Lider TV Milli Televiziya və Radio Şurasını (MTRŞ)
ittiham edib.
Lider TV-dən Trend-ə daxil olan məlumatda deyilir: "MTRŞ adlı
qurum 25.12.12-ci il tarixində keçirdiyi qeyri-müəyyən və məqsədli
iclasında "Lider TV və Radio Azərbaycan"ın "Televiziya və radio
yayımı haqqında" qanunun pozulması ilə bağlı qərəzli qərarlar
çıxarıb. Maraqlısı ondadır ki, bu qərarlar ilk olaraq yazılı
şəkildə Lider TV-yə göndərilməli olduğu təqdirdə, qurumun
rəhbərliyi və əməkdaşları MTRŞ-nin şər xarakterli xəbərdarlığını
digər KİV-dən alıb. Guya "Lider TV və Radio Azərbaycan" MMC
tərəfindən dekabrın 21-i, saat 19:00-da efirə gedən "Seçim"
verilişinin yayımı zamanı uşaqların fiziki, əqli və mənəvi
inkişafına ziyan vura bilən səhnənin nümayiş etdirilməsi ilə
"Televiziya və radio yayımı haqqında" qanunun 33-cü maddəsi
pozulub. Qeyd edək ki, "Televiziya və radio yayımı haqqında"
Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 31.0.5-ci
bəndinə əsasən terrorizm, zorakılıq, qəddarlıq, milli, dini və irqi
ayrı-seçkilik təbliğ olunmamalıdır. Və biz, "Lider TV və Radio
Azərbaycan" olaraq bunu dərk edirik. Sözügedən buraxılışımızı məhz
buna həsr etmişdik və dayələrin zorakılığına düçar olmasın deyə,
Azərbaycan vətəndaşını, azyaşlı uşaqları olan valideynləri diqqətli
olmağa çağırmışıq və təbii olaraq faktlara əsaslanmışıq. Çox
maraqlıdır, televiziyada kadr göstərmədən zorakılığı necə pisləmək
olar? Bunun üçün zorakılıq edənin qəddar, amansız, zorakılığa
uğrayanın isə məzlum və zavallı olduğunu yazıb, onu kadr kimi efirə
verib və bu yazının üzərində danışmaq lazımdır?! Televiziyanın nə
olduğunu, kadr və vizuallıq, görüntü olmadan heç bir mahiyyət
daşımadığını bilənlər yəqin nə demək istədiyimizi anladılar, adında
televiziya kəlməsi olan MTRŞ-dən fərqli olaraq!
Televiziya jurnalistikası fakta, yəni görüntüyə əsaslanır. Yoxsa
bir anlıq təsəvvür edin: ekranlara bax, beləcə, göy boşluq gəlir və
arxadan bir səs öyüd-nəsihət verir: "Uşaqları döymək
olmaaaaz!!!"
Belə televiziya olarmı? Əslində yox, amma Milli Televiziya və
Radio Şurası hesab edir ki, televiziya məhz belə olmaldır. Dayənin
uşağı döyməsi kadrlarının Lider TV-də göstərilərək təndiq
olunmasından sonra Şura Lider televiziyası rəsmilərinin iştirakı
olmadan iclas keçirib və bizə efirdə zorakılıq göstərməklə bağlı
xəbərdarlıq edib. Ancaq "Lider TVvə Radio Azərbaycan"a olunan
xəbərdarlıq nəyə görəsə digər KİV-lərə göndərilib.
Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi anlayışa görə, zorakılıq
- özünə və başqalarına bilərəkdən ya fiziki, ya da mənəvi xətər
yetirmək, hədələmək, təzyiq göstərməkdir. Bu mənada, düzdür,
nümayiş etdirilən kadrlarda zorakılıq var idi. Amma bu o deməkdirmi
ki, biz onu göstərə bilmərik? Çünki bu cür yanaşsaq, məsələn, "Tom
və Cerri" cizgi filmi başdan-ayağa zorakılıqla doludur. Nə əcəb,
Milli Televiziya və Radio Şurası buna hələ də dözür?
Ciddi danışsaq, əgər bu cür zorakılıq efirə verilməli deyilsə,
onda ümumiyyətlə, televiziyaların işi dayandırılmalıdır. Çünki hər
gün dünyada baş verən terror aktları, iğtişaşlar, kütləvi davalar…
- bunların hamısı zorakılıqdır. O ki, qaldı "Seçim" verilişinə,
MTRŞ efirə baxıbsa, tənqid atəşinə tutduğumuz 1 dəqiqəlik,
dayələrin zorakılığını göstərən kadrları tənqid etməzdən öncə
verilişin aparıcısı Rövşən Raqifoğlunun xəbərdarlıq etdiyini də
görərdi. Görməyib, niyə? Daha bir sualımız var. Hörmətli Teleradio
Şurası, o kadrlar çəkilib televiziyalarda nümayiş etdirilməsəydi,
Xocalı soyqırımının miqyası barədə necə xəbər tutacaqdıq, Xocalı
soyqırımını dünyaya necə sübut edə bilərdik? Bir dəhşətli olaydan
xəbər tutmadan, onu görmədən, göstərmədən onunla mübarizə aparmağı
təbliğ etmək olmur, qərəzli və Lider TV-yə şər atmağa çalışan
MTRŞ!"
Qeyd edək ki, dünən Milli Televiziya və Radio Şurasının növbəti
iclası keçirilib.
İclasda "Lider TV və Radio Azərbaycan" MMC tərəfindən
"Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin
pozulması faktı müzakirə edilib.
"Lider TV və Radio Azərbaycan" MMC tərəfindən dekabrın 21-i,
saat 19:00-da efirə gedən "Seçim" verilişinin yayımı zamanı (saat
19:25) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən
səhnənin - dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq,
xəsarət yetirmə səhnəsinin nümayiş etdirilməsi ilə "Televiziya və
radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü
maddəsinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki,
əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o
cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi
Qaydalar"ın 2.1-ci bəndinin, həmçinin 11 dekabr, 17 dekabr, 18
dekabr, 22 dekabr, 24 dekabr 2014-cü il tarixlərdə "Televiziya və
radio yayımı haqqında" qanunun 35.4; 16 dekabr, 22 dekabr 2014-cü
il tarixlərdə "Televiziya və radio yayımı haqqında" qanunun 35.5;
11 dekabr 2014-cü il tarixdə "Televiziya və radio yayımı haqqında"
qanunun 35.7-ci maddəsinin tələblərinin pozulması (reklamın
yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl
edilməməsi) faktı ilə əlaqədar olaraq "Lider TV və Radio
Azərbaycan" MMC-yə xəbərdarlıq elan edilib.