Ana səhifə Gündəm |
2021.04.02. 23:41
Bəzi populistlər sosial mövzulara girəndə elə bilirlər ki, auksiondur, kim daha böyük rəqəm desə, o qalib gələcək. Xalqın intellektual potensialı ilə alay edirlər, mövzuları araşdırmırlar.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, REAL üzvü Natiq Cəfərli iqtisadçı Qubad İbadoğlu ilə REAL sədri İlqar Məmmədov arasında yaşanan “uşaqpulu mübahisəsi” haqda qeyd edib.
Ekspert bildirib ki, bə rəqəmləri səsləndirənlər boğazdan yuxarı danışırlar:
“Biz isə məsələlərə həmişə məsuliyyətlə yanaşmağa, özümüzü gələcək hökumət kimi düşünməyi öyrətməyə çalışırıq. Sən bu gün çıxıb, “hər uşağa 300 manat verilsin”, deyirsənsə, deməli, sənin hakimiyyətə gəlmək fikrin yoxdur, içiboş populizmlə məşğulsan, gələcəkdə özünü hökumət kimi görmürsən. Ölkədə 2,8 milyon 18 yaşına qədər uşaq var, hər birinə 300 manat versək, bu, ilə 10 milyard manatan çox, 200 manat versək, 7 milyard, 100 manat versək, 3,5 milyard manat edəcək. Büdcə isə 25 mlrd. manat civarındadır.
Gələcəkdə bu hakimiyyətə qalib gəlib özü hökumət olmaq istəyən ciddi siyasi qüvvə təklif verərkən bunun mənbələrini də elan etməlidir, amma həmin populist kəsim nə deyir?! Deyir ki, oliqarxlardan alıb paylamaq lazımdı. Tipik bolşevik düşüncəsidir, amma, tutalım elədir, 1 il onlardan aldın, 2 il alıb payladın, bəs sonra?!”
Ekspert bildirib ki, uşaqpulu məsələsi mütləq həll edilməlidir, amma bunun ədalətli və davamlı olması lazımdır, bunun üçün isə ilk növbədə ehtiyacı olanlar, sosial vəziyyəti ağır olan ailələr almalıdır:
“Hamıya, məsələn, 20-30 manat verməkdənsə, ehtiyacı olanlara 100-150 manat vermək daha doğrudur.
Ölkə büdcəsidən ilə 1 mlrd. manatı bu məsələyə ayırmaq olar - bunu əsaslandırmaq mümkündür. Belə yanaşmanı həm hökumətdən tələb etmək lazımdır, həm də özümüz hökumət olanda edə biləcəyik.
Siyasətçi məsuliyyətli olmadısa, populizm "qusdusa", eləsindən heç kimə xeyir gəlməyəcək, bunu dəqiq bilin...”
Qeyd edək ki, REAL sədri İlqar Məmmədov uşaqpulunun verilməsi ilə bağlı partiyanın mövqeyini açıqlayıb və təkliflər səsləndirib. Bildirib ki, 2022-ci il üçün uşaqpulu təklifi ehtiyacı olan ailəyə ikinci uşağa görə ayda 100 manat, bütövlükdə il ərzində təxminən 1 milyard manat olsun!
İ.Məmmədovun “uşaqpulu mövzusunda xalqı aldadıb-alçaldan yaramaz siyasətçilər” ifadəsi isə iqtisadçı alim Qubad İbadoğlunun kəskin reaksiyası ilə üzləşib.
Q.İbadoğlu İ.Məmmədovu sadə riyazi hesablama aparmağı bacarmamaqda suçlayıb və ondan “yaramaz, debil” sözlərinə görə üzr istəməyi tələb edib. Bu üzrdən sonra isə onunla bu mövzuda debata hazır olduğunu açıqlayıb.
Tarix
2021.04.03 / 11:39
|
Müəllif
Axar.az
|