Yeni il xarici ölkələrdə daha təmtəraqlı və maraqlı qeyd
edilir. Bəlkə də bu, onların təklif etdiyi xidmətlər və bu
xidmətlərə görə tələb olunan qiymətlərin daha münasib olması ilə
əlaqədardır. Yerli turizm obyektlərinin hazırladığı yeni il şou
proqramlarında yüksək qiymətə rast gəlsək də, keyfiyyət yüksək
olmur. Yeni il gecəsini daha maraqlı və ailə büdcəsinə qənaət
etməklə necə keçirmək olar. Gəlin qiymətlərlə tanış
olaq!
Paytaxtda istirahətin qiyməti daha bahadır. Bəzi otellərdə
günlük istirahət qiymətləri xarici ölkələrdəki həftəlik istirahət
qiymətlərindən də yüksəkdir. Turizm üçün əlverişli olan bölgələrdə
də vəziyyət heç də paytaxtdan fərqlənmir. Elə bu səbəbdəndir ki,
vətəndaşlarımız xaricə üz tuturlar.
Avropa ölkələrində Yeni ili qeyd etmək istəyənlər ən azı 1 ay
əvvəldən ciblərinə münasib yerləri müəyyən edib bron etməlidirlər.
Otellər iki ay əvvəldən yeni il tur paketlərini ölkələrdəki turizm
şirkətlərinə göndərməklə daha çox turist cəlb edirlər. Həmçinin
turist cəlbi üçün onlar sosial şəbəkələrdə və internet
portallarında video çarxlar da yerləşdirirlər.
Bütün bunlara baxmayaraq, bu otellərdə qiymətlər daha münasib
olur. Hətta ölkə daxilində müqayisə edilməyəcək dərəcədə.
Turizm Agentliyinin nümayəndəsi Pərviz Qasımov: "Azərbaycan
otellərini, yəni paketlərini hesablasaq digər xarici ölkə səyahət
paketlərindən dəmək olar ki, iki dəfə fərqlənir. Yəni, baha
qiymətlə müşahidə olunduğuna görə, yəni, Azərbaycan otellərində
istirahət etmək elə də rentabelli deyil".
30-31 dekabr və 1 yanvar tarixlərində ölkəmizdə olan ümumi
otəllərin qiyməti 2 gecə 3 gün üçün 380 -1800 manat arasında
dəyişir. Bu qiymətə isə xarici turizm obyektlərinin təklifləri və
xidmətləri daha cəlbedicidir.
Yerli turistlərin ən çox üz tutduğu Birləşmiş Ərəb Əmirliyindəki
otellərin qiyməti 2 gecə 3 gün olmaqla 275-2700 manat, Türkiyədə
bayram keçirmək istəyənlər üçün 200-600 manat, Gürcüstanda isə daha
ucuz 180-400 manat arasında dəyişir.
Təklif olunan bu qiymətlərə isə gün ərzində 3 dəfə yemək də
daxil edilib. Bundan başqa həmin otellər daha çox turist cəlb etmək
üçün xüsusi endirimli paketləri də təklif edirlər. Məsələn,
Birləşmiş Ərəb Əmirliklərinə 1 ay əvvəldən satılan tur paketin
qiyməti aviabilet də daxil olmaqla 300-350 manat arasında dəyişib
(ANS).