Bu gün Bakıda "The Business Year" jurnalının Azərbaycana
həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət və
hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV rəhbərləri və
ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Jurnalın ölkə üzrə meneceri Bətul Çakaloğlu Azərbaycana həsr
edilən növbəti buraxılış haqqında iştirakçılara məlumat verib. O,
qeyd edib ki, jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin, bir
sıra nazirlərin və digər şəxslərin müsahibələri yer alıb.
B.Çakaloğlu xüsusi buraxılışın ərsəyə gəlməsində kömək göstərmiş
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə və
digər qurumlara təşəkkürünü bildirib.
Sonra jurnalın baş redaktoru Leeland Rays son illər Azərbaycanın
dünyada artan nüfuzundan, iqtisadi və siyasi cəhətdən əldə etdiyi
nailiyyətlərdən danışıb. L.Rays bütün bunları nəzərə alaraq
jurnalın daha bir buraxılışının Azərbaycana həsr olunduğunu deyib.
O bildirib ki, bu, Azərbaycan haqqında yazılanların bir
hissəsidir.
Tədbir zamanı mükafatlar da təqdim olunub. "The Business Year"
insanların sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyəti və
ekoloji tarazlığın təmin olunması məqsədilə beynəlxalq dialoqun
inkişafına verdiyi dəyərli töhfələrə görə IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanı "İlin beynəlxalq dialoqu"
mükafatına layiq görüb.
Azərbaycan dövlət siyasətinin təbliği və dövlət imicinin
formalaşdırılması sahəsində və səmərəli fəaliyyətinə görə
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov "The Business Year" şirkətinin xüsusi plakatına laiq
görülüb.
Tədbirdə, həmçinin Gənclər və İdman Nazirliyi "İlin idman
nazirliyi" mükafatı ilə təltif edilib. Mükafat gənclər və idman
nazirinin müavini İsmayıl İsmayılova təqdim edilib. "İlin kənd
təsərrüfatı təşəbbüsü" mükafatına isə "Şəmkir" Aqroparkı layiq
görülüb. Mükafat Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa
Məmmədova təqdim olunub.
Bakı Olimpiya Stadionunun tikintisini həyata keçirən "Tekfen
Constraction" şirkəti "İlin layihəsi" mükafatı ilə təltif olunub.
Mükafat şirkətin prezidenti və İdarə Heyətinin üzvü Löhent
Kavkazhona təqdim edilib.
"İlin daşınmaz əmlakı" mükafatına "Yeni Həyat" şirkətlər qrupu
layiq görülüb. Mükafat şirkətin İdarə Heyətinin sədri Fərid
Həsənova təqdim edilib.
"İlin yenilikçi bankı" mükafatına "TuranBank" layiq görülüb.
Mükafat bankın İdarə Heyətinin sədri Fuad Musayevə təqdim
edilib.
"İlin sənaye təşəbbüsü" mükafatına isə Sumqayıt Texnologiyalar
Parkı layiq görülüb. Mükafat parkın icraçı direktoru İdris Musayevə
təqdim olunub.
Həmçinin, "İlin sənaye istehsalçısı" mükafatına İlknur Bakı
şirkəti layiq görülüb. Mükafat şirkətin İdarə Heyətinin sədri Fərid
Fərhadzadəyə təqdim olunub.
"İlin tikinti təchizatçısı" mükafatına isə "Gilan and Knauf"
şirkəti layiq görülüb. Mükafat şirkətin baş direktoru Cəmil
Muradova verilib.