Bakıda rəhbərləri Qaraçuxur məscidini yandıran "Yekbun"
təşkilatı dağılıb.
Axar.az-a verilən məlumata görə, PKK-nın Azərbaycandakı qanadı
olan qeyri-leqal qruplaşma üzvləri fəaliyyətini dondurub və
tədbirlərin təşkilinə son qoyulub.
Təşkilatın Feysbukda təsis edilən rəsmi səhifəsi də qapadılıb və
admini hazırda həbsdə olan Elnur Ələkbərovdan sonra PKK simpatizanı
olan gənclər dağılışmağa qərar veriblər. Onların bir neçəsi
istintaqa dəvət olunub və ifadəsi alınıb.
Qaraçuxur məscidini yandıranların ölkəmizdəki İraq səfirliyi
qarşısında etiraz aksiyaları keçirmək planı da olub. Onlar bu
aksiyalarda qarışıqlıq salmağı nəzərdə tutublar. Bununla həm
diqqəti İŞİD probleminə yönəltmək, həm də məsciddə xəvariclərin
olduğuna işarə vermək istəyiblər.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən
keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi
rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli
bilinən Azərbaycan Respublikasının vətəndaşları - Nəsibov Namiq
Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar.
Namiq Nəsibovun üzərindən "Makarov" tipli tapança və 8 ədəd 9 mm
çaplı patron, Elnur Ələkbərovun isə üzərindən "Smit-Vesson" markalı
revolver aşkar edilərək götürülüb.
Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr
aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb
Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak
edib.