"Azərbaycanda döyüş
hazırlığı çox yüksək şəkildə gedir deyə, ermənilərin marağı bizə
daha da artır".
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov
ermənilərin son vaxtlar cəbhə bölgəsində diversiya əməliyyatlarını
artırmasına münasibət bildirərkən söyləyib.
O, ermənilərin Azərbaycanın döyüş hazırlığından narahat
olduqlarını bildirib:
"Hərbi hissələrdə adətən yanvar aylarından etibarən döyüş
hazırlığı ili başlayır. Yəni bu aylardan etibarən döyüş hazırlığı,
təlimlər aktivləşir. Mən ermənilərin cəbhə istiqamətindəki bu
aktivliyini başqa bir şeylə bağlamaq istəməzdim. İkincisi, əvvəllər
ermənilərin diversiya kəşfiyyat qrupları nəyəsə nail olurdularsa,
indi heç bir şey bacarmırlar. Buna görədir ki, onlar hər dəfə itki
verirlər. Bizim əsgərlərin döyüş hazırlığı yüksək səviyyədədir.
Təbii ki, tərəflərdən biri aktivləşdikcə və döyüş hazırlığı yüksək
olduqca, digər tərəf kəşfiyyat toplayıb, məlumat almaq istəyir.
Yəni müəyyən formada onlar qarşı tərəf kimi öz işlərini görürlər.
Azərbaycanda döyüş hazırlığı çox yüksək şəkildə gedir deyə, qarşı
tərəfin marağı daha da artır. Əlbəttə ki, ermənilərin bütün
təxribatlarının hər birinin qarşısı alınır. Mən bunların hamısını
Azərbaycan Ordusunun döyüş hazırlığının yüksəlişi və qarşı tərəfin
buna marağının artması ilə bağlayıram. Başqa səbəblər sırasında isə
bölgədə və dünyadakı siyasi məsələlər yer alır. Onların həyasızlığı
məhz bu zaman özünü göstərir. Yenə də deyirəm, ordunun döyüş
hazırlığı, Müdafiə naziri, Baş Qərargah rəisinin daim ön cəbhədə
olması erməniləri narahat edir. Onlar da bu narahatlığı belə
formada büruzə verirlər".
Ekspert ermənilərin Ağdam-Tərtər istiqamətini özləri üçün
prioritet məkan seçdiklərini deyib:
"Ermənilərin aktivliyi həmişə ən çox Ağdam-Tərtər istiqamətində
olub. Bu istiqamətdə onların da poliqonları var. Onlar təlimlərini
daha çox məhz bu hissədə keçirirlər. Ermənilərin aktivliyinin
səbəblərindən biri də budur. Həmçinin Tərtər-Ağdam istiqaməti onlar
üçün həmişə prioritet istiqamət olub. Ermənilər hər dəfə də əsas
hücumlarını buradan həyata keçirməyə çalışıblar. Adı çəkilən
ərazidə yaşayış məntəqələrinin çox olması burada insanlar arasında
narahatlıq yaratmağı da asanlaşdırır. Bu bizim orduya da bəllidir.
Ona görə də ermənilərin buradan hücum etmələri hər zaman diqqət
mərkəzində saxlanılır".
Qeyd edək ki, ermənilər ilin əvvəlindən cəbhədə bir neçə dəfə
təxribat törətməyə cəhd göstəriblər. Bir neçə gün öncə 6 nəfərlik
diversiya qrupu təmas xəttini keçmək istəyərkən minaya düşdü və
diversantlar məhv edildi. Ötən gün isə daha iki diversiya qrupu
zərərsizləşdirildi.
Erməni mediası ölənlərin meyitlərinin gizlədilməsindən
narahatlıq ifadə edən ictimai fəalların bəyanatlarını dərc
edib.