Nazirlər Kabineti "Jurnalistlərin cəbhəboyu zonada
akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması
Qaydası"nı təsdiq edib.
APA-nın məlumatına görə, bu Qayda jurnalistlərin Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının
Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu
zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri (
KİV) nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin
Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edir.
KİV Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən müəyyən
edilmiş akkreditə qaydasına riayət etməklə öz nümayəndələrini
akkreditə edə bilər. Akkreditə edilmiş jurnalistə qapalı tədbirlər
istisna olmaqla, iclas, müşavirə və digər tədbirlər barədə
əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və
müvafiq sənədlərlə tanış olması üçün şərait yaradılır. Yalnız rəsmi
qeydiyyatdan keçmiş və ya uçota alınmış dövri mətbu nəşrlər,
teleradio yayımçıları, informasiya agentlikləri, internet və digər
yayım formaları, habelə Azərbaycan Respublikasında daimi
nümayəndəliyi olan və ya daimi nümayəndəliyi olmayan və 15 (on beş)
gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri akkreditə
olunurlar. Nümayəndələrinin akkreditə olunması üçün müraciət edən
yerli KİV KİV rəhbərinin rəsmi müraciətini (müraciət rəsmi möhürlə
möhürlənməlidir), təsisçi haqqında məlumatı, akkreditə olunacaq
əməkdaşların tərcümeyi-halını, akkreditə olunacaq əməkdaşların 2
ədəd fotoşəklini (3x4), akkreditə olunacaq əməkdaşların şəxsiyyət
vəsiqələrinin və xidməti vəsiqələrinin surətini, KİV orqanının
ünvanı, əlaqə telefonları, internet saytı, elektron poçt ünvanı,
rəhbərlərinin telefon nömrələri haqqında məlumatı Müdafiə
Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasında daimi
nümayəndəliyi olan xarici KİV isə daimi nümayəndəliyin rəhbərinin
rəsmi müraciətini, Xarici İşlər Nazirliyi tərəfindən verilmiş
akkreditə kartlarını, akkreditə olunacaq əməkdaşların
pasportlarının (bütün vərəqləri daxil olmaqla) və xidməti
vəsiqələrinin surətini, akkreditə olunacaq əməkdaşların 2 ədəd
fotoşəklini (3x4), akkreditə üçün doldurulmuş anket formasını
Müdafiə Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasında daimi
nümayəndəliyi olmayan və 15 (on beş) gün müddətinədək ezam olunmuş
xarici KİV nümayəndələri isə Azərbaycan Respublikasında daimi
nümayəndəliyi olmayan KİV rəhbərinin rəsmi müraciətini, Xarici
İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartlarını, akkreditə
olunacaq əməkdaşların pasportlarının (bütün vərəqləri daxil
olmaqla) və xidməti vəsiqələrinin surəti, akkreditə olunacaq
əməkdaşların 2 ədəd fotoşəklini (3x4), akkreditə üçün doldurulmuş
anket formasını Müdafiə Nazirliyinə təqdim edir. Akkreditasiyanın
müddəti 1 ildir.
Qaydaya əsasən, KİV əməkdaşlarının akkreditə olunacaq sayları ilə
əlaqədar hədlər də müəyyənləşdirilib. Televiziya - 2 çəkiliş qrupu
(jurnalist, operator və texniki işçi), radio - 2 jurnalist,
informasiya agentliyi - 2 jurnalist və 2 fotoqraf, dövri mətbu nəşr
- 2 jurnalist və 2 fotoqraf, internet informasiya ehtiyatı - 1
jurnalist, digər yayım formaları - 1 jurnalist akkreditə etdirə
bilər. Akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu
gündən 15 gündən artıq olmamaq şərtilə Müdafiə Nazirliyində
baxılır. Müraciətə baxılarkən 7 gün müddətində Milli Təhlükəsizlik
Nazirliyindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul
edilir. Akkreditə olunmuş jurnalistlərə akkreditə kartları
verilir.
Akkreditasiya hər ilin dekabr ayında həyata keçirilir. KİV-in
müraciətinə əsasən, akkreditəolunma ilin digər vaxtlarında da
keçirilə bilər. Dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və
ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar,
kütləvi iğtişaşlara çağırışlar, habelə pornoqrafik materiallar dərc
etdikdə (efirə verdikdə), milli, dini, dil, irqi, sosial
ədalətsizliyi, yaxud dözülməzliyi təbliğ etdikdə, mötəbər mənbə adı
altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, habelə
akkreditə edən təşkilatın şərəf və ləyaqətini ləkələyən, yaxud onun
haqqında yalan və qərəzli yazılar, təhrif olunmuş və ya həqiqətə
uyğun olmayan məlumatlar yaydıqda və bu məhkəmənin qanuni qüvvəyə
minmiş qətnaməsi ilə təsdiq edildikdə, KİV məhkəmənin qərarı ilə
qərəzli yazılara görə son 1 il məsuliyyətə cəlb olunduqda, "Dövlət
sirri haqqında" qanununun tələblərini yerinə yetirmədikdə, əcnəbi
və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş
redaktoru) vəzifəsinə təyin edildikdə, kütləvi informasiya
azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə son 1 il
müddətində inzibati məsuliyyətə cəlb edildikdə, KİV-in xarici
ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən
qanunazidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə, bunlar
akkreditədən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin nizamnamələrinin tələblərini pozduqda,
nümayəndənin akkreditə edilmiş KİV-lə olan əmək münasibətlərinə
xitam verildikdə, KİV-in fəaliyyəti dayandırıldıqda və ya xitam
verildikdə KİV nümayəndələrinin akkreditəsi ləğv olunur.
Akkreditə edilmiş KİV nümayəndələrinin cəbhəboyu zonaya ezam
edilməsi üçün müvafiq KİV rəhbəri Müdafiə Nazirliyinə hər ezamiyyət
üçün ayrıca yazılı müraciət edir. Müraciətlərə 5 gün müddətində
baxılır. Müdafiə Nazirliyi jurnalistlərin cəbhəboyu zonaya xidməti
ezamiyyətlərini öz təşəbbüsü ilə də təşkil edə bilər. Müdafiə
Nazirliyi tərəfindən KİV nümayəndəsinin ezam olunmasına icazə
verilməsi barədə qərar qəbul edildikdən sonra KİV orqanı ilə
səfərin tarixi, mövzusu, ezam olunacaq nümayəndənin soyadı, adı və
atasının adı, əlaqə telefonları və digər məlumatlar bir daha
dəqiqləşdirilir. KİV nümayəndəsi Müdafiə Nazirliyinin akkreditə
kartı və icazə məktubu əsasında cəbhəboyu zonaya buraxılır. KİV
nümayəndələri hərbi hissənin səlahiyyətli şəxsinin müşayiəti ilə
hərbi hissə komandiri (rəis) tərəfindən qəbul edilir. Komandir
(rəis) komanda üzrə aidiyyəti olan şəxsləri məlumatlandırıb onların
jurnalistlərlə görüşünü təşkil edir və foto-video çəkilişlərinin
aparılması üçün lazımi şəraitin yaradılması ilə əlaqədar
tapşırıqlar verir. Komandir (rəis) çəkilişlər zamanı hərbi sahədə
dövlət sirri təşkil edən məlumatların, o cümlədən hərbi hissənin
nömrəsi, təyinatı, dislokasiya yeri, hərbi texnikanın bort nömrəsi,
dövlət qeydiyyat nişanları, sayı, müdafiənin ön xəttindəki
səngərlər və qarşı tərəfin mövqeləri, məxfi xəritələr, ərazinin
maketi, vəzifəli şəxslər haqqında fərdi məlumatların və digər
həssas informasiyanın yayılmasının yolverilməzliyini KİV
nümayəndələrinin diqqətinə çatdırır. Bu tələbləri pozan KİV
nümayəndələrinin xidməti ezamiyyətləri dayandırılır, onların
cəbhəboyu zonanı tərk etməsi təşkil olunur və akkreditəsi ləğv
edilir.