"Azərbaycanın şikayətçi olduğu tək bir məqam
var, o da Qərb dövlətləri və Minsk Qrupunun Dağlıq Qarabağın
həllinə xristian təəssübkeşliyi ilə yanaşmasıdır".
Bu barədə Axar.az-a açıqlamasında ilk gündən Azərbaycanda
keçirilən I Avropa Oyunlarına qarşı təbliğat aparan və hər zaman
insan hüquqlarından danışan Qərbin son bir neçə gündür Ermənistanı
bürüyən kütləvi etiraz aksiyalarına biganə qalması barədə
danışarkən politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, Ermənistanın Qərb tərəfindən aşkarcasına
müdafiəsini hər addımda görürük:
"Son zamanlar bəzi beynəlxalq təşkilatlarda Ermənistan işğalçı
yox, Azərbaycan torpaqlarının bir hissəsinə nəzarət edən dövlət
kimi göstərilir. 20 ildir ki, işğal etdikləri torpaqlarımızda
oturublar, milli-mənəvi mədəniyyətimizi talan edirlər, 350 milyard
dollardan çox ziyan vurublar. Maraqlıdır, bir ölkənin ərazisini
işğal etmədən ona necə nəzarət etmək olar? Qərb yüz illərdir ki,
Ermənistanı öz ağuşunda qoruyaraq onu bir dövlət etmək üçün
var-qüvvəsini sərf edir. İndi isə işğal faktını gizlətməklə,
xüsusən də ölkədaxili prosesləri ört-basdır etməklə Ermənistanın
xaricdəki imicini qoruyub saxlamağa çalışır".
Q.Hüseynli Qərbin bu dəfə Azərbaycanla bağlı çox pis yanıldığını
bildirib:
"Niyə Ermənistanda miqrasiya prosesinin pik nöqtəsi, ordunun
ağır vəziyyəti, insanların maddi rifahının pisləşməsi, sənaye
istehsalının yox dərəcədə olması və ölkənin xaricdən gələn
humanitar yardım hesabına dolanması barədə danışmırlar? Faktiki
olaraq Ermənistan bir dövlət kimi ona lazım olan atributlarından
məhrum olmaq üzrədir. Sadəcə, rus silahının hesabına ayaq üstündə
dururlar. Bütün bunları görməzdən gəlir, Azərbaycanda kiçik bir
hadisə baş verən kimi dərhal hərəkətə keçirlər. Qərbin bu
subyektiv, qərəzli yanaşması illərdir davam edir və bu proses
Oyunlar ərəfəsində öz zirvəsinə çatsa da, mənfi yönlü gözləntiləri
özünü doğrultmadı və Qərb bu dəfə çox pis yanıldı. Demokratiyadan,
insan haqlarından danışılması çox yaxşıdır. Ancaq özlərinə və
Ermənistana gəldikdə niyə susduqlarını özləri də yaxşı
bilirlər".