"Rusiyaya bir sıra sanksiyalar tətbiq edilməyə başlayan
zaman təklif etdik ki, rublla saxlanılan ehtiyatlar
dəyişdirilsin".
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov
söyləyib.
O, Rusiyada böhranın dərinləşəcəyi təqdirdə azərbaycanlıların
geri dönəcəyini bildirib:
"Rusiyada davam edən böhran daha da dərinləşməyə doğru gedərsə,
bu, Azərbaycan vətəndaşlarının geriyə qayıtmasına səbəb ola bilər.
SWIFT sistemi tətbiq olunsa, Rusiya məcbur olacaq ki, əmək
miqrantlarına pulu nağd şəkildə ölkədən çıxarmasına şərait
yaratsın. Çünki əks təqdirdə qazandıqları pulu ölkələrinə göndərə
bilməyən miqrantların burada işləmək marağı olmayacaq. Hazırda
oradakı miqrantların yarısı qazandıqları pulları ya nağd şəkildə,
ya da banklar vasitəsilə ölkəyə gətirir. Bu qadağa tətbiq
olunduqdan sonra isə miqrantların pulları nağd şəkildə gətirməsi
prosesinə start veriləcək".
İqtisadçı SOCAR-ın Rusiyadakı əmlakını satmalı olduğunu
deyib:
"SWIFT sisteminin tətbiqi SOCAR-a da mənfi təsir göstərəcək.
Azərbaycan Neft Fondunun valyuta ehtiyatlarının bir qismi rublla
saxlanılır. Həmçinin Neft Fondu VTB bankında 2,9% səhmə sahibdir.
Sözsüz ki, bu sistemin tətbiq edilməsi Rusiya banklarının
səhmlərinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxaracaq. SOCAR
Rusiyada mülkiyyətə sahibdir. Rusiyaya bir sıra sanksiyalar tətbiq
edilməyə başlayan zaman təklif etdik ki, rublla saxlanılan
ehtiyatlar dəyişdirilsin. Səbəb isə budur ki, sanksiyalar tətbiq
edilən zaman rublun qiymətdən düşəcəyi öncədən
proqnozlaşdırılmışdı. Eyni zamanda, Rusiyada olan əmlakın satılması
məsələsinə baxmalıdır. Rusiya Avropa Birliyinə qarşılıqlı olaraq
sanksiyaların ləğv edilməsini istəmişdi. Lakin Avropa Birliyinin bu
sahədə fikri birmənalıdır. Yəni yalnız Krımdan rus qoşunları
çıxarıldıqdan sonra sanksiyaların mərhələli azaldılması müzakirə
edilə bilər. Bu isə o deməkdir ki, Rusiya iqtisadiyyatında problem
dərinləşəcək. Ona görə də Rusiyada olan vəsaitin zamanında geri
çəkilməsi prosesinə start verilməlidir".
Qeyd edək ki, Rusiyanın VTB bankının rəhbəri Andrey Kostin bir
müddət öncə verdiyi bəyanatında Rusiya banklarının beynəlxalq ödəmə
sistemi olan SWIFT-dən uzaqlaşdırılması barədə ABŞ-ın apardığı
müzakirələrin müsbət yekunlaşacağı təqdirdə, bu sanksiyanın
müharibə kimi başa düşüləcəyini demişdi.
Onu da xatırladaq ki, SWIFT ümumdünya banklararası
telekommunikasiya sistemidir. Gün ərzində bu sistemdən orta hesabla
6 trilyon dollar keçir. Burada təxminən 210 ölkənin 10 min maliyyə
təşkilatı iştirak edir.