Yuxarı

Ərdoğanın sensasion gedişi: “Sülh çeşməsi” necə başladı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyada antiterror əməliyyatı başlatması zəruri idi. Əslində, bu əməliyyatın başlaması yox, niyə belə gec başlaması müzakirə edilə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Türkiyənin Suriyanın şimal-şərqində başlatdığı “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatını şərh edərkən deyib. O bildirib ki, mövcud şərtlər Türkiyənin bu əməliyyata başlamasını qaçılmaz edirdi:

“Bəzi iddialara görə, Türkiyə xarici siyasətdə müəyyən nöqsanlara yol verdiyi üçün ordunun müdaxiləsi zərurəti yarandı. Təbii ki, bu versiyanın heç bir əsası yoxdur. Suriyada bütün qlobal və regional güclər təkcə siyasəti ilə yox, həm də ordusu ilə iştirak edir. Çünki bu elə bir problemdir ki, orada “siyasəti düzgün qurmadım deyə, ordudan istifadə etməyə məcburam” düşüncəsi yoxdur. Suriyada illərdir müharibə gedir, qlobal güclər maraqlarını qorumaq üçün bölgəyə ordu yeridiblər. Eyni məntiqlə, “siyasətləri doğru olmadığı üçün ABŞ, Rusiya və ya İran hərbçiləri Suriyaya yeridilib” tezisi irəli sürülməlidir. Suriyada problem görünəndən daha dərindir və qlobal və regional güclərin hərbi birlikləri əraziyə təsadüfən yerləşdirilməyib. Belə şəraitdə Türkiyənin yalnız siyasi danışıqlarla PKK-YPG terroruna qarşı mübarizə aparmasının daha doğru olduğunu iddia etmək Suriyada mövcud olan qlobal güclərin tezisini təkrarlamaqdan başqa bir şey deyil. Türkiyəyə qarşı bu arqumentdən istifadə edənlərin əksəriyyəti min kilometrlərlə uzaqda yerləşən ölkələrdir, ancaq orduları Suriyadadır. Bu və ya digər qrupu silahlarla təchiz edənlər və bir terrorçuya qarşı digər terrorçuya dəstək verənlər hansı məntiqlə Türkiyədən “yalnız danışıqlar” tələb edə bilərlər?”

Politoloqun fikrincə, əksinə, Türkiyənin əməliyyat öncəsi apardığı diplomatik danışıqları və siyasətini yalnız misilsiz adlandırmaq olar:

“Suriyada ən ciddi maraqları olan və bu əməliyyatın keçirilməsini istəməyən əsas ölkələr ABŞ və Rusiyadır. Ərdoğanın qətiyyəti və şəxsi nüfuzu sayəsində Tramp əməliyyat ərazisindən ABŞ hərbçilərinin çıxarılmasına qərar verdi. Bu qərardan sonra Trampın hansı təzyiqlər altında necə açıqlama verməsini bir kənara qoyaraq, fakta diqqət edək. Fakt isə odur ki, ABŞ-ın əməliyyatı pisləməsinə rəğmən ordusunu Suriyanın şimal-şərqindən çəkməsi və türk ordusuna yaşıl işıq yandırması Ərdoğanın diplomatik qələbəsidir.

İkinci tərəf isə Rusiyadır. Ötən gün Rusiyanın da bu əməliyyata qarşı olduğu barədə açıqlaması gəldi, bu gün isə Rusiya XİN rəhbəri Sergey Lavrov açıq mətnlə Türkiyənin həssaslığını anladıqlarını və ABŞ-ın yanlış siyasətinin nəticəsində Türkiyənin Suriyanın şimalına ordu yeritməyə məcbur olduğunu bildirdi. Bu, Türkiyəyə birbaşa dəstək anlamına gəlir. Beləliklə, türk ordusunun türk liderin siyasi-diplomatik uğurunu davam etdirmək üçün Suriyaya girdiyi göz önündədir”.

Politoloq bildirib ki, “Sülh çeşməsi” əməliyyatı ilə bağlı yeganə kəskin reaksiya verən dövlət İrandr. İranın açıqlamasından sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dərhal İranla diplomatik əlaqəyə girməsi və Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etməsi də Türkiyə siyasətinin nə qədər həssas və aktiv çalışdığını göstərir:

“Ankara sübut edib ki, burada Türkiyə dövlətinin suverenliyinə, milli təhlükəsizliyinə təhdid təşkil edən terror qruplaşmalarına qarşı əməliyyat aparır. Əlbəttə ki, bölgədəki dövlətlərin hər birinin maraqları bu məqamda Türkiyənin milli maraqları ilə toqquşur və onlardan Türkiyəyə açıq dəstək gözləməyə ehtiyac da yoxdur”.

A.Camalqızının sözlərinə görə, Türkiyənin bu əməliyyatla böyük maliyyə itkisi ilə üzləşəcəyi barədə iddialar da birtərəflidir:

“Əlbəttə, hərbi əməliyyat zamanı can və mal itkisi qaçılmazdır, sanksiyalar da istisna deyil və Türkiyə iqtisadiyyatında çalxalanma ola bilər. Ancaq birincisi, ölkənin milli təhlükəsizliyi müzakirə mövzusu olanda can və mal itkisi arxa plana keçir. İkincisi, Türkiyənin suriyalı miqrantlara il ərzində xərclədiyi milyardları nəzərə almaq lazımdır.

Türkiyə 3.5 milyon suriyalı qaçqın üçün indiyə qədər 40 milyarddan artıq vəsait xərcləyib. Bunun müqabilində Avropa Birliyi vəd etdiyi 5 milyardın heç yarısını verməyib. Halbuki Türkiyə suriyalı qaçqınların Avropaya qapısını açsa, Avropada ciddi problemlər yaşanar.

Üçüncüsü, suriyalılarla Türkiyənin yerli əhalisi arasında vaxtaşırı toqquşmalar, qarşıdurmalar yaşanır. Bu da Türkiyə hakimiyyətini ciddi şəkildə narahat edir. Ərdoğan məcburdur ki, dövlətin təhükəsizliyini və daxili sabitliyi təmin etmək, sosial gərginliyi aradan qaldırmaq və hər il bir neçə milyardlıq ziyanın qarşısını almaq üçün bu hərəkatı həyata keçirsin. Yəni Türkiyənin mal və can itkisini hesablayanlar 3,6 milyon suriyalı qaçqının saxlanılmasına xərclənən vəsaiti, bu qaçqınların içərisində müəyyən kriminal ünsürlərin olmasını və onların Türkiyədə qətl və soyğunlar törətməyə meyilliliyini nəzərə almalıdırlar. AKP-nin seçkidə İstanbulu itirməsinin bir səbəbi də qaçqınlara münasibətdir. Xatırlayırsınızsa, Ə.İmamoğlu İstanbuldan 800 min miqrantı çıxaracağını vəd etdi və bu vəd ona xeyli səs gətirdi. Demək, yerli əhalinin qaçqınlarla problemləri var və bunu da AKP hakimiyyəti birdəfəlik həll etmək, təhlükəsiz bölgə yaradıb, suriyalı qaçqınları ora yerləşdirmək istəyir”.

A.Camalqızı əməliyyatın müddətinin də həlledici olacağını qeyd edib:

“Türkiyə bu əməliyyata uzun müddətdir ki, hazırlaşır: həm ordunun hazırlığı, təchizatı, həm də diplomatik səviyyədə. Ona görə də ən qısa müddətdə əməliyyatın başa çatması arzulanandır. Çünki ABŞ-da da artıq “dərin dövlət” hərəkətə keçib. Türkiyəyə əməliyyatı tamamlamaq üçün 90 gün vaxt verilməsi gündəmə gətirilib. Ehtimal ki, Türkiyənin də hədəfi bu müddətdə əməliyyatı uğurla tamamlamaqdır”.

Tarix
2019.10.10 / 23:13
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla