14:05
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Belə ki, ailənin oğlu anasını, atasını və qardaşı arvadını bıçaqlamaqda şübhəli bilinir.
Nəticədə ana - 1971-ci il təvəllüdlü İsmayılova Çiçək Musa qızı aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Salyan rayonunda bıçaqlanan iki nəfərin vəziyyəti ağırdır.
Bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, oktyabrın 27-də saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.
***
Salyanda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Salyan rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, P.İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.