsait deməkdir. Belə olarsa, buna imkan verərlərsə, mənim ortaya
qoyduğum iş də, standartlar da fərqli olar, Azərbaycan mediasının
siması da dəyişər. Buna imkan verilmir. Mən reklam bazarından
tamamən kənarlaşdırılmışam, o bazara girməyə imkan vermirlər. Bu,
mənim üçün çatışmayan nöqtədir. Qeyri-bərabər mühitin yaradılması
da bununla bağlıdır.
- Amma o milyonlarla pul qoyulan saytlar da "Yeni
Müsavat"a istinadla və istinadsız xeyli xəbər qoyurlar. Bu, necə
bir duyğudur?
- Bu, yaxşı duyğu deyil. Ümumiyyətlə, bir-birindən xəbər
götürməyə son vermə ilə bağlı təşəbbüsü dəstəkləməyə başlamışam.
Düzdü, biz də xəbər götürürük başqa saytlardan və istinad da
veririk. Amma bu praktikaya son vermək lazımdır. Xəbəri agentliklər
istehsal etməli, qəzetlər abunə olaraq onu satın almalıdır. Mənim
xəbərim başqa saytın manşetində getməməlidir. Başlığı dərhal
dəyişirlər; mətndə də bircə cümlə ilə verirlər ki, filan sayt
musavat.com-a istinadən yazır... Qalanı bunların adından gedir,
xəbərin altına da öz imzalarını qoyurlar. Görünür, o mövzuya
qayıdacağıq ki, saytlar bir-birindən xəbər götürməsin.
- "Yeni Müsavat"ın ünvanına deyilən ən xoş söz və ən
ciddi tənqid...
- Xoş sözlər çoxdur, ölkədən, onun hüdudlarından kənardan
deyilən xeyli təriflər var. Bir xoş söz minlərlə tənqidi əvəz edir
mənimçün. Bilirəm ki, doğru yoldayam. Sizə bir nümunə deyim. Bir
vaxtlar Müsavat Partiyası mənim məsələmi Divana qoyurdu. Uzun-uzadı
müzakirə gedirdi ki, niyə "Yeni Müsavat"da Məmməd İsmayılın şeiri
dərc edilib və onun şrifti Divan üzvünün müsahibəsindəki şriftdən
daha iridir? Bunun müzakirəsi saatlarla gedərdi ki, bu xəyanətdi,
Rauf Arifoğlu pul qazanmaq istəyir, partiya maraqlarını kənara
qoyub və s. O zaman məni ancaq İsa bəy müdafiə edərdi. Sonra
vəziyyət dəyişdi ki, niyə Fəzail Ağamalı, başqa kənar şəxslər bu
qəzetdə müsahibə verir? "Ancaq biz müsahibə verməliyik", -
deyirdilər. Mən çıxırdım, müqəssir qismində izahat verirdim ki, hər
səhifədə "yaşasın Müsavat" yazmaqdansa Müsavat adına ümummilli
qəzet buraxaq, hər kəsin qəzeti olsun. Sonra partiyanın rayon
təşkilatları rəhbərləri başqanlığa məktub yazırdılar ki, küçədəki
dilənçidən belə müsahibə götürürlər, amma bura adam göndərib bizdən
müsahibə almırlar... Bütün bunların hamısı məlumatsızlıqdan,
qəzetin mandatı barədə təsəvvürlərin olmamasından irəli gəlirdi.
Mən illərlə günahkar qismində özümü bu cür iddialardan müdafiə
etmişəm. İndi guya mühit dəyişib. Lakin iddialar və onları
səsləndirənlər dəyişməyib. Həmən kültürsüzlük, məlumatsızlıq...
Böyük mənada yanaşanda isə mənim unuda bilməyəcəyim heç nə yoxdur,
heç zaman "yük" götürmürəm. Heç zaman elə xüsusi adam yoxdur ki,
onun kinini xüsusi olaraq saxlayım. O adam ona nail ola bilmir. Mən
kin saxlamıram. Bunu özümə qadağan etmişəm.
- Əslində qəzetçinin kini, kin yaddaşı
olmamalıdı...
- Bəlkə də olmamalıdır. Əvvəl məndə vardı və bu, mənə çox mane
olurdu. Ona qadağa, buna qadağa... Əlimdəki hakimiyyətdən
başgicəllənmə, onu olmaz, bunu olmaz. Sonra anladım ki, bu doğru
deyil. Bu prinsiplə irəli getmək olmaz. Ona görə də özümə belə
məsələlərdə şəxsi simpatiyamı ön plana çıxarmağı qadağan etdim.
Sevdiyim onsuz da mənimdir, qalanlarına isə dözürəm. Və onları da
qəzetə qazandırıram...
- Bu daxili stabillik sizin dini baxışlarınızla
əlaqəlidirmi? Həcc ziyarətindən sonra...
- Güman etmirəm. Bağışlamaq taktikası olduqca rahat bir şeydir.
Təkcə taktika yox, içəridə o "ustanovka"nın olması qədər gözəl şey
yoxdur. İnsanlar bilirlər ki, sən o adama nə qədər pislik eləsən
də, o, qapını açıq qoyacaq...
- Nə zamansa jurnalistika fakültəsində dərs demək
istəyərsiz? Məsələn, biz tələbə olanda bizə jurnalistikada çalışmış
şəxslərdən Zeynal Məmmədli dərs deyirdi və onun təcrübələrini
dinləmək xoş idi... Siz bu qədər təcrübəsi olan birisi kimi pedaqoq
kimi dərs demək istəyərsiz? Yoxsa kadrları ancaq "Yeni Müsavat"da
yetişdirəcəksiz?
- Mən pedaqoq fəaliyyəti barədə heç düşünmürəm. Heç indiki anda
bizi yaxına da buraxmazlar. Bəlkə təqaüdə çıxandan sonra gedib dərs
deyərəm. (gülür) Amma "Yeni Müsavat" məktəbi hər zaman var.
- Sutkanın neçə saatını işləyirsiz?
- 16-17 saat. Saytla qəzet arasında elə əlaqə qurmuşam ki, iş
sistemim bu cürdür. Xəbər istehsalında fərqlilik yaratmaq üçün bunu
etmək zorundayam. Oliqarxların böyük paraları media sektoruna daxil
olub. Bu rəqabətdə uduzmamağın yolu çox çalışmaqdır. Vəziyyət
çətinləşib. Bir az da boş buraxsaq, yazılı qəzetimiz məhv olar.
Açığı, düşünürdüm ki, 25 illiyimizdə mən bəyanatla istefa verər,
qəzeti kollektivin üzərinə qoyub gedərəm kitab yazmağa, dünyanı
gəzməyə. Amma bəyan edirəm ki, bu, mümkün olmadı. Son bir ildə hiss
etdim ki, həddən artıq yüksək enerji ilə işləməyə başlamışam. Öz
işimi, fəaliyyətimi dəhşətli dərəcədə sevməyə başlamışam. Elə
vəziyyət yaranıb ki, işləyə-işləyə ləzzət alıram, həyatımın
mənasının və Allahın yazısının necə gözəl olduğunu anlayıram. Yəqin
ki, növbəti 5 ildə də qərar vermə həddinə gəlib çıxarıq.