Müdafiə naziri
general-polkovnik Zakir Həsənov31 mart - Azərbaycanlıların
Soyqırımı günü ilə əlaqədar çıxış edib.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir
ki, nazir çıxışında deyib:
"Yoldaş zabitlər, gizirlər (miçmanlar), çavuşlar və əsgərlər
(matroslar)!
31 mart 1918-ci il Azərbaycan xalqının tarixinin qanlı
səhifələrindəndir. Analoqu olmayan bu faciələr əzəli və əbədi
torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin
azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi
soyqırım siyasətidir.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin imzaladığı 1998-ci
il 26 mart tarixli Fərmanın ermənilərin, həmçinin, onların
havadarlarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərin
həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə
çıxarılmasında çox böyük və əhəmiyyətli rolu vardır.
Həmin Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası
müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv
mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli
saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif
edilmiş hadisələr özünün əsl qiymətini alır.
Tariximizin açılmamış və uzun illərdən bəri öz siyasi-hüquqi
qiymətini almamış səhifələrindən biri - xalqımıza qarşı törədilən
soyqırım məhz Ulu Öndərimizin sayəsində beynəlxalq aləmdə geniş
təbliğ olunmağa başlamışdır.
Artıq 17 ildir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı günü
kimi qeyd edilir.
Mən bu gün soyqırım qurbanlarının, ağır zamanlarda xilaskarlıq
missiyası ilə köməyə gəlmiş türk qardaşlarımızın, eləcə də
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsini hörmətlə, ehtiramla yad edir və əmin olduğumu bildirirəm
ki, siz qan yaddaşımızın kəsərli silah olduğunu heç vaxt
unutmayacaq, tarixin ibrət dərslərindən nəticə çıxaracaqsınız.
Müstəqil dövlətimizin iqtisadiyyatı durmadan dinamik sürətlə
inkişaf edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı
həm daxili, həm də xarici siyasət nəticəsində ölkəmizin nüfuzu
dünyada günü-gündən yüksəlir. Ölkəmizə qarşı yönəldilən hər hansı
hərbi təcavüzün qarşısını almağa hazır və qadir ordumuz vardır.
Üçrəngli bayrağımızın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal
altında olan digər torpaqlarımızda dalğalanacağı heç kimdə şübhə
doğurmamalıdır. Biz buna Ali Baş Komandanımızın rəhbərliyi altında
birlikdə nail olacağıq.
İnanıram ki, Azərbaycan əsgəri bundan sonra da Vətən uğrunda
Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinə hər an hazır
olacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlu
nailiyyətlər qazanacaqdır!