Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimovun qayınının məhkəməsi başlayır.
Axar.az xəbər verir ki, Baş
Prokurorluğun məlumatına görə, "Sahil D Company" MMC-nin vəzifəli
şəxsinin qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı artıq
yekunlaşıb.
Komitə rəhbərinin dələduzluğa görə həbs olunmuş qayını Məzahir
Cəfərov "Sahil D Company" MMC direktoru işləyib. Şirkətin təsisçisi
isə Taleh Abdullayevdir. T.Abdullayev komitə sədrnin qardaşı Sahil
İbrahimov və qayını M.Cəfərovla şərik olub.
Prokurorluğun məlumatında deyilir: "İstintaq zamanı Taleh
Abdullayevin rəhbəri olduğu "Sahil D Company" MMC-ni 2007-ci ildə
alğı-satqı müqaviləsi ilə başqa şəxslərə satmasına, bununla da
müəssisəsinin iştirakçısı statusu ilə bağlı malik olduğu bütün
hüquqları, vəzifələri və öhdəlikləri itirmiş hesab edilməsinə,
həmçinin müəssisədə ona məxsus səlahiyyətlərin, eləcə də əmlak
üzərində sərəncam vermək və bütün mülkiyyət hüquqlarının alıcılara
keçməsinə baxmayaraq, özünü qanunsuz olaraq həmin cəmiyyətin
səlahiyyətli şəxsi - direktoru kimi təqdim edərək, hüquq verən
rəsmi sənədləri saxtalaşdırıb aldatma yolu ilə özgənin əmlakını ələ
keçirmə məqsədi ilə, yeni təsisçilər tərəfindən paytaxtın Xətai
rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasında
müxtəlif mənzilləri ayrı-ayrı şəxslərə satmaqla 1 milyon 160 min
manat məbləğində özgə əmlakını aldatma yolu ilə ələ keçirməsində
şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2
(külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin
səlahiyyətlərinin mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət
təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma,
qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham elan olunub.
İstintaq zamanı 775 min manat məbləğində ziyanın ödətdirilməsi
təmin edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib".