Prezident İlham Əliyevin dünən vəzifəsindən azad etdiyi
Qazax Rayon Məhkəməsinin hakimi Elnur Cəbiyev dörd il bundan öncə -
24 fevral 2009-cu ildə Məhkəmə Hüquq Şurası tərəfindən
cəzalandırılıb.
Axar.az xəbər verir ki, o zaman Astara Rayon Məhkəməsinin sədri
işləyən Elnur Cəbiyevlə bağlı Məhkəmə Hüquq Şurasına Şirvan
Apellyasiya Məhkəməsinin sədri müraciət edib.
Şirvan Apellyasiya Məhkəməsi sədrinin şikayətinin
araşdırılmasına Məhkəmə Hüquq Şurasında 2008-ci ilin dekabrın 19-da
başlanılıb. Bundan sonra Şura apardığı araşdırmalardan sonra Elnur
Cəbiyevin baxdığı işlərdə maddi və prosessual hüquq normalarını
dəfələrlə pozduğunu üzə çıxarıb. Məhkəmə Hüquq Şurasının məruzəçi
hakimi Rizvan Kamal oğlu Səfərov Elnur Cəbiyevin dəfələrlə
ədalətsiz qərarlar çıxardığını hazırlanmış qərarda yerləşdirib.
Həmçinin, hakimin xarici vətəndaşların işlərinə baxılan zaman
süründüməçilik hallarına yol verdiyi də deyilib. Belə ki, Elnur
Cəbiyev təqsirləndirilən şəxslərin həbs olunduğu vaxtdan 4-5 ay
keçməsinə qəsdən şərait yaradıb və bundan sonra cəzanı da həbs
olunan tarixə təyin edib. Hökm çıxarıldıqdan bir neçə gün sonra
məhkumlar azadlıqdan məhrumetmə müddəti bitdiyi üçün sərbəst
buraxılıb və ölkəni tərk ediblər.
Məhkəmə Hüquq Şurası apardığı araşdırmadan sonra həmin
qərarlardan verilmiş apelyasiya iddialarına apellyasiya
məhkəməsində baxılmasının çətinlik yarandığını və hətta bunun
mümkünsüz olduğunu bildirib.
Bundan başqa isə Elnur Cəbiyevin İlham Tapdıq oğlu Məmmədov,
Yalçın Zakir oğlu Əsədullayev, Elnur Vəliağa oğlu Cabbarov haqqında
Cinayət Məcəlləsinin 206.2, 234.1, 234.2 maddələri üzrə həddən
artıq sərt qərarlar verdiyi üzə çıxıb. Bu qətnamə isə sonradan
Şirvan Rayon Apellyasiya Məhkəməsində dəyişdirilərək, onların
cızası yüngülləşdirilib.
Sonradan Şura Elnur Cəbiyevə müraciət etsə də, o, Şirvan
Apellyasiya Məhkəməsi sədrinin iddialarının həqiqətə uyğun
olmadığını söyləyib. Məhkəmə Hüquq Şurası yekunda Elnur Cəbiyevin
intizam məsuliyyətinə cəlb edilərək iş yerinin dəyişdirilməsi
haqqında prezidentə müraciət edilməsi haqqında qərar qəbul edib.
Məhz bu qərardan bir müddət sonra Elnur Cəbiyev vəzifəsindən azad
edilərək, Neftçala Rayon Məhkəməsinə hakim göndərilib.
Qeyd edək ki, dünən İlham Əliyev Qazax Rayon Məhkəməsinin hakimi
Elnur Cəbiyevi işindəki kobud nöqsanlara görə vəzifəsindən azad
edilib.
Onu da xatırladaq ki, Elnur Cəbiyev 2000-2007-ci illərdə
Füzuli-Qubadlı Hərbi Məhkəməsinin hakimi, 2007-2009-cu illərdə
Astara Rayon Məhkəməsinin sədri, 2009-2011-ci illərdə Neftçala
Rayon Məhkəməsinin hakimi, 2011-2014-cü illərdə Qazax Rayon
Məhkəməsinin hakimi kimi çalışıb.