Milli Təhlükəzilik Nazirliyinin
96 illiyinə
ittihaf olunur
Çoxsaylı oxucularımın bildiyinə görə, mən uzun illərdir ki,
L.P.Beriyanın və M.C.Bağırovun həyat yollarını araşdırıram. Onlar
yaxın dost olaraq həmişə bir-birlərinə kömək etmişdilər.
Beriya və Bağırova qarşı qurulan tələsik, qeyri-obyektiv
aparılan istintaq, o vaxtların ölçülərilə götürsək, şübhəsiz ki,
sifarişli və olduqca siyasi idi. Ona görə ki, bu ittihamçılar və
onların sifarişçilərinin böyük əksəriyyəti özləri müxtəlif
cinayətlər törədərək, günahsız insanları güllələnməyə məhkum
etmişdilər. Sanki onlar bu cinayətlərin şahidi olmuş Bağırovu və
Beriyanı fiziki cəhətdən məhv etməklə, törətdikləri cinayət
əməllərini və niyyətlərini güllələnmiş insanların məzarlarında
gizlətmək istəyirdilər. İki qəhrəmanımızın həyat tarixçəsinin bir
çox məqamları "yeddi möhürün" arxasında hələ də gizlədilir.
Stalin dövrünə aid siyasi repressiya haqqında arxiv sənədlərini
əldə etmək son dərəcədə çox çətindır. Kreml hökmdarlarının
açılmamış böyük miqyasda cinayətləri hələ də tarixi informasiya
kimi arxivlərdə saxlanılır. Çünki bu arxivlər açıldıqca onların
böyük miqyasda törətdikləri iyrənc işlər adamı heyrətə gətirir…
Lakin tarix göstərdi ki, onlar istəsələr və çalışsalar da, bu
sirlərini gizli saxlaya bilmədilər. Belə ki, 1953-cü ildə
L.P.Beriyanın həbsindən sonra onun şəxsi arxivindən tapılan
sənədlərdə gənc Lavrentinin Azərbaycan Demokratik Respublikasının
xüsusi xidmət orqanlarındakı fəaliyyəti barədə də məlumat var idi.
Beriyanın istintaqı zamanı bu sənədlər barədə ondan soruşulanda,
"Bağırov verib" demişdi. Həqiqətən də bu sənədlər M.C.Bağırovun
göstərişilə Azərbaycan SSR arxivlərindən götürülmüş və Beriyaya
göndərilmişdi. Ancaq məsələ burasındadır ki, Beriya 1923-cü ildə
yazdığı tərcümeyi-halında Azərbaycan Demokratik Respublikasının
xüsusi xidmət orqanlarına, sol yönümlü Hümmət siyasi təşkilatının
görkəmli nümayəndələrindən biri olan Mirzə Balanın təqdimatı ilə
işə götürüldüyünü qeyd edirdi. Bununla da bu hadisə ilə bağlı əlavə
heç bir məlumat verilmirdi.
Uzun illər Beriyanın həyatının bu qaranlıq tərəfini araşdıran
çoxsaylı rus və Amerika yazarları Beriyanın Azərbaycan Demokratik
Respublikasının xüsusi xidmət orqanlarındakı fəaliyyəti barədə
dəqiq məlumat vermirdilər. Məsələn, A.A.Ovsienko "Beriya" kitabında
Beriyanın Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət
orqanlarından bolşevik sıralarına salınmış bir agent kimi, digər
məhşur rus tarixçisi və yazarı B.Sokolov isə müəllifi olduğu
"Beriya" kitabında əks iddianı irəli sürür. Ancaq əsl həqiqət
Azərbaycan tədqiqatçısı, tarixçi-alim Məmməd Cəfərlinin müəllifi
olduğu və tamamilə arxiv sənədlərinə söykənən "Azərbaycan
Demokratik Respublikasının xüsusi xidmət orqanları" kitabında
göstərilir. Bununla da Beriyanın həyat və fəaliyyətini öyrənən
təqiqatçılar arasında 60 ilin mübahisəsinə son qoyulur.
Məmməd Cəfərlinin 1997-ci ildə işıq üzü görmüş "Azərbaycan
Demokratik Respublikasının xüsusi xidmət orqanları" kitabı vasitəsi
ilə ADR hökumətinin Hərbi Nazirliyinin kəşfiyyat və əks-kəşfiyyat
bölməsinin, habelə Əksinqilabla Mübarizə Təşkilatının yaranması və
təşəkkülü sahəsində fəaliyyətini əks etdirən məxfilik qrifi
götürülmüş arxiv materialları və sənədləri ilk dəfə olaraq elmi
dövriyyəyə gətirilir. Bu kitabdan bizə aydın olur ki, Azərbaycan
Demokratik Respublikasının vaxtında yaradılan xüsusi xidmət orqanı
– Əksinqilabla Mübarizə Təşkilatı paritet əsaslarla
formalaşdırılırdı. Yəni Azərbaycan parlamentində olan hər partiya
bu kəşfiyyat strukturunda öz nümayəndələri ilə təmsil olunurdu.
Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay
ərzində Milli Ordunun təşkili prosesində və həmçinin dövlətin
təhlükəsizliyi baxımından general Səməd bəy Mehmandarov, general
Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol
oynamışlar. Belə ki, 1919-cu il mart ayının 28-də Hərbi nazir Səməd
bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin
imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyin Baş Qərargahının
general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi
yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas
fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş
görüldü. Lakin hərbi idarə çərçivəsində olan bu struktur
fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə
yönəldirdi.
1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına
göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı (Məmməd Cəfərli
"Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları",
Bakı – 1997): "Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət
daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə
ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ
bilməz…"
Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün
strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra
mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin
müzakirəsi mümkünləşdi. Azərbaycan Demokratik Respublikasının
parlamentinin qərarı ilə iyun ayının 9-da Vətəni müdafiə sahəsində
fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan – Dövlət Müdafiə
Komitəsi yaradıldı. Respublikanın daxilində və sərhədlərində
vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu
il iyun ayının 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və
elə həmin günlərdə də müvafiq qərarla Azərbaycanın dövlət
sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı –
Əksinqilabla Mübarizə Təşkilatını yaratdı. Qısa müddət ərzində
Bakıda təşkilatın yeddi rayon bölməsi formalaşdı.
Yeni yaradılan bu strukturun rəhbəri Məmmədbağır Şeyxzamanov
idi. Ancaq çox keçmədi ki, paritet əsaslarla formalaşan
Əksinqilabla Mübarizə Təşkilatı işləməz hala gəldi. Əksinqilabla
Mübarizə Təşkilatında təmsil olunmuş partiyaların nümayəndələri
səmərəli işləmək əvəzinə daha çox bir-birlərini pusur və
pozuçuluqla məşğul olurdular. Bu da kəşfiyyat və əks-kəşfiyyat
işini iflic hala salırdı.
Ona görə də bu paritet əsaslı struktur formalaşmasına etiraz
edən Məmmədbağır Şeyxzamanov istefa verir. Məhz Məmmədbağır
Şeyxzamanovun bu addımından sonra paritet əsaslı struktur
formasından imtina edilir. Əksinqilabla Mübarizə Təşkilatının yeni
rəhbəri Nağı Şeyxzamanov isə çox ciddi kadr islahatları həyata
keçirərək, əsasən sədaqətli və peşakarlardan ibarət komanda
formalaşdırır. Bu zaman Beriyanın sədaqətinə tam inanan Nağı bəy
ona daha məsul vəzifəni tapşırır. O, Əksinqilabla Mübarizə
Təşkilatının məktubların yoxlanılması şöbəsinin rəisi təyin
edilir.
Əslində Beriyaya çox ciddi strateji bir sahə tapşırılmışdı. Ona
görə ki, o dövrdə məktublar rabitənin ən birinci növü idi.
Beriyanın bu təyinatı gələcəkdə onu ittiham atəşinə tutanların ən
əsas arqumentinə çevriləcəkdi. Məntiqlə Hümmətin Əksinqilabla
Mübarizə Təşkilatındakı nümayəndəsi paritet prinsiplərə son
qoyulandan sonra istefa verməli idi, lakin Beriya nəinki bu
strukturda öz vəzifəsini qorudu və hətta daha məsul vəzifəyə irəli
çəkildi.