Ana səhifə Gündəm |
"Eurasianet.org" saytı yenə də maliyyə mənbəyinin siyasi
sifarişinə sadiq qalaraq Avropa Oyunları ilə əlaqədar Azərbaycana
qarşı tamamilə əsassız yazı ilə çıxış edib. Qədim Romada cinayət
baş verəndə həmişə təhqiqatçılar onu törədəndən əvvəl bunun kimə
lazım olduğu sualı ilə çıxış edirdilər. Bu kimi yazıları yazan
qrant-yeyənlər və "5-ci kolon" nümayəndələri məlumdur.
Burada əsas sual qədim Romada olduğu kimi bu kimi yazıları sifariş
edənlərdir. Bu qəbildən olan yazılar onlara nəyə görə lazımdır?
Səbəb çox sadədir.
Soyuq müharibə dövrünə xas əks-təbliğat metodları əsasında təsis
olunan bu portal Soros Fondu tərəfindən birbaşa maliyyələşdirilir.
Soros Fondunun isə dünyada, xüsusilə post-sovet məkanında "rəngli
inqilablar" ssenarilərini təşkil etdiyi və maliyyələşdirdiyi artıq
heç kimə sirr deyil. Soros Fondu da təbii ki, bu məsələdə tək
deyil. Bu fond əslində Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əlaqədar
olan bir fasaddır. Demokratiyadan danışan ABŞ-da Mərkəzi Kəşfiyyat
İdarəsi və Dövlət Departamentinin yalnız 15 dəqiqə ərzində möhürü
və dövlət qeydiyyatı olan NGO və ya şirkət yaratmaq səlahiyyəti
varsa, onda Soros Fondu kimi təşkilatı lazım olan istiqamətə
yönləndirmək nə çətin məsələdir.
Cənab Sorosun həzm edə bilmədiyi ən əsas məsələ Azərbaycanın
qətiyyətli və müstəqil siyasətidir. Azərbaycanın milli maraqlarının
prinsipial şəkildə qorunması fəlsəfəsindən çıxış edən Prezident
İlham Əliyevin şəxsiyyəti və idarəçiliyi bu dairələri Azərbaycana
qarşı soyuq müharibə dövrünü xatırladan psixoloji müharibə
əməllərindən çəkindirmir. Necə ola bilər ki, bu qüvvələrin
nəzarətindən kənar Azərbaycan dövləti müstəqil şəkildə öz
vətəndaşlarının mənafeyi naminə çalışır və kənar diktəyə tabe
olmur?
"Eurasianet.org"un iddialarına gəldikdə isə, dəlil və faktlardan
məhrum olan bu şəxslər tamamilə cəfəng bir fikir irəli sürürlər.
Belə ki, Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Avropa
Oyunlarının məşəlinin aparılmasında iştirakından danışırlar.
Ölkənin birinci şəxsi məgər ölkə əhəmiyyətli bu tədbirdə iştirak
etməməlidir? Bəs onda nəyə görə ABŞ prezidenti reqbi yarışlarında
iştirak edəndə və ya idmançılarla görüşəndə "cool mr.president!"
deyilir? Bəs niyə Fransa prezidenti qələbə çalmış ölkə futbolçuları
ilə görüşür və onda da "Merci president" deyilir? Xatırlatmaq
istərdik ki, Avroviziyada qalib çıxmış ifaçıları qəbul edərkən də
ölkə başçısına qarşı eyni fikirlərlə hücuma keçilmişdi.
ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi ofisinin bağlanmasına
gəldikdə isə, gəlin bu sualdan başlayaq ki, ABŞ xüsusi xidmət
orqanlarına məxsus metodologiya ilə ABŞ maraqlarına yaramayan
Aleksis Şahtaxtinski şərlənmiş və onun Azərbaycandan çıxarılması
təmin edilmişdi. Azərbaycanda ABŞ Dövlət Departamenti və bu ölkənin
XXO-ları tərəfindən idarə olunan Milli Demokratiya İnstitutu, İREX
və sair bu kimi təsisatlardan məhrum olan ABŞ-ın məqsədi əslində
ATƏT-in Bakı Layihə Əlaqələndirici ofisinə öz adamını yerləşdirmək
və Azərbaycana qarşı məqsədyönlü iş aparmaqdan ibarətdir. Amma
Azərbaycan hökumətinin qəti addımları nəticəsində bundan da məhrum
olub.
Praktiki baxımdan ATƏT Layihə Əlaqələndirici ofisinin heç bir
əhəmiyyəti yoxdur. ATƏT-in faydasız təşkilat olduğu hamıya
məlumdur. Guya Layihə əlaqələndirici ofisi vasitəsi ilə
Azərbaycanda həbsxanada və DİN sistemində bir təlim keçirməklə hər
şey həll olunur? Bu kimi təlimlərin keyfiyyətini də görmüşük. Ölkə
reallığından kənar olan və öz ölkələrində universitetlərdə seminar
aparmağa yaramayan şəxslər gəlib nədənsə danışırlar, böyük pullar
mənimsənilir və sonra da bunu uğurlu layihə kimi təqdim edirlər.
Elədirsə, vaxtilə ATƏT çərçivəsində belə bir təklif var idi. Nədən
bütün ATƏT ofisləri məhz Vyanadan Şərqdə yerləşirlər? Şimali
İrlandiya, İslamafobiya və ifrat millətçiliyin ən yüksək həddə
olduğu Almaniya və ya Niderlandda niyə ATƏT-in ofisləri
açılmasın?
Səbəb və bəhanə adlı fəlsəfi kateqoriya bu yazının və onun
sifarişçilərinin əsl məqsəd və məramlarını sübut edir. Avropa
Oyunları, ATƏT və ya daha nəsə yalnız bəhanədir. Əsl səbəb onların
bütün planlarını puça çıxaran Azərbaycan və onun prinsipial
siyasətidir.
Tarix
2015.06.09 / 19:37
|
Müəllif
Axar.az
|