Ana səhifə Gündəm |
2020.07.26, 15:08
Hər şeydən əvvəl diqqət ediləsi məqam budur: Ordumuz ermənilərin Tovuz təxribatının qarşısını aldı, yüksəkliklərdə möhkəmləndi, düşmənin ön xətdən arxadakı ehtiyat qüvvələrinə, qərargahlarına, texnikasına ağır zərbələr endirdi, yüzlərlə itki verən düşmən geri çəkilib “gərginliyin azaldılması” üçün yalvarmağa başladı.
Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı son günlər xarici ölkələrdə, xüsusilə Los-Anceles (Kaliforniya) və Brüsseldə ermənilərin azərbaycanlılara hücumunda səfirliklərimizi ittiham edənlərin mövqelərinə münasibət bildirərkən deyib.
A.Camalqızı bildirib ki, Tovuz təxribatında Azərbaycanın son illər nə qədər mükəmməl təşkilatlandığı, hazırlandığı ortaya çıxdı:
“İllərlə aparılan doğru siyasət, düzgün təbliğat, diplomatiyamızın bəlkə də ilk dəfə bu qədər mükəmməl, birgə uğurunu, təntənəsini gördük. Ermənistanın təxribatı Azərbaycanın törətməsi ilə bağlı yalanlarına heç kəs, hətta üzvü olduğu Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatı da inanmadı, dünya siyasətçiləri və hərbi ekspertləri ermənilərin “Azərbaycan Ordusu UAZ-la hücuma keçib” kimi gülünc arqumentinə güldü, istehza etdi. Dünyanın bir ölkəsi, bircə beynəlxalq qurum belə Ermənistanı dəstəkləmədi, əvəzində Azərbaycana qarşı hərbi təxribat edildiyini onlarla ölkə bəyan etdi, Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü müdafiə etdi.
Bunun ardınca isə biz erməni diasporunun hərəkətə keçdiyini gördük. Və ermənilər burada da inanılmaz şəkildə, tarixdə ilk dəfə mükəmməl müdafiə ilə qarşılaşdılar”.
A.Camalqızı xüsusilə Los-Ancelesdə minlərlə erməninin konsulluğumuz qarşısında keçirdiyi aksiyaya qarşı diplomatlarımızın onlarla azərbaycanlını dəstək üçün çağırmasının ciddi tənqid olunmasına kəskin reaksiya verib:
“Sevinc Osmanqızı da daxil olmaqla, adları artıq hamıya bəlli olan ünsürlər iddia edirlər ki, diplomatlarımız yanlış addım atıb və minlərlə erməniyə qarşı onlarla azərbaycanlını dəstəyə çağırmaqla, onların həyatına təhlükə yaradıb.
Olduqca yanlış, soydaşlarımızı ruhdan salan və erməni dəyirmanına su tökən antimilli mövqedir. Diplomatlarımız və diasporumuz həddən ziyadə ağıllı, düşünülmüş və düşmənin iç üzünü açan addım atıblar. Əvvəla, deyildiyi kimi, ermənilərə onların meydan suladığı şəhərdə belə Azərbaycan müqavimət göstərmək imkanında olduğunu ortaya qoydu. İkincisi, əgər doğrudan da 5 min erməniyə qarşı 50 azərbaycanlının etirazı və konsulluğa dəstəyinin erməniləri hövsələdən çıxaracağı və sürü halında çoxluq təşkil edənlərin təxribata əl atacağı əvvəlcədən diplomatlarımız tərəfindən hesablanıbsa, onda o diplomatların mükəmməl təbliğat aparmaq qabiliyyətləri dövlət tərəfindən qiymətləndirilməlidir. Hamı yaxşı bilir ki, orda hansısa can təhlükəsi ola bilməzdi, ancaq ermənilərin hücum edəcəyi mümkün idi. Deməli, ermənilərin “Kaliforniya qalası”nda bu millətin vəhşi mahiyyətini üzə çıxarmaq və bunu təbliğatın əsas vasitəsinə çevirmək fürsəti yaranacaqdı.
Qızışmış və çoxluqdan istifadə edən ermənilər bu səhvi etdilər və beləliklə, öz əsl simalarını göstərdilər, azlıqda olan azərbaycanlılara qarşı zor tətbiq etdilər və bütün dünya, o cümlədən ABŞ polisi bunu gördü, çəkdi, yaydı... Əlbəttə ki, orda Azərbaycan naminə təzyiq alan qardaşlarımız, bacılarımız səngərdə düşmənlə üz-üzə qalan Ordumuzun əsgəri misalıdır. Əgər bu ölkənin generalı sinəsini qabağa verib, təxribatın qarşısını almaq üçün şəhid olursa, niyə ABŞ-dakı soydaşımız təbliğat savaşında sinəsini qabağa verməməli və yaxud buna görə qınanmalıdır?
Bu Vətən hamımızındır – hər birimiz öz düşərgəmizdə, öz dairəmizdə, öz imkanlarımız daxilində mübarizə aparırıq, savaşırıq. Bunu yalnız alqışlamaq lazımdır. Əksinə, diplomatların səhv etdiyini iddia edib, soydaşlarımızda ruh düşkünlüyü yaratmaq və diasporumuzun sıralarına pərakəndəlik salmaq cəhdi indiki məqamda milli xəyanətdir”.
A.Camalqızı vurğulayıb ki, bəlkə də Azərbaycan tarixində ilk dəfə ABŞ-ın Azərbaycandakı səfiri XİN-ə soydaşlarımızın hüquqlarının qorunmadığı, onların təhlükəyə məruz qaldığı və ABŞ hüquq-mühafizə orqanlarının bu təxribatı sonadək araşdırmasının vacibliyi tələbilə dəvət edildi:
“Azərbaycan ilk dəfə idi ki, Brüssel və ABŞ səfirlərinə bu yöndə tələb, etiraz təqdim etdi. Bu fürsəti Azərbaycana soydaşlarımız verdi.
Digər tərəfdən, xəsarət alanların müalicəsini və digər məsələləri Azərbaycan dövləti öz üzərinə götürdü. Azərbaycan dövləti öz vətəndaşı olmayan soydaşlarına belə sahib çıxdı.
Bunlar hamısı bizim tariximizdə ilklərdir və əslində, böyük tarixi günlər yaşadığımızı fərqində olmalıyıq.
Bu ilklərdən biri də Rusiyada ermənilərə azərbaycanlı milyarderlərin bir neçə günlük də olsa, iqtisadi təzyiq göstərməsidir.
Bütün dünyada azərbaycanlıların doğru-düzgün bir siyasi sistemlə təşkilatlandığını müşahidə edirik. Əlbəttə itkimiz var, əlbəttə xəsarət alanlarımız var – ancaq bütün bunlar Vətən üçündür, torpaqlarımızın azadlığı, ermənilərin iç üzünün dünyada tanıdılması və onları bütün cəbhələrdə, bütün istiqamətlərdə məğlub etmək naminədir. Buna qarşı çıxmaq yox, bundan sonra təbliğatımızı bu istiqamətdə daha düzgün qurmaq, ermənilərin vəhşi simasının dünyada tanıdılması üçün ələ düşən bu fürsəti ən yüksək səviyyədə dəyərləndirmək lazımdır”.
Politoloq 1988-ci il Sumqayıt hadisələrini xatırladıb:
“Xatırlayırsınızsa, ermənilər özləri Sumqayıtda qətliamlar törədərək, bunu azərbaycanlıların adına yazdı və bütün dünyada bizi barbar kimi qələmə verməyə nail oldular. Tam 30 ildən də artıq bir zaman keçib və ermənilər öz vəhşi mahiyyətlərini ortaya qoyaraq, əslində onların barbar olduqlarını dünyaya bir daha sübut etmək üçün bizə yaxşı bir fürsət veriblər. Bu istiqaməti davam etdirməliyik və erməni qrantlarına göz dikən, ermənilərin sponsoru olduğu təşkilatlardan pul alan milli satqınların aramıza nifaq salmasına, bu prosesdə erməni təbliğatına dəstək olmasına imkan verməməliyik”.
A.Camalqızı qeyd edib ki, indi savaşın 4-cü mərhələsi başlayır:
“1) Tovuz təxribatının qarşısı qətiyyətlə alındı, ermənilər ağır itki verdi; 2) Onlarla dövlət, o cümlədən Qoşulmama Hərəkatı, İƏT və s. beynəlxalq qurumlar yalnız Azərbaycanı dəstəklədi, Ermənistanı bircə ölkə belə müdafiə etmədi; 3) Dünyanın müxtəlif ölkələrində dəstək aksiyaları keçirildi və burada ermənilər öz vəhşilikləri ilə acınacaqlı duruma düşdülər...
İndi isə 4-cü, hüquqi müstəvidə savaş başlayır. Biz ermənilərin soydaşlarımıza etdiyi zorakılığı mümkün qədər təbliğ etməklə bərabər, hüquqi müstəvidə bu barbarların cəzalanmasına çalışmalıyıq. Heç bir halda onlara adekvat cavab vermək olmaz – ermənilər də məhz bunu gözləyir. Hətta politoloqların belə bir ehtimalı var ki, ermənilər özləri özlərinə xəsarət yetirməklə, bunu azərbaycanlıların etdiyini iddia edə bilərlər.
Biz bu təxribata da hazır olmalı, hüququn aliliyini rəhbər tutmalı və bu istiqamətdə gücümüzü birləşdirməliyik. İnanıram ki, Azərbaycanın diplomatik korpusu da, diaspor nümayəndələrimiz də, xaricdə yaşayan milyonçularımız da bu yolda Vətən üçün nə lazımdırsa, onu da edəcək”.
Tarix
2020.07.27 / 11:39
|
Müəllif
Axar.az
|