11:00
Prezident İlham Əliyev Azərbaycan Mətbuat Şurasının
üzvləri ilə görüş keçirir.
Axar.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Müsavat"
qəzetinin baş redaktoru Rauf Arifoğlu Feysbuk sosial şəbəkəsində
yayıb.
R.Arifoğlu qeyd edib ki, Azərbaycan Milli Mətbuatının 140 illik
yubileyi münasibəti ilə keçirilən görüş hazırda davam edir. Baş
redaktor görüşdən fotolar da paylaşıb.
***
Prezident İlham Əliyevin jurnalistlərlə görüşü başa çatıb. Rauf
Arifoğlu Feysbuk sosial şəbəkəsində bu barədə məlumat verərək qeyd
edib ki, Prezident 4 jurnalistin mükafatını şəxsən təqdim edib.
Sözügedən jurnalistlər Rauf Arifoğlu, Vüqar Səfərli, Əflatun Amaşov
və Azər Həsrətdir.
12:00
İyulun 21-də Prezident İlham Əliyev milli mətbuatın
yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri
ilə görüşüb.
Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli
mövqeyinə görə dövlətimizin başçısına Mətbuat Şurasının xüsusi
mükafatı təqdim olunub.
Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi
münasibətilə jurnalistləri və xalqımızı təbrik etdi, bayram
ərəfəsində bir çox jurnalistlərin orden, medal və fəxri adlarla
təltif olunduğunu dedi. "Biz fəxr edə bilərik ki, milli
mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə
Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət
göstərib", - deyən Prezident İlham Əliyev 1998-ci ildə ulu öndər
Heydər Əliyevin Fərmanı ilə ölkəmizdə senzuranın ləğv edildiyini və
bunun mətbuat tarixində yeni dövr açdığını bildirdi. Bu gün
mətbuatımızın inkişaf baxımından yeni səviyyəyə qalxdığını deyən
dövlətimizin başçısı artıq 12 ildir fəaliyyət göstərən Mətbuat
Şurasının işini yüksək qiymətləndirdi. Ölkədə mətbuatın inkişafı
ilə əlaqədar islahatların uğurla aparıldığını deyən Prezident İlham
Əliyev bildirdi ki, Azərbaycan bundan sonra da demokratiyanın
inkişafı yolu ilə gedəcək. Bu gün ölkəmizdə azad cəmiyyətin
formalaşmasını, cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirən
dövlətimizin başçısı bu məsələdə mətbuatın rolunun əhəmiyyətli
olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev bu gün ölkədə
yüzlərlə qəzet-jurnalın, televiziya kanalının fəaliyyət
göstərdiyini, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü, bunun
təməlində isə xalqımızın maraqlarının dayandığını dedi.
"Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi
narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur", deyən
Prezident İlham Əliyev bildirdi ki, mətbuat hər zaman strateji
maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə
qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi
dönüşün yarandığını deyən dövlətimizin başçısı ölkədəki vəziyyəti,
hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal da
reaksiya verdiyini bildirdi. Prezident İlham Əliyev bundan sonra da
ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal
olmağa çağırdı. Azərbaycanın beynəlxalq mövqeləri ilə bağlı
fikirlərini bölüşən dövlətimizin başçısı xarici mediada ölkəmizə
qarşı aparılan ədalətsiz kampaniyanın ciddi tədbirlər ərəfəsində
daha da əlaqələndirilmiş xarakter aldığını bildirdi, buna səbəb
kimi isə Azərbaycanın müstəqil siyasətini, ölkəmizin uğurlarını
göstərdi. Bildirdi ki, erməni lobbisinin və digər dairələrin
ölkəmizə qarşı apardığı qaralama kampaniyası Azərbaycanın daxili və
xarici siyasətinə heç bir təsir etmir. "Biz yolumuzdan dönməyəcəyik
və ölkəmizi uğurla inkişaf etdirəcəyik", deyən dövlətimizin başçısı
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində ciddi tədbirlərin görüldüyünü və bu sahədə medianın
rolunun artırılmasının vacibliyini bildirdi.
"Xalqımız vahid və milli ideyalar ətrafında birləşib və bu
proses bundan sonra da davam edəcək", - deyən Azərbaycan Prezidenti
bununla bağlı mətbuatın üzərinə böyük vəzifələrin düşdüyünü
xatırlatdı.
Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın
keçdiyi şərəfli yola nəzər saldı, ulu öndər Heydər Əliyevin
medianın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri xatırlatdı.
Dövlətimizin başçısının ölkəmizin inkişafı, cəmiyyətdə
vətənpərvərlik ideyalarının möhkəmlənməsindəki xidmətlərinin media
təmsilçiləri tərəfindən də yüksək qiymətləndirildiyini deyən
Əflatun Amaşov milli mətbuatın yaradılmasının 140 illiyi ərəfəsində
media təmsilçilərinin bir qrupunun fəxri adlarla təltif olunmasına
görə jurnalistlər adından dövlətimizin başçısına minnətdarlıq
etdi.
Əflatun Amaşov Azərbaycanın milli maraqlarının qorunmasındakı
qətiyyətli mövqeyinə görə Prezident İlham Əliyevin Mətbuat
Şurasının xüsusi mükafatı ilə təltif olunduğunu dedi və mükafatı
dövlətimizin başçısına təqdim etdi.
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Akif Aşırlı və Umud
Rəhimoğlu da Azərbaycan mətbuatının inkişafına göstərdiyi diqqət və
qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Dövlətimizin başçısı çıxışlarda səslənən təkliflərə baxılacağını
və medianın inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam
etdiriləcəyini diqqətə çatdırdı.
Daha sonra Prezident İlham Əliyev milli mətbuatın 140 illiyi
münasibətilə imzaladığı Sərəncama əsasən Mətbuat Şurasının fəxri ad
alan üzvlərinə mükafatları təqdim etdi.