Ölkədə sosial ədalətsizlik halları var. Məmur
özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya,
rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var.
Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir.
Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da
böyük pozuntular törədəcək.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Milli
Mətbuatın 140 illik yubileyi ilə bağlı Mətbuat Şurası İdarə
Heyətinin üzvlərini qəbul edərkən etdiyi çıxışda deyib. Prezident
vurğulayıb ki, mətbuatın bu məsələlərdə nadir rolu var:
"Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş
edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz
ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki,
heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq.
Son vaxtlar Bakının hər hansı bir yerində əgər bir ağac
kəsilirsə dərhal qəzetlərdə, internet saytlarında bu barədə məlumat
gedir. Dərhal reaksiya verilir və ölçü götürülür. Digər sahələrdə
də həmçinin. Mən dəfələrlə həm iş adamlarına, həm, ümumiyyətlə,
vətəndaşlara müraciət etmişəm ki, əgər hər hansı bir ədalətsizlik,
qanun pozuntusu, özbaşınalıq baş verirsə, dərhal reaksiya verin.
İndi bu reaksiyanı vermək üçün kifayət qədər imkanlar var.
Azərbaycanda internet şəbəkəsi geniş yayılıb. Əhalinin 75 faizi
internet istifadəçisidir. Biz indi hər bir yaşayış məntəqəsinə
genişzolaqlı internetin çəkilişini təmin etməyə çalışırıq.
Ona görə, mən bir daha qeyd etmək istəyirəm ki, bu sahədə hələ
görüləsi işlər çoxdur. Şəxsən mənim üçün mətbuat burada çox gözəl
dəstəkçi rolunu oynayır. Əminəm ki, gələcəkdə biz bu əməkdaşlığı
davam etdirəcəyik.
Mən burada Azərbaycanın beynəlxalq mövqeləri haqqında məsələyə
də toxunmaq istəyirəm. Əlbəttə, dövlət öz siyasətini aparır. Bizim
beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Bizimlə əməkdaşlıq
etmək istəyən ölkələrin sayı getdikcə artır və beynəlxalq aləmdə
Azərbaycanın çox gözəl nüfuzu vardır. Əgər belə olmasaydı bir neçə
il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsiz Şurasına
qeyri-daimi üzv seçməzdi.
Bununla bərabər, siz onu da yaxşı görür və bilirsiniz ki,
Azərbaycana qarşı beynəlxalq mediada ədalətsiz kampaniya aparılır.
Bu kampaniya ona görə ədalətsizdir ki, ikili standartlar əsasında
qurulubdur. Hər bir ölkədə qüsurlar, çatışmayan cəhətlər və sair
var. Biz özümüz onları yaxşı bilirik və həll etməyə çalışırıq.
Ancaq ümumi regional kontekstdən Azərbaycanı seçib hədəfə çevirmək,
əlbəttə ki, ikili standartlar və anti-Azərbaycan siyasətinin
əlamətidir. Xüsusilə, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu
kampaniya daha da ciddi formalar alır və bizə qarşı
əlaqələndirilmiş şəkildə hücumlar təşkil edilir. Biz bunu Avropa
Oyunları ərəfəsində bir daha gördük və bu, mənim üçün sürpriz
deyildi. Əksinə, bu, belə olmasaydı mənim üçün sürpriz ola bilərdi.
Bunun müxtəlif səbəbləri var. Siz də bunları yaxşı bilirsiniz. Həm
Azərbaycanın müstəqil siyasəti, Azərbaycanın uğurları, Qərbdə
islamofobiya meyillərinin gücləndirilməsi. Ümumiyyətlə, hər bir
ölkənin yerinin müəyyən edilməsi siyasəti var. Elə bil ki, kimsə
burada bu ölkələrin reytinqini, yaxud da, tutduğu yerləri müəyyən
etməyə çalışır.
Erməni lobbisinin bizə qarşı fəaliyyəti. Əlbəttə, bu da öz
rolunu oynayır, çünki bir çox hallarda Azərbaycana qarşı yazılan
məqalələrin arxasında biz uzun erməni qulaqlarını görürük və onlar
bizi hədəf seçiblər. Dünya erməniliyi üçün bir nömrəli hədəf
Azərbaycandır. Mən bunu bir dəfə demişəm, bir daha demək istəyirəm
ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Mən bunu istənilən
auditoriyada deyə və sübut edə bilərəm. Bu, erməni xalqına aid
deyil. Erməni xalqı özü kriminal diktatura rejimindən əziyyət
çəkir. Bu rejim erməni xalqını elə pis vəziyyətə qoyub ki, o
vəziyyətdən çıxmaq üçün bəlkə 100 il vaxt lazım olacaq. Ancaq
erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı
qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz
çalışırlar. Onların geniş maliyyə imkanları, əlaqələri var. Onlar
yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar,
qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara
pullar verirlər. Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir. Ancaq
bu, əslində rüşvət deməkdir. Beləliklə, bizə qarşı təşkil edilmiş
kampaniyada erməni lobbisi ön plandadır. Ancaq bunlarla birləşən
digər kateqoriyadan olan qurumlar, insanlar bizə qarşı çox çirkin
kampaniya aparırlar. Yəqin ki, gələcəkdə bu, davam edəcəkdir. Biz
buna hazır olmalıyıq və hazırıq.
Onu da qeyd etməliyəm ki, bu kampaniya Azərbaycanın daxili və
xarici siyasətinə heç bir təsir etməmişdir və heç vaxt
etməyəcəkdir. Çünki bizim siyasətimizin mənbəyi Azərbaycan
xalqıdır, onun iradəsidir və onun maraqlarıdır. Bu gün Azərbaycan
siyasəti xalqın iradəsinə söykənir. İstər daxili, istər xarici
siyasət məsələlərində əsas amil budur.
Əlbəttə ki, biz öz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla
inkişaf etdirəcəyik. Ancaq ona da hazır olmalıyıq ki, biz bundan
sonra da müxtəlif xarici mətbu orqanlarda Azərbaycanla bağlı
təhqiramiz, yalan, böhtan əsasında yazılmış məqalələrlə
üzləşəcəyik.
Nə etməli? İlk növbədə, biz Azərbaycan həqiqətlərini dünyaya
çatdırmalıyıq. Bu gün bu istiqamətdə fəal iş gedir. Həm dövlət
orqanları, həm Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar,
həm də bizim mediamız bu sahədə böyük işlər görürlər. Mən hesab
edirəm ki, gələcəkdə xarici dillərdə internet saytlarının sayı daha
da çox olmalıdır. Bu gün bu saytlar var və biz onların sayını
artırmalıyıq. Hesab edirəm ki, Azərbaycanın ən reytinqli internet
saytlarının mütləq başqa dillərdə də variantları olmalıdır. Çünki
biz ölkə daxilindəki problemləri, əlbəttə ki, aşkar edirik,
görürük, həll etməyə çalışırıq. Ancaq biz Azərbaycan həqiqətlərini
dünyaya çatdırmalıyıq. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı
nailiyyətləri var? Dünya xəzinəsinə hansı töhfələr veribdir? Bu
istiqamətdə hələ görüləsi işlər çoxdur. Burada əlbəttə ki, dövlət
dəstəyi də olmalıdır və olacaqdır. Xüsusilə internet məkanında daha
da böyük işlər görülməlidir. Çünki getdikcə məlumatı internetdən
əldə edənlərin sayı daha da artacaq.
Biz erməni təbliğatını ifşa etməliyik. Biz dünya ictimaiyyətinə
çatdırmalıyıq ki, bizə qarşı olan hücumların arxasında nələr
dayanır. Bu da çox sadə bir yanaşmadır. Erməni lobbisi nəyə görə
bizə qarşı bu fəaliyyəti aparır? İlk növbədə, düşmənçiliyə görə.
Biz onların əbədi düşmənləriyik. Bunu heç kim heç vaxt yaddan
çıxarmasın. Digər tərəfdən, sübut etməyə çalışırlar ki,
Azərbaycanda demokratiya yoxdur, insan haqları pozulur və
beləliklə, erməni azlığı gələcəkdə Azərbaycanın tərkibində yaşaya
bilməz. Halbuki bu, tam cəfəngiyatdır. Azərbaycan çoxmillətli,
çoxkonfessiyalı ölkədir. Bütün millətlərin, dinlərin nümayəndələri
Azərbaycanda qardaşlıq şəraitində yaşayırlar. Bizim ölkəmizdə nadir
şərait yaradılıbdır və bu, indi bir çox ölkələr üçün nümunə ola
bilər. Ancaq bu təbliğatın və anti-Azərbaycan kampaniyasının
arxasında əsas tezis məhz bundan ibarətdir. Yenə də Qarabağ
mövzusudur, Dağlıq Qarabağ münaqişəsidir. Ona görə, biz Azərbaycanı
dünya media məkanına müasir, inkişafda olan, açıq, tolerant ölkə
kimi təqdim etməliyik. Bununla bərabər, biz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm
Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş
işıqlandırmalıyıq. Çünki Ermənistan daim çalışır ki, mahiyyətlə
bağlı məlumatlar heç yerə çıxmasın. Bəli, deyirlər münaqişə var,
gəlin bunu sülh yolu ilə həll edək. Amma münaqişə necə yaranıb?
Bunun səbəbləri nədir? İşğalçı kimdir? İşğalın qurbanları
kimlərdir? Yəni, bu barədə əlbəttə ki, onlar və onlarla əlbir olan
xarici media qurumları heç bir məlumat vermirlər. Bu missiya bizim
üzərimizə düşür və həm özümüz bunu etməliyik. Xarici media
resursları ilə bizim daha sıx əlaqələrimiz olmalıdır. Bilirəm ki,
indi xarici jurnalistlər Azərbaycana vaxtaşırı səfərlər edirlər.
Həmçinin erməni təbliğatı nəticəsində Azərbaycan haqqında
formalaşmış qeyri-adekvat rəy də onlar ölkəmizə gələndən sonra
tamamilə aradan götürülür. Ona görə, həm xarici media
nümayəndələrini Azərbaycana dəvət etmək, Azərbaycan
jurnalistlərinin xaricə səfərlərini təşkil etmək vacibdir. Qərbin
aparıcı media qurumları ilə əməkdaşlıq formatı yaradılmalıdır,
məsləhətləşmə, yaxud da ki, sadəcə olaraq informasiya mübadiləsi
aparılmalıdır. Biz bu yolla, ilk növbədə, Dağlıq Qarabağ
münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün
xarici media məkanına daha çox çıxış əldə edə bilərik.
Əlbəttə, bu açıq, yəni, ədalətli mübarizədə bizim
arqumentlərimizə qarşı erməni tərəfi heç bir arqument qoya bilməz.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nəinki Dağlıq Qarabağ,
bugünkü Ermənistan əzəli Azərbaycan torpağıdır. Bunu siz bəlkə də
hamıdan yaxşı bilirsiniz. Bugünkü Ermənistanın ərazisində yerləşən
şəhərlərin, kəndlərin mütləq əksəriyyətinin adları Azərbaycan
mənşəlidir və Azərbaycan xalqı o torpaqlarda əsrlər boyu
yaşamışdır.
Məsələnin hüquqi tərəfi Azərbaycanın mövqeyini birmənalı
dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Postsovet
məkanında olan heç bir başqa münaqişə ilə bağlı BMT Təhlükəsizlik
Şurası heç bir qətnamə qəbul etməmişdir. Yəni, bu, məsələnin həlli
üçün əsas sənəddir. Yəni, hüquqi, tarixi amillər bundan ibarətdir
və bu gün də Ermənistan, sadəcə olaraq, bir marionetka kimi bu
bölgədə xarici ianələr hesabına fəaliyyət göstərir.
Ermənistan dövlət müstəqilliyini çoxdan itiribdir. Ən yaxşı
halda ona forpost deyirlər. Amma əslində o, bölgədə nökərlik edir.
Əgər erməni xalqının seçimi budursa, biz heç nə deyə bilmərik. Amma
inanmıram ki, erməni xalqı müstəqillik arzuları ilə yaşadığı dövrdə
bax bu müstəqilliyi təsəvvür edirdi və bunun səbəbi nədir? İşğalçı
siyasətdir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
olmasaydı, əlbəttə ki, erməni xalqı da real müstəqilliyə qovuşa
bilərdi.
Bir sözlə, hesab edirəm ki, xarici media məkanında bizim
fəaliyyətimiz bax, bu iki istiqamət üzrə aparılmalıdır - münaqişə
ilə bağlı həqiqətlər və Azərbaycan reallıqları ilə bağlı
həqiqətlər. Biz bunları çatdırmalıyıq. Biz istəyirik ki, bizi daha
da yaxşı tanısınlar. Avropa Oyunları zamanı bizə bəziləri irad
tuturdular ki, Azərbaycan bu Oyunları özünü tanıtmaq üçün keçirir.
Burada heç bir qəbahət yoxdur. Hər bir ölkə istəyir ki, özünü
təqdim etsin. İnkişaf etmiş ölkələr istəmirmi? Əlbəttə istəyir.
İstəməsəydilər, onlar da buna bənzər oyunları keçirməzdilər. Bu,
bizim təbii istəyimizdir. Biz istəyirik ki, bizi tanısınlar,
görsünlər necə inkişaf edirik. Görsünlər ki, cəmi 24 il ərzində biz
nələr əldə etmişik, nələr yaratmışıq. Kənardan heç bir yardım
almadan, heç bir himayədar olmadan bunları özümüz yaratmışıq. Hələ
Qarabağ münaqişəsi ola-ola. Ona görə, biz çalışacağıq bundan sonra
da Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilsin.
Azərbaycan təqdimatları keçirilsin ki, xaricdə bizi daha da
yaxından tanısınlar, daha da çox hörmət etsinlər, bizimlə daha da
çox hesablaşsınlar. Belə olan halda, bizim maraqlarımız daha da
böyük dərəcədə təmin ediləcək.
Hesab edirəm ki, bizim cəmiyyətimizdə bu məsələlərlə bağlı çox
müsbət proseslər gedir. Bir daha qeyd etmək istəyirəm ki,
cəmiyyətimiz vahid maraqlar, xalqımız milli ideyalar ətrafında
birləşib. Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da
gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək.
Əlbəttə ki, burada həm iqtidarın üzərinə böyük funksiya, həm də
mətbuatın üzərinə böyük vəzifələr düşür. Qeyd etdiyim kimi, mətbuat
işçiləri bu vəzifələrin öhdəsindən şərəflə gəlirlər. Sizi bir daha
salamlayıram, təbrik edirəm və sizə gələcək uğurlar
arzulayıram".