İyulun 22-də Gülüstan sarayında Azərbaycan milli
mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli
mərasim keçirilib.
Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin
deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri
mərasim dövlət himninin səslənməsi ilə başladı.
Sonra Azərbaycan milli mətbuatının inkişaf tarixi ilə bağlı film
nümayiş olundu.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına
əsasən təltif edilmiş kütləvi informasiya vasitələrinin
nümayəndələrinə dövlət mükafatları təqdim olundu.
Mükafatları Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim etdi.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
kütləvi informasiya vasitələri arasında "Birinci Avropa Oyunlarını
ən geniş və dolğun işıqlandıran KİV" mövzusunda keçirdiyi
müsabiqənin qalibləri mükafatlandırıldı.
Fondun ekspertlərinin apardıqları monitorinqin nəticələrinə
görə, müsabiqədə birinci yerə "Azərbaycan Televiziya və Radio
Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti layiq görülüb. Azərbaycan
Dövlət İnformasiya Agentliyi – AZƏRTAC müsabiqədə ikinci yeri
tutub. "Azad Azərbaycan" Teleradio Kompaniyası da müsabiqədə ikinci
yerə layiq görülüb. Müsabiqədə üçüncü yerləri isə "Azərbaycan"
qəzeti, "Trend" İnformasiya Agentliyi və "APA Holdinq"
tutublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
"Birinci Avropa Oyunları dövründə Azərbaycanın milli maraqlarının
təbliği sahəsində səmərəli fəaliyyətə" görə xüsusi mükafatına isə
"Lider TV və Radio Azərbaycan" MMC, " Xəzər TV" MMC və "Səs" media
qrupu layiq görülüblər.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənova "UBM Group" şirkətinin "Birinci Avropa
Oyunlarına xüsusi informasiya dəstəyinə görə" mükafatı təqdim
olundu. Prezidentin köməkçisinə, həmçinin "Azərbaycanın milli
maraqlarının təbliği sahəsində əldə edilmiş nailiyyətlərə görə"
"Paşabank"ın və "Bakcell" şirkətinin xüsusi mükafatları təqdim
edildi.
Birinci Avropa Oyunlarının informasiya təminatı sahəsində
səmərəli fəaliyyətlərinə görə Prezident Administrasiyasının
ictimai–siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevə və
şöbənin baş məsləhətçisi Ceyran Əmiraslanovaya "UBM Group"
şirkətinin mükafatları təqdim olundu.
Sonra Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının
təqdimatı oldu. Üç dərəcə üzrə təqdim edilən mükafatlar milli
mətbuatımızın inkişafında xidmətləri olan şəxslərə və KİV-lərə
verildi. Ali Media Mükafatının birinci dərəcəsinə "Kaspi" qəzeti
layiq görüldü.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22
iyul – Milli Mətbuat Günü münasibətilə elan etdiyi fərdi jurnalist
yazı müsabiqəsində birinci yeri tutmuş jurnalistlərə mükafatlar
təqdim edildi.
Dövlət orqanlarının xüsusi fəallığı ilə seçilən mətbuat
xidmətlərinin və KİV-lərin rəhbərləri üçün "Bakcell" şirkəti
tərəfindən hazırlanmış mükafatların mərasimdə təqdimatı oldu.
Sonda xatirə şəkili çəkdirildi.
Mərasim konsert proqramı ilə davam etdi.