Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqı təbrik
edib.
Dövlət başçısı təbrik çıxışında deyib:
"- Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlər!
2013-cü il arxada qalır. 2013-cü ildə ölkəmizin dinamik inkişafı
təmin edilmişdir. Qarşımızda duran bütün məsələlər öz həllini
tapmış və ölkəmizin hərtərəfli inkişafı davam etmişdir.
2013-cü il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Ölkəmizin bütün
istiqamətlər üzrə inkişafı hər bir Azərbaycan vətəndaşını
sevindirir. Bizim beynəlxalq mövqelərimiz möhkəmləndirilmişdir.
Azərbaycanın həm ikitərəfli və həm də çoxtərəfli formatda
beynəlxalq əlaqələri artmış, güclənmişdir. Biz iştirak etdiyimiz
bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük
beynəlxalq dəstək qazanmışıq. Bu il Azərbaycan BMT Təhlükəsizlik
Şurasındakı fəaliyyətini başa çatdırır. İki il ərzində Azərbaycan
dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasında çox
fəal iştirak etmişdir. Beynəlxalq hüququ, ədaləti müdafiə
etmişdir.
Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları pozulur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması
bunu bir daha göstərir. Əfsuslar olsun ki, bizim torpaqlarımız uzun
illər işğal altındadır. Beynəlxalq təşkilatların qərar və
qətnamələri icra edilmir. BMT Təhlükəsizlik Şurasının dörd
qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş
torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq
Ermənistan buna məhəl qoymur. ATƏT, Avropa Parlamenti, Avropa
Şurası, İslam Əməkdaşlıq Təşkilatının da bu məsələ ilə bağlı qərar
və qətnamələri vardır. Ancaq əfsuslar olsun ki, onlar icra
edilmir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi
bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Başqa variant ola
bilməz. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda
ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi
bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün torpaqlarda
Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar
bütün tarixi torpaqlara qayıdacaqlar. Mən buna əminəm, buna şübhə
etmirəm. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq, daha da
güclü orduya malik olmalıyıq və iqtisadi inkişafı təmin
etməliyik.
Ordu quruculuğu işində böyük uğurlarımız vardır. Azərbaycan
Ordusu bu gün dünyanın güclü orduları sırasındadır. Bu istiqamətdə
hələ görüləcək işlər çoxdur, islahatlar davam etdirilməlidir. Ancaq
deyə bilərəm ki, ölkəmizin hərbi potensialı kifayət qədər güclüdür.
Ən müasir texnika, silah-sursat alınır. Azərbaycanda müasir hərbi
məhsullar istehsal olunur. Bir sözlə, Ordumuzun hərbi potensialı,
döyüş qabiliyyəti artır və bu, bizi sevindirir. Çünki hər bir güclü
dövlətin güclü ordusu olmalıdır. Biz bu istiqamətdə bundan sonra da
fəal siyasət aparacağıq.
İqtisadi siyasətə gəldikdə, bu sahədə son on il ərzində
Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır. Bütün
beynəlxalq maliyyə qurumları və statistik məlumatlar bunu
təsdiqləyir. Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmışdır
ki, bu, dünya miqyasında ən böyük göstəricidir. Bir milyon 200
mindən artıq yeni iş yeri açılmışdır. Yoxsulluğun azaldılmasında
böyük nailiyyətlər əldə edilmişdir. Hazırda yoxsulluğun səviyyəsi
beş faizdən bir qədər çoxdur. İşsizliyə qarşı mübarizə gözəl
nəticələr vermişdir. Azərbaycanda işsizliyin səviyyəsi beş faizdən
aşağıdır.
Beynəlxalq aparıcı reytinq agentlikləri hətta böhranlı illərdə
Azərbaycanın kredit reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli
iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabət
qabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görmüşdür. Bu,
çox böyük nailiyyətdir, çox böyük nəticədir, onu göstərir ki,
ölkəmiz uğurla inkişaf edir. İqtisadiyyatımız çoxşaxəli
iqtisadiyyatdır, təkcə neft amilinə bağlı deyildir. Son illər
ərzində apardığımız iqtisadi islahatlar, iqtisadi siyasət ölkə
iqtisadiyyatının şaxələndirilməsinə gətirib çıxarmışdır. Əminəm ki,
növbəti illərdə iqtisadi sahədə daha da böyük uğurlar əldə
ediləcəkdir. Bizim iqtisadi siyasətlə bağlı proqramımız ardıcıl
şəkildə icra edilir.
Eyni zamanda, güclü iqtisadiyyat əlbəttə ki, sosial məsələlərin
həllinə də kömək göstərir. Azərbaycan bu sahədə də ardıcıl siyasət
aparır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ona görə,
güclü sosial siyasət bizim əsas istiqamətimizdir. 2013-cü ildə
maaşlar, pensiyalar qaldırılmışdır, sovet vaxtlarından qalmış
əmanətlər tam olaraq əhaliyə kompensasiya şəklində verilmişdir.
Digər sosial proqramlar uğurla icra edilir. Əminəm ki, sosial
sahədə siyasətimiz növbəti illərdə davam etdiriləcəkdir. Bunu
deməyə əsas verən bizim güclü iqtisadi potensialımızdır. İqtisadi
müstəqillik olmadan heç bir ölkə özünü tam azad, müstəqil hesab edə
bilməz. Ona görə, hesab edirəm ki, iqtisadi sahədə müstəqilliyin
əldə olunması bizim ən böyük nailiyyətimizdir.
Eyni zamanda, ölkəmizdə siyasi islahatlar davam etdirilir və
davam etdiriləcəkdir. Azərbaycanda demokratik cəmiyyətin qurulması
istiqamətində çox müsbət addımlar atılır, qanunun aliliyi təmin
edilir, bütün azadlıqlar vardır. Azərbaycan siyasi islahatların
aparılması istiqamətində də qabaqcıl ölkələrin birinə
çevrilməkdədir.
Cəmiyyəti ən çox narahat edən korrupsiyaya və rüşvətxorluğa
qarşı mübarizə 2013-cü ildə daha da böyük miqyasda aparılmışdır.
Biz daha da böyük uğurlara nail olmuşuq. Korrupsiyaya və
rüşvətxorluğa qarşı mübarizə bizim siyasətimizin əsas
istiqamətlərindən biridir. Burada həm cəza tədbirləri, inzibati
tədbirlər öz rolunu oynayır, eyni zamanda, sistem xarakterli
islahatlar da bu sahədə böyük irəliləyişə nail olmaq üçün bizə
imkan yaratmışdır. İlin əvvəlində yaradılmış "ASAN xidmət"in
fəaliyyətini mən xüsusilə qeyd etmək istəyirəm. Qısa müddət ərzində
cəmiyyətdə böyük rəğbət qazanmış "ASAN xidmət" bu gün dünyada da
özünü Azərbaycan brendi kimi təsdiqləyir. İl ərzində bu xidmətə beş
yüz mindən artıq vətəndaş müraciət etmişdir. Gələcəkdə "ASAN
xidmət"də göstərilən xidmətlərin sayı artırılacaq və eyni zamanda,
elektron xidmətlərin sayı da artırılmalıdır.
Azərbaycan bu il dünyanın humanitar mərkəzi kimi özünü bir daha
təsdiq etdi. Bu il Azərbaycanda Üçüncü Beynəlxalq Humanitar Forumu,
İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bu iki
tədbir dünya ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir.
Azərbaycan artıq dinlərarası, millətlərarası dialoqun aparılması
üçün özünü bir mərkəz kimi göstərir. Ölkəmizdə mövcud olan dini və
milli dözümlülük, tolerantlıq, bütün xalqların bir ailə kimi
yaşaması bizim böyük nailiyyətimizdir, böyük sərvətimizdir, böyük
üstünlüyümüzdür. Deyə bilərəm ki, ölkəmizin bu sahədə təcrübəsi
dünyada öyrənilir və təqdir edilir.
Əlbəttə ki, neft-qaz sektoru da ölkəmizin gələcək inkişafı üçün
çox böyük məna daşıyır. 2013-cü ildə bir neçə vacib məsələ öz
həllini tapmışdır. Onlardan biri də Trans-Adriatik kəməri
layihəsinin seçilməsidir. TAP layihəsi artıq əsas qaz ixrac
marşrutu kimi təsdiq edilmişdir. 2012-ci ildə Trans-Anadolu qaz
kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir və bu il bu
istiqamətdə böyük işlər görülmüşdür. Dekabrın 17-də "Şahdəniz-2"
layihəsinə start verildi. Bu, tarixi layihədir, tarixi hadisədir.
Bu layihə XXI əsrin layihəsidir, Avropanın ən böyük infrastruktur
və ən böyük enerji layihəsidir. TANAP, TAP, "Şahdəniz-2" layihələri
Azərbaycanın tarixi uğurudur, tarixi nailiyyətidir. Bir daha
Azərbaycan xalqını bu böyük qələbə münasibətilə ürəkdən təbrik
etmək istəyirəm. Bu layihə xalqımızın uğurlu gələcəyi, yaşaması,
ölkəmizin dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyətə malik olan
bir layihədir.
Bu il Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Seçkilər
azad, ədalətli şəkildə keçirilmişdir. Seçkiləri müşahidə edən
xarici qonaqlar seçkilərə çox yüksək qiymət vermişlər. Əsas məsələ
ondan ibarətdir ki, Azərbaycan xalqı seçkilərin keçirilməsinə
yüksək qiymət vermişdir. Seçkilərdə Azərbaycan xalqının iradəsi tam
şəkildə öz əksini tapmışdır. Mənə yenidən böyük diqqət və dəstək
göstərdiyi üçün doğma xalqıma minnətdaram. Azərbaycan xalqını bir
daha əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin uğurlu
inkişafı, gələcəyi üçün var gücümlə çalışacağam.
Bu il Azərbaycan kosmik dövlətə çevrildi. İlin əvvəlində
"Azərspace-1" peykinin fəzaya buraxılması tarixi nailiyyətdir. Bu,
onu göstərir ki, ölkəmiz böyük işlərə, böyük uğurlara imza atır.
Kosmik sənayenin inkişafı ölkəmizin ümumi, intellektual və iqtisadi
potensialını bir daha təsdiqləyir.
Əziz bacılar və qardaşlar, bu gün, eyni zamanda, Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün
azərbaycanlılar, əminəm, fəxr edirlər ki, bu gün güclü Azərbaycan
dövləti vardır. O dövlət ki, öz vətəndaşları üçün çalışır,
vətəndaşlarının qayğıları ilə yaşayır. Müasir, dinamik, demokratik
dövlət ki, bu gün bütün azərbaycanlıların Vətənidir.
Mən bütün Azərbaycan xalqını bir daha Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik
edirəm, hər bir Azərbaycan ailəsinə xoşbəxtlik, firavanlıq,
əmin-amanlıq arzulayıram.
Bayramınız mübarək olsun!" (ANS)