Avqustun 6-da Qəbələ
şəhərində Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının IX zirvə
toplantısı keçirilib.
APA-nın xəbərinə görə, toplantı iştirakçıları əvvəlcə Heydər
Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan
Ağsaqqallar Şuralarının sədrləri müxtəlif məsələləri müzakirə
ediblər. Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
deputatı Fəttah Heydərov zirvə toplantısında iştirak edənləri
salamlayaraq bildirib ki, türkdilli ölkələrin əməkdaşlığı
istiqamətində atılan addımlar son illərdə daha intensiv xarakter
almaqdadır, bu səpkidə müxtəlif təşəbbüslər reallaşmaqdadır. Qeyd
olunub ki, artıq nəticəsini verən bu təşəbbüslər türkdilli
dövlətlərin müxtəlif sahələr üzrə əməkdaşlığının yeni bir
mərhələsinin başlaması ilə də xarakterizə olunur. Bu istiqamətdə
görülən işlərin, həyata keçirilən tədbirlərin nəticələri və
perspektivdə atılacaq addımların nədən ibarət olacağı türk
dövlətlərinin birgə fəaliyyətinin koordinasiya olunmasında
yaratdıqları müxtəlif təşkilatlar səviyyəsində də daim əsas
müzakirə predmetləri sırasında yer alıb.
Zirvə toplantısında iştirak edən digər ölkələrin nümayəndələri
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri arasında
iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin daha
da inkişaf etdirilməsinin vacib olduğunu bildiriblər.
Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi
Ramil Həsənov, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan
Zakiyev, Qazaxıstan ağsaqqallarının nümayəndəsi, senator Adil
Ahmetov və Türkiyədən olan millət vəkili Mustafa İsen çıxış
ediblər. Zirvə toplantısında Türk Akademiyası tərəfindən orta
məktəblərin 8-ci sinif şagirdləri üçün hazırlanan "Ortaq türk
tarixi" dərslik proqramı, Türk Akademiyası tərəfindən hazırlanan
Türk Dövlətlərinin inteqrasiya konsepsiyası, "Ortaq coğrafiya"
kitabının Türk Akademiyası tərəfindən hazırlanmasına dair
müzakirələr aparılıb. Həmçinin, tədbirdə sentyabrın 11-də
Qazaxıstanda keçiriləcək "İnformasiya və Media İşbirliyi" Türk
Toplusunun 5-ci zirvə toplantısından əvvəl informasiya və media
sahəsini əhatə edən nazirlərin görüşünün keçirilməsi barədə fikir
mübadiləsi aparılıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin
diasporlarının regional mərkəzlərinin ABŞ, Fransa və Almaniyada
qurulması, birgə fəaliyyət göstərmələri və bir mərkəzdən idarə
olunmaları istiqamətində fikir mübadiləsi aparan ağsaqqallar
həmçinin Şuraya üzv ölkələrdə keçiriləcək prezident və parlament
seçkilərində TürkPA-nın missiyası seçki prosesini izləməsi
məsələlərini də müzakirə ediblər. Həmçinin, Zirvə Toplantısında
"Qardaş limanlar"ın 2-ci toplantısının bu il ərzində Bakıda
keçirilməsi, eləcə də Şuraya üzv ölkələr arasında alternativ enerji
və informasiya, kommunikasiya texnologiyaları sahələrində nəzərdə
tutulan yeni işbirliyi layihələri haqqında müzakirələr aparılıb.
Zirvə Toplantısının sonunda nəzərdə tutulan tədbirlər çərçivəsində
quruma üzv olan ölkələr arasında əməkdaşlığın gələcək inkişafı
məsələləri müzakirə olunub.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən
Avrasiyada sülh və sabitliyə töhfə vermək məqsədilə yaradılıb.
Qurumun katibliyi İstanbulda yerləşir.