Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan
Milli Mətbuatının 140 illik yubileyinə həsr olunan "Azərbaycan
milli mətbuatı – 140: "Əkinçi" ənənələri və müasir jurnalistika"
mövzusunda elmi-praktik konfrans keçirilib.
Publika.az-ın
məlumatına görə, tədbiri giriş sözü ilə açan BDU-nin rektoru,
akademik Abel Məhərrəmov bugünkü tədbirin "Bakı 2015" I Avropa
Oyunlarının uğurlu bağlanış mərasimi ərəfəsinə düşdüyünü
xatırladıb. Rektor bildirib ki, "Əkinçi" ilə başlayan Azərbaycanın
müasir inkişafı bu gün "Bakı 2015" I Avropa Oyunları ilə davam
edib.
Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin keçirilməsi ilə
bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamın əhəmiyyətini
vurğulayan A.Məhərrəmov qeyd edib ki, indi Azərbaycan dövləti
ölkədə mətbuatın inkişafı və azadlığı üçün hər cür şərait yaradıb:
"Bu gün Azərbaycanda yüzlərlə KİV, mətbuat yayımı və sairə
fəaliyyət göstərir. Bütün bunlar Azərbaycanda mətbuatın hansı
səviyyədə olduğunu göstərir. Bu gün Azərbaycan mediası sürətlə
inkişaf edir, daha da təkmilləşir. İndi Azərbaycanda əksər KİV
nümayəndələri BDU-nin yetirmələridir. Təbii ki, bu, bizi
sevindirir. Mən bir daha jurnalistləri Milli Mətbuat Günü
münasibətilə təbrik edirəm".
Azərbaycan Prezidentinin köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənov
isə qeyd edib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə bu
il Azərbaycanda mətbuatın 140 illik yubileyi yüksək səviyyədə qeyd
olunacaq. Onun sözlərinə görə, bu yubiley tədbirləri ölkənin bütün
regionlarında təşkil olunacaq: "Biz bununla Milli Mətbuatımızın
inkişaf tarixini, mətbuatın inkişafında önəmli rol oynamış
ziyalıları, jurnalistləri yada salacağıq, onların verdiyi
töhfələrdən danışacağıq. Azərbaycan Prezident Administrasiyasın
nümayəndəsi kimi, ölkə mediasının mövcud vəziyyəti və inkişafı
haqqında danışmaq istəyirəm. Azərbaycan mediasının banisi Həsən bəy
Zərdabidir. Post-sovet məkanında ilk türkdilli media "Əkçinçi" idi.
Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının banisi və görkəmli
ziyalı idi. Həsən Bəy Zərdabinin qurduğu milli mətbuat Azərbaycan
Xalq Cümhuriyyəti dövründə də davam edib. O zamanlar Azərbaycan
mediasının ilk nümunələri yaranıb".
Ə.Həsənov deyib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra
ölkədə yeni mətbuat orqanları yaranmağa başlayıb: "Təəssüflər olsun
ki, bu mətbuat orqanlarının bir çoxu ayrı-ayrı siyasi qüvvələrin
silahına çevrilmişdi. Bu isə mətbuatda bir sıra nöqsanlara gətirib
çıxarmışdı. Ötən əsrin 90-cı illərində hakimiyyətə gəlmiş
Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti mətbuata senzura tətbiq
etmişdi. Bu senzura isə jurnalistlərin fəaliyyətinə maneələr
yaradırdı. Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra
bu senzura aradan qaldırıldı, mətbuata nəzarət edən nazirlik ləğv
edildi və Azərbaycanın aparıcı media rəhbərlərindən ibarət Mətbuat
Şurası yaradıldı. Bütün Azərbaycanda mətbuatın azad və sərbəst
inkişafına əlverişli zəmin yaratdı. Ümummilli lider Heydər Əliyev
tərəfindən Azərbaycan mətbuatına çoxsaylı yardımlar həyata
keçirilib. Sonralar bu siyasət Azərbaycan mediasının inkişafı
istiqamətində Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilib. Azərbaycanda KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondu
yaradılıb".
Ə.Həsənov bildirib ki, indi Azərbaycan mediası ölkə əhalisinin
informasiya ehtiyacını tam şəkildə ödəyir: "Əgər bu gün Azərbaycan
mediası Qərbin qərəzli mövqelərinə və dirənişlərinə cavab verirsə,
bu o deməkdir ki, Azərbaycan mediası ölkənin milli maraqlarına
uyğun fəaliyyət göstərir".