"Bəzi özəl televiziya
və radio kanalları gəncləri işğal altında olan torpaqların
təəssübünü çəkməyə yox, barlara çağırır".
Bunu Müdafiə Nazirliyinin
Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin
rəisi, polkovnik Rüfət Əmirov deyib.Onun sözlərinə görə, əsgərlərin hərbi
xidmətlə bağlı məruz qaldıqları ən amansız psixoloji təsir mülki
həyatdan və KİV-lərin ordu həyatı, hərbi xidmət barədə yaydıqları
yalanlardan irəli gəlir.
Bir sıra hallarda bəzi
qüvvələrin ordu ilə cəmiyyət arasında uçurum yaratmaq, ordunun
imicini ləkələmək üçün çalışdıqlarını qeyd edən nazirlik rəsmisi
özəl TV və radio kanallarını tənqid edib:
"Bəzi özəl televiziya və radio
kanalları gəncləri işğal altında olan torpaqların təəssübünü
çəkməyə yox, restoranlara, barlara çağırır. Mənasız, bayağı şoular
təşkil edərək kosmopolit düşüncə və əxlaq tərzini təbliğ
edirlər".
Bu açıqlama zaman-zaman medianın insanları yanlış yönləndirməsi
ilə bağlı aparılan söhbətləri möhkəmləndirdi. "Öncə toyuq yaranıb,
yoxsa cücə" polemikasında olduğu kimi, burada da müzakirə
haçalanıb. Belə ki, ölkədə vətənpərvərlik ruhunun olmadığını deyən
telekanallar reytinq və reklam qazanmaq üçün çarəni daha çox
əyləncə verilişlərində görürlər. Ona görə də günün istənilən
saatında kanallarda evləndirmə, yemək, əyləncə, ailə-məişət
xarakterli verilişlər, tok-şoular seyr etmək mümkündür. Bu
verilişlərə baxa-baxa etiraz edənlər də az deyil. İnsanlarımızda
imtina mədəniyyətinin olmaması çox zaman kanallara bu cür "əl-qol
atmağa" imkan verir.
Bəs nazirlik nümayəndəsinin dediklərində bir həqiqət varmı?
Həqiqətən də gənclərin əhvalının, dünyagörüşünün pozulmasında, daha
dəqiq desək, onların barlara yönləndirilməsində kanallar müstəsna
rol oynayır?
Yeni Müsavat
ənənəvi olaraq bu mövzu ilə bağlı sorğu keçirmək üçün telekanallara
müraciət etsə də, suallarımıza cavab verən tapılmadı. Və bu, artıq
dəfələrlə təkrarlanır. Telekanallarda həmkarlarının - çap
mediasının suallarını cavablayacaq adekvat şəxs ya olmur, ya da
olsa belə cavab vermək istəyən tapılmır.
Media eksperti Zeynal Məmmədli isə bizə açıqlamasında bildirdi
ki, əgər cəmiyyətdə vətənpərvərlik axını varsa, media bunu təqdim
etməlidir. Onun sözlərinə görə, mass-medianın missiyası cəmiyyətdə
baş verənləri işıqlandırmaqdır: "Əks halda, təbliğat vasitəsinə
çevrilərlər ki, bu da onların missiyasına uyğun deyil.
O qurumlar vətənpərvərliyin təbliğatı ilə ciddi, yaradıcı
şəkildə məşğul olmalıdılar. Bunu niyə bizdən umurlar ki? Özləri
işıqlandırsınlar, media da bunu məlumat kimi yaysın. Məsələnin
kökündə medianın azadlığı, sərbəstliyi dayanır. Bunlar olmayanda
hansısa aparıcı verilişində vətən sevgisini ön plana çəkə də bilər.
Amma bu şəkildə vətənpərvərlik də sünidir".
Bununla yanaşı, Z.Məmmədli hesab edir ki, Müdafiə Nazirliyi
rəsmisinin "bəzi özəl televiziya və radio kanalları gəncləri işğal
altında olan torpaqların təəssübünü çəkməyə yox, barlara çağırır"
sözlərində həqiqət var. Müsahibimiz bunu bir jurnalist kimi yox,
onunla empati quran bir şəxs kimi dediyini vurğuladı: "Özümü onun
yerinə qoyuram. Görürəm ki, hər gün efirdə toy-bayram, "beş günlük
dünyadı, yaşa, maşın al, ev al, yaşa" əhvalı var. Bu günah güzgünün
günahı deyil ki. Orda həyat əks olunur. Sadəcə olaraq, güzgünü yox,
özünü dəyişməlisən".