Yuxarı

İlham Əliyev: "Biz bununla fəxr edə bilərik"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev: "Biz bununla fəxr edə bilərik"

Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Milli Mətbuatın 140 illik yubileyi ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edərkən bildirib. Prezident bir çox mühüm məsələlərə də toxunub:

Sizi və bütün Azərbaycan xalqını Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bu gözəl bayram ərəfəsində jurnalistlərin böyük bir qrupu – 200-ə yaxın mətbuat işçisi mənim sərəncamlarımla orden, medal və fəxri adlarla təltif olundu. Onları da təbrik edirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Doğrudan da böyük əlamətdar bir tarixdir. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə biz sizinlə dəfələrlə danışmışıq, - xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır.

Bu gün Azərbaycan mətbuatı, deyə bilərəm ki, yeni səviyyəyə qalxa bilmişdir. Mən burada ilk növbədə, Mətbuat Şurasının fəaliyyətini qeyd etmək istəyirəm. Artıq 12 ildir ki, Mətbuat Şurası fəaliyyət göstərir. Mətbuat Şurasının fəaliyyətini həm Azərbaycan jurnalistləri, eyni zamanda, Azərbaycan ictimaiyyəti də görür və hesab edirəm ki, yüksək qiymətləndirir. Çünki Şura yaranana qədər Azərbaycan mətbuatında gedən proseslər, deyə bilərəm, imkan vermirdi ki, mətbuat tam müstəqil mətbuat kimi fəaliyyət göstərsin. Azərbaycan mətbuatının keçid dövrü o illərdə olmuşdur. Mətbuat Şurası isə böyük funksiyanı öz üzərinə götürmüşdü. İlk növbədə, jurnalistlərin hüquqlarını qorumağa başlamışdır. Hesab edirəm ki, bu istiqamətdə böyük nailiyyətlərə çata bilmişdir. Zənnimcə, məhz buna görə, bu gün jurnalistlərimizin mütləq əksəriyyəti Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirir. Eyni zamanda, Mətbuat Şurası iqtidarla mətbuat arasında bir körpü idi. Mətbuat Şurası bu funksiyanı bu gün də uğurla icra edir.

Bununla bərabər, hesab edirəm ki, bugünkü mətbuatımızın yüksək səviyyəyə qalxmasında Mətbuat Şurasının çox böyük rolu olmuşdur. Çünki bu, fikrimcə, sadəcə olaraq mətbuatla bağlı olan məsələ deyil. Bu, ümumiyyətlə, cəmiyyətimizin inkişafı ilə bağlı olan məsələdir. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində Azərbaycan mətbuatında bəzən gedən yazılar bizim nə əxlaq normalarımıza, nə milli dəyərlərimizə sığmırdı. Bu da yəqin ki, keçid dövrünün bir əlaməti idi. Çünki azad mətbuat yaranmışdı və senzura ləğv edilmişdi. Bəzi hallarda təhqirlərə, yalanlara rast gəlinirdi.

Hesab edirəm ki, Mətbuat Şurasının bu sahədəki fəaliyyəti bütün cəmiyyət üçün çox dəyərli olmuşdur. Bu gün belə hallara çox az-az rast gəlinir. Hesab edirəm ki, biz gələcəkdə, ümumiyyətlə, milli dəyərlərimizə, adət-ənənələrimizə, cəmiyyətdə əsrlər boyu formalaşmış davranış qaydalarına xas olmayan yazılara rast gəlməyəcəyik.

Ona görə, mən bir daha öz fikrimi bildirmək istəyirəm. Demək istəyirəm ki, Mətbuat Şurasının çox böyük funksiyası var. Mən bunu yüksək qiymətləndirirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

O ki qaldı dövlət siyasətinə, hesab edirəm ki, bunu jurnalistlər yaxşı bilir, görür. Bizim siyasətimiz istənilən sahədə səmimidir və birmənalıdır. Azərbaycan cəmiyyəti bizim siyasətimizlə bağlı fikirləri vaxtaşırı təbii ki, eşidir. Bizim hər bir məsələ ilə bağlı mütəmadi qaydada konkret yanaşmamız var. Hesab edirəm ki, istər siyasi və iqtisadi islahatlarla, beynəlxalq məsələlərlə, ölkə daxilində gedən proseslərlə, o cümlədən mətbuatın inkişafı ilə bağlı Azərbaycan iqtidarının mövqeyi cəmiyyət üçün artıq bəllidir.

Mən tam əminəm ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin.

Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur.

Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir.

Bir daha demək istəyirəm ki, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Bir daha demək istəyirəm, həm jurnalistlər bunu bilsinlər, həm bizim ictimaiyyət də bir daha Azərbaycanın rəsmi mövqeyini eşitsin ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər.

Əlbəttə, siyasi islahatlar iqtisadi islahatlarla da dəstəklənməlidir. Çünki əks təqdirdə uğurlarımız yarımçıq olar. Bildiyiniz kimi, iqtisadi sahədə də islahatlar aparılır. Bu gün bütün dünyada, bölgədə yaşanan böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, insanların rifah halı yaxşılaşır və Azərbaycan öz taleyini özü müəyyən edir. Hesab edirəm ki, bu, bizim ən böyük sərvətimizdir. Müstəqillik dövründə biz sözün əsl mənasında müstəqil siyasət aparırıq. Bu siyasətin mərkəzində Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının maraqlarıdır. Bu maraqlar bizim üçün hər şeydən üstündür. Həmçinin milli dəyərlərimiz də bizim üçün hər şeydən üstündür.

Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.

Müstəqilliyimizin ilk illərində bizə bəzən elə gəlirdi ki, Qərbdə mövcud olan hər bir sahə gərək Azərbaycanda da tətbiq olunsun. Bizim təsəvvürümüz belə idi ki, ən mütərəqqi təcrübə oradadır, ən azad cəmiyyət orada formalaşıbdır. Ancaq illər keçdikcə biz görürük ki, heç də hər zaman belə deyil. O cümlədən yəqin ki, mətbuatla bağlı olan fikirlər indi sizdə də, məndə də var. Görürük ki, Qərb ölkələrində hər hansı bir vacib mövzu ilə bağlı mətbuatda fikir ayrılığı yoxdur. Əksinə, hər hansı bir alternativ fikri tapmaq çox çətin olur. Biz bunu istər ölkələrin daxili siyasəti ilə, daha çox isə xarici siyasətlə bağlı əyani şəkildə görürük. Qərb mediası Qərbin siyasi maraqlarını maksimum dərəcədə müdafiə edir. Əlbəttə ki, bu, təqdirəlayiq bir haldır. Baxmayaraq ki, bu, azad mətbuatın tam şəkildə təzahürü deyil. Ancaq ölkələrin, yaxud da ki, təşkilatların maraqlarını təmin etmək üçün bu, əlbəttə, təqdirəlayiq bir haldır. Bizdə də elə olmalıdır və hesab edirəm ki, biz də bu yolla gedirik. Çünki cəmiyyətimiz milli ideyalar, milli, strateji maraqlar ətrafında birləşib. Cəmiyyətdə bizim strateji seçimimizlə, ölkəni narahat edən əsas problemlərlə bağlı fikir ayrılığı yoxdur. Bizim mətbuatımız da əlbəttə ki, ilk növbədə, dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır. Mən hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq.

Əlbəttə, bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir. Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə ölçü götürülməlidir. Ona görə, sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Bu, belə də olmalıdır, çünki ölkədə həllini gözləyən problemlər hələ ki, çoxdur. Bir çox məsələlər öz həllini tapıbdır. Ancaq hələ ki, həm siyasi islahatlarla, iqtisadi inkişafla bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, xüsusilə, idarəetmə sistemində islahatlar daha da dərinləşməlidir.

Tarix
2015.07.22 / 01:25
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla