Azərbaycanda vətəndaş
cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz və məlumat azadlığı
təmin olunub, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və
kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait
yaradılıb.
Bu gün ölkəmizdə onlarca siyasi partiya, yüzlərlə QHT, media
orqanı sərbəst şəkildə fəaliyyət göstərir, internet azadlığı
respublikamızın hər qarışında təmin edilib. Bu baxımdan Azərbaycan
dövləti demokratik prinsiplərin stimullaşdırılması, vətəndaş
cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların
fəaliyyətinin faydalı məcrada irəliləməsi istiqamətində uğurlu,
düşünülmüş siyasət həyata keçirir. Lakin əvəzində nə görürük? Bütün
bu inkişaf göstəricilərinin əksinə olaraq, Qərbin Azərbaycana qarşı
qərəz püskürməsini, ölkəmizin əleyhinə ədalətsiz bəyanatlar,
qətnamələr qəbul etməsini.
Tarixdən də bəllidir ki, Şərq xalqlarına ağalıq etmək iddiası
bir sıra Qərb ölkələrinin həmişəlik arzusu olmuşdur. Bəzi Qərb
liderləri, xüsusilə, Yaxın Şərqə, Cənubi Qafqaza xüsusi maraq
göstərir, burada yaşayan xalqların maddi və mədəni sərvətlərini
təsir altına almağa çalışırlar. Yaxın Şərqin, Şimali Afrikanın
bugünkü durumuna nəzər salsaq, son bir neçə ildə ərəb ölkələrində
baş verən proseslərdə Qərbin xüsusi təyinalı institutlarının
"barmağı"nı görməmək mümkün deyil. Belə yanlış siyasətin Ərəb
Şərqində hansı fəlakətlərə gətirib çıxardığı göz önündədir. Yüz
minlərlə insan həlak olub, yurd-yuvasından qaçqın-köçkün düşüb,
şəhərlər, qiymətsiz tarixi abidələr xarabalığa çevrilib, insanlar
səfalətlə, humanitar fəlakətlə üzləşiblər. Nəticədə bu gün dünyanın
ən böyük problemlərindən biri qaçqınlar məsələsi yaranıb. Bütün bu
faktlar ola-ola, Ermənistanın ölkəmizə qarşı işğalçılıq,
separatizm, terror siyasətini görməmək və əvəzində işğala məruz
qalmış Azərbaycan əleyhinə qətnamə qəbul etmək hansı təfəkkürün
məhsuludur?
Şübhəsiz ki, Azərbaycanın müstəqil siyasəti və əldə etdiyi
nəzərəçarpacaq uğurlar Avropadakı, ABŞ-dakı bəzi islamofob,
ermənipərəst dairələri hiddətləndirir. Onlar Azərbaycanın
inkişafını sadəcə həzm edə bilmirlər. Müsəlman ölkələri arasında öz
siyasi-iqtisadi dəsti-xətti olan bir ölkə kimi Azərbaycanın
uğurlarını qəbul etmək istəmirlər. Azərbaycan və Türkiyə
qardaşlığını həzm edə bilmirlər. Regionda separatçı bir dövləti
bəsləməklə münaqişə balansını qorumaq və ölkələri özlərindən asılı
vəziyyətə salmaq məqsədi güdürlər. Əlbəttə, Azərbaycan dövləti bu
tələləri görür və nəticə çıxarır. Məhz buna görə də antiazərbaycan
dairələr güclərini birləşdirirlər.
Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində qəbul
olunmuş növbəti qətnamə də bu qurumun rəhbərliyinin və oradakı
məlum qrupun ölkəmizin beynəlxalq nüfuzuna yenidən zərbə vurmaq
cəhdi kimi qiymətləndirilməlidir. Ailə-məişət zəminində baş verən
hadisədə Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarları
siyasiləşdirərək, divident qazanmaq istəyi Avropa Parlamentinə heç
də uğur vəd etmir. Normal təfəkkür sahibi olan parlamentari bu cür
absurd məsələlərdən ötrü suveren bir ölkəyə qarşı qətnamə qəbul
etmənin tərəfdarı ola bilməz. Bu, yalnız həmin parlamentarinin
hansısa lobbinin tərkib hissəsi olduğu və həmin qurumun
neomüstəmləkəçi maraqları fonunda bunu edə bilər. Avropa
Parlamentinin Azərbaycana qarşı bu cür ədalətsiz və absurd
qətnamələrində həmin neomüstəmləkəçi və erməni lobbiçiliyinin
izlərini görmək mümkündür. Lakin onlar bir şeyi bilməlidirlər ki,
bununla ölkəmizə təsir etmək cəhdi baş tutmayacaq və bu işdə, hər
dəfə olduğu kimi, uduzan tərəf Qərbin həmin dairələri
olacaqdır.
Azərbaycan Prezidenti Çexiya Prezidenti ilə keçirdiyi birgə
mətbuat konfransında bu məsələni şərh edərkən haqlı olaraq
bildirdi: "Bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli
münasibət üzərində qurulmuş bir siyasi təxribatdır. Biz bilirik ki,
bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl
dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər,
bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki,
inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant,
multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən
salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə
zidd bir rəy yaratsınlar. Burada, əlbəttə ki, biz erməni lobbisinin
rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq
hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə
erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar, pis
olmaz".
Bəli, dövlət başçımız haqlıdır. Lobbiçiliyin, imperialist
maraqların əsirinə çevrilmiş bəzi Avropa siyasətçilərinin
əlaltıları bu qətnaməni Azərbaycana qarşı qəbul ediblər. Amma yaxşı
olar ki, Avropa Parlamenti birbaşa müdaxilə və hərbi təcavüz
nəticəsində vətəndaş qarşıdurmalarının mərkəzinə çevrilmiş Yaxın
Şərq və Şimali Afrikanın milyonlarla vətəndaşının aqibətini
düşünsün. Bu gün həmin ölkələrin iqtisadiyyatının çökməsi və milli
sərvətlərinin talan edilməsində iştirak edən, yüz minlərlə insanın
öz ölkəsini tərk etmək məcburiyyətində qalmasına səbəbkar olan bəzi
Qərb liderlərinə və ya despotizmin, diktaturanın, kriminallığın,
narkoticarətin baş alıb getdiyi Ermənistan rəhbərliyinə qarşı
sanksiyaların tətbiq edilməsi daha məntiqli və ədalətli olardı,
nəinki sürətlə inkişaf edən Azərbaycana. Avropa Parlamenti Avropa
İttifaqı məkanında dini və irqi ayrı-seçkilik, faşizm və
ksenofobiya kimi halların qarşısını almalı, media nümayəndələrinin,
QHT fəallarının hüquqlarının pozulmasını araşdırmalı və
günahkarların cəzalandırılmasını tələb etməlidir, öz tolerant
mühiti ilə bütün siyasi-mədəni ekspertlərin diqqətini cəlb edən
Azərbaycana qarşı qərəz-kin püskürməməlidir. Avropa Parlamenti
Avropa İttifaqı ölkələrində milyardlarla avro vəsaitin müxtəlif
vasitələrlə mənimsənilməsi hallarına qiymət verməli və bu
özbaşınalığa qarşı etiraz edən vətəndaşların səslərinin
susdurulmasına, etiraz aksiyalarının qəddarcasına dağıdılmasına
göstəriş verən məmurların hüquqi məsuliyyətə cəlb edilməsinə nail
olmalıdır.
Bu günlərdə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker
Strasburqda avroparlamentarilər qarşısında çıxışı zamanı baş verən
bir insidentlə bağlı istehza ilə demişdi ki, Avropa Parlamentinə
hər cür adam düşə bilər. Onun fikrini inkişaf etdirərək bildirmək
istərdim ki, Avropa Parlamenti həm də hər cür absurd və gülünc
qətnamə qəbul edə bilər. Bu qurumun təcrübəsində belə hallar
dəfələrlə olub və Azərbaycanla bağlı qəbul olunmuş sonuncu qətnamə
də bir daha bunu təsdiq edir. Yaxşı ki, Avropada vicdanını
itirməyən belə siyasətçilər də var. Əks-halda Avropa xalqlarının
taleyi necə olardı?!
Bundan əlavə, Avropa Demokratiya və İnsan Haqları Fondunun
Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli
qətnaməyə qəti etiraz bildirməsi də diqqətçəkən məqamlardandır.
Fond bildirir ki, AP-nin qətnaməsində Azərbaycanla bağlı irəli
sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığı,
subyektiv və qərəzli xarakter daşıdığı açıq-aydın göstərilir. Eyni
zamanda, qətnamədə ayrı-ayrı halların qərəzli şəkildə təqdim
olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun
hazırlanma metodologiyasının qüsurlu olduğu bildirilir. Etirazda
bildirilir ki, qətnamənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
Azərbaycana nümayəndə heyəti göndərməsini təklif etməsi ancaq
münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması, bir milyondan
artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan
hüquqlarından məhrum olunması barədə Avropa Parlamentinin bir cümlə
belə qeyd etmədiyi ciddi narahatlıq doğurur.
Avropa Demokratiya və İnsan Haqları Fondunun etirazında
Azərbaycan dövlətinin milli maraqlarına cavab verən konstruktiv
təklif və tövsiyələrə həmişə açıq olduğu göstərilir. Bu səbəbdən
Avropa Parlamentinin müstəqil və suveren dövlətin daxili işlərinə
qarışmasını, ona qarşı təzyiq məqsədilə qəbul olunmuş hər hansı
sənədi qəti şəkildə qəbul etmir. Avropada demokratiyanın
dayaqlarından biri kimi tanınan Avropa Parlamentinin belə
gözlənilməz və anlaşılmaz addım atması bütövlükdə regionda və
dünyada demokratik dəyərlərə və ədalət prinsiplərə vurulan
zərbədir. Avropa Demokratiya və İnsan Haqları Fondu Avropa
strukturlarını Azərbaycana qarşı ikili standartlardan əl çəkməyə və
beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırır.
Göründüyü kimi, Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz
qətnaməsi Avropanın özündə belə mütərəqqi qurumların etirazına
səbəb olmuş, ölkəmizə qarşı haqsızlıq edilməsi qınanmışdır. Bu cür
qeyri-obyektiv bəyanatın arxasında dayanan antiazərbaycan
kampaniyası öz hədəflərinə çatmayacaq, Azərbaycan ənənəvi
müttəfiqləri və tərəfdaşları ilə əlaqələrini daha da inkişaf
etdirəcək və yeni tərəfdaşlar qazanmaqda davam edəcək.
"Xalq qəzeti"